ƏLYAZMALAR İNSTİTUTUNDA MİLLİ MƏTBUAT GÜNÜ VƏ HƏSƏN BƏY ZƏRDABİNİN 180 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNDA MİLLİ MƏTBUAT GÜNÜ VƏ HƏSƏN BƏY ZƏRDABİNİN 180 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

22.07.22. Oxunma sayı: 116 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və İctimaiyyətlə əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə “Mətbuat tariximizə gedən yol, yaxud Həsən bəy Zərdabi – 180” mövzusunda elmi sessiya keçirilib. Tədbir “22 iyul – Milli Mətbuat Günü” və təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin 180 illik yubileyinə həsr olunub.
Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov açaraq tədbir iştirakçılarını salamlayıb, çıxışında görkəmli maarifçi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, onun “Əkinçi” qəzetinə qədərki fəaliyyətindən bəhs edib. Elmi sessiya məruzələrin dinlənilməsi ilə davam edib.
Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Esmira Cavadova “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” adlı məruzə ilə çıxış edərək Zərdabinin dünyagörüşündə əxlaq və etika məsələlərinin mühüm yerlərdən birini tutduğunu qeyd edib. Bildirib ki, onun əsərlərində cəmiyyətdə mövcud olan, bir-biri ilə təzad təşkil edən sifətlər müqayisəli şəkildə qarşı-qarşıya qoyulur.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Həsən bəy Zərdabi arxivindən məktublar” mövzusunda məruzə ilə çıxış edərək görkəmli maarifçinin arxivində mühafizə olunan məktubların bir çoxunun XIX-XX əsrdə Şərq ölkələrinin inkişafdan geri qalmış, dinin elmə qarşı qoyulmuş vəziyyətinin faktiki sənədi olduğunu qeyd edib. Gənc alim ölkədə iqtisadi, mədəni geriliyin hökm sürdüyü bir zamanda Zərdabinin “Əkinçi” qəzetinin nəşrinin ədəbiyyat və mətbuat tariximiz üçün əhəmiyyətli bir hadisə olduğunu bildirib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Vəfa Şərifova “Qızlar Gimnaziyasının yaranmasında Həsən bəy Zərdabinin rolu” adlı məruzəsində alimin həyat yoldaşı Hənifə xanımla birgə maarifçilik, məktəb təşkilatçılığı sahəsində gördüyü işlərdən, millətin savadlanması yolunda atdığı addımlarından bəhs edib.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova “Azərbaycanın mətbuat tarixi, keçdiyi mərhələlər, müasir mətbuat” adlı məruzə ilə çıxış edərək Milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlardan, ölkəmizdə elm, maarif, mədəniyyət və incəsənət, təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edən “Əkinçi” qəzetindən, mətbuatın inkişafına təsir edən amillərdən bəhs edib. Bildirib ki, bu gün respublikamızda milli mətbuata olan diqqət və qayğı, söz və fikir azadlığının təminatı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun nəticəsidir.
Tədbirin sonunda İnstitutun Kitabxana və elmi informasiya şöbəsinin Milli Mətbuat günü və Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə dair hazırladığı kitab sərgisinə baxış keçirilib, xatirə şəkli çəkilib.


OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
25.12.20 NAXÇIVANDA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN YARADILMASININ 70 İLLİYİ QEYD EDİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla