ƏLYAZMALAR İNSTİTUTUNDA 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNDA 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

27.09.22. Oxunma sayı: 89 TƏDBİRLƏR
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” sərəncamına əsasən, 27 sentyabr – Anım günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə ilk öncə Vətən müharibəsində və ümumiyyətlə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş nitqi ilə açan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməsinə çevirdiklərini, onların əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini qeyd edib. Bildirib ki, Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.
Daha sonra söz məruzəçilərə verilib. Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Yusif surətli, dəmir səsli qəhrəman” adlı məruzə ilə çıxış edərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllimi olduğu, Füzuli döyüşləri zamanı şəhid olan, şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kapitan Ceyhun Həsənovdan, onunla bağlı xatirələrdən danışıb, qəhrəmanın adının əbədiləşdirilməsi üçün atılan bir sıra mühüm addımlardan söhbət açıb.
Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilova “Onlar Vətən uğrunda canlarını fəda etdi” adlı məruzəsində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başlanan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimiz barədə məlumat verib.
İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı “Namümkünü mümkünə çevirən cəsur ürək sahibləri” adlı məruzə ilə çıxış edərək işğal altında olan torpaqların qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmasından, xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində qalibiyyətindən söz açıb. Bildirib ki, onun müəllim kimi çalışdığı təhsil müəssisəsinin məzunları arasında da 44 günlük müharibənin qəhrəmanları var.
Anım mərasimində həmçinin İnstitutun Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Tahirə Əliyeva və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev məruzələr ətrafında çıxış edib, Azərbaycan xalqı və dövlət başçısının hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərib, xatirəsini uca tutduğunu vurğulayıblar. Bildiriblər ki, institut əməkdaşları da zaman-zaman mətbuatda dərc etdirdiyi yazılarında və nəşr etdirdiyi vətənpərvər ruhlu kitablarında şanlı zəfər tariximizi daim təbliğ edirlər.


OXŞAR XƏBƏRLƏR:

23.11.21 “NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
25.12.20 NAXÇIVANDA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN YARADILMASININ 70 İLLİYİ QEYD EDİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla