TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR HƏSƏN HƏSƏNOVUN AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNA BAĞIŞLADIĞI, XIV YÜZİLLİKDƏ TƏRTİB OLUNMUŞ ENSİKLOPEDİK “SƏFİNEYE-TƏBRİZ” ƏSƏRİ HAQQINDA » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR HƏSƏN HƏSƏNOVUN AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNA BAĞIŞLADIĞI, XIV YÜZİLLİKDƏ TƏRTİB OLUNMUŞ ENSİKLOPEDİK “SƏFİNEYE-TƏBRİZ” ƏSƏRİ HAQQINDA

27.05.22. Oxunma sayı: 101 YENİ DAXİLOLMALAR
Bu günlərdə görkəmli ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fəxri doktoru Həsən Həsənov Tehranda hicri-şəmsi tarixi ilə 1387-ci ildə çap olunmuş, əsli Tehranda Məclese-şoraye-melli kitabxanasında saxlanılan “Səfineye-Təbriz” əsərinin əlyazmasının faksimilesini Əlyazmalar İnstitutunun kitabxanasına hədiyyə edib. Bu əsərin 2010-cu ildə UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilməsi təklifi irəli sürülmüşdür.
Ərəbcə gəmi mənasını verən “Səfinə” sözü əlyazma açılarkən gəmiyə oxşadığından əsərlər toplusu olan böyük həcmli cünglərə qoyulan addır. İndiyə qədər bu həcmdə və bu böyüklükdə əsərlər toplusu yazılmış əlyazma nüsxəsinin ikincisinə rast gəlinməyib. Əlyazmada təqdim olunmuş ərəb və fars dillərində olan 209 əsər elmin müxtəlif sahələrinə həsr olunmuşdur. Əlyazmanın tərtibçisi və katibi Əbülməcd Məhəmməd bin Məsud Təbrizidir. Bu səliqədə və dəqiqliklə köçürülmüş əlyazmadan ehtimal etmək olar ki, Əbülməcd Təbrizi çox savadlı bir şəxs olmuşdur. Əlyazma Təbrizdə hazırlandığından ona “Səfineye-Təbriz”, yəni “Təbriz Səfinəsi” adı verilmişdir. Əlyazmada olan bəzi maraqlı əsərlər haqqında məlumat vemək istərdik. Məsələn, əlyazmanın 77, 79 və 80-ci fəsilləri ərəb dilində olub,İbn Sina ilə bağlıdır. 84-cü fəsil böyük Azərbaycan alimi Nəsirəddin Tusinin farsca yazdığı “Ağaz və Əncam” əsəridir.90-cı fəsildə Nəsirəddin Tusinin astronomiyaya aid farsca yazılmış bir əsəri təqdim olunur. Bu əsərdə təqvimdən istifadə etmədən ayın təyin edilməsindən bəhs edilir. 92-ci fəsildə ulduzların mövqeləri və astronomik hesablamalar haqqında cədvəl yer alıb. 97-ci fəsil riyaziyyat elmi haqqındadır və 3 fəsildən ibarətdir. Hər fəsil 2 yarımfəslə bölünür. 99-cu fəsil də fars dilindədir və tibb elmi haqqındadır. Bu fəsildə meyvələrin, bitkilərin və çörəyin xeyirli və zərərli tərəfləri haqqında danışılır. 112 və 113-cü fəsillərdə peyğəmbərlərin, tanınmış alimlərin, islamdan əvvəl və sonra olan şahların, Ərəstun, Zərdüşt və başqa tarixi şəxsiyyətlərindoğum tarixləri verilib. Bu fəsildə müəllif öz zamanından çıxış edərək Adəm peyğəmbərin 6700, Nuh peyğəmbərin isə 4900 il əvvəl yaşadıqlarını iddia edir. Maraqlı fəsillərdən biri də farsca yazılmış Təbriz tarixi və Təbriz şəhərinin yaranması haqqında olan 114-cü fəsildir. 134-cü fəsildə məşhur dilçi alim Əsədi Tusinin fars sözləri lüğəti təqdim edilir. 138 və 139-cu fəsillər əxlaq məsələlərinə həsr edilmişdir. 145-ci fəsildə Məhəmməd Bin Mahmud Nişapurinin musiqi haqqında 3 hissədən ibarət olan əsəri təqdim edilir. 163-cü fəsil xoş ətirlərin insan sağlamlığı üçün faydaları haqqındadır və farsca yazılıb. 165-ci fəsil hidrometeorologiyadan bəhs edir, qarın və yağışın yağma səbəbləri haqqındadır. Bu fəsil 20 yarımfəslə bölünür. 166-cı fəsil dünya coğrafiyası, şəhərlər və məmləkətlər haqqındadır. 196-cı fəsildə elmin fəzilətindən bəhs edilir. 205-ci fəsil ərəb dilində olub, İslam tarixindən bəhs edir.
Məzmun mündəricəsindən də göründüyü kimi əlyazma ensiklopedik səciyyə daşıyır. Məlumdur ki, “Ensiklopediya” elmi əsər janrlarından biri kimi qədim zamanlardan məlumdur. Qədim dövrlərdə Misir, Çin, Yunan, Bizans və başqa ölkələrdə müxtəlif adlarda ensiklopediyalar nəşr edilmişdir. Böyük alimlər Didro və D'Alember tərəfindən XVIIIəsrdə Fransada nəşr olunan Ensiklopediya ən böyük populyarlıq qazanmışdır.
Müsəlman Şərqində X əsrdən başlayaraq müxtəlif elm sahələrinə aid 50 məşhur essedən ibarət 4 cildlik “Təmizlik qardaşları ensiklopediyası” məlumdur. Bu baxımdan tarix elmləri doktoru Həsən Həsənovun AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təqdim etdiyi Əbülməcd Məhəmməd bin Məsud Təbrizi tərəfindən miladi tarixi ilə 1321-1323-cü illərdə hazırlanan “Səfineyi-Təbriz” (əlyazma 734 səhifədən ibarətdir) adlı toplunu cəsarətlə ensiklopediya janrına aid etmək olar. Bu əsər Azərbaycan elm tarixinə, ilk ensiklopediyamızın XIV əsrdə tərtib edildiyini də əlavə etməyə əsas verir. Heç şübhəsiz, belə bir həcmdə və böyüklükdə olan əlyazmanın gələcək tədqiqi bizə daha maraqlı və indiyə qədər məlum olmayan faktlar verəcək. Bu cür qiymətli bir qaynağı Əlyazmalar İnstitutuna bağışladığına görə görkəmli dövlət xadimi, diplomat, alim, yazıçı, qaynaqşünas professor Həsən Həsənova öz dərin təşəkkürümüzü bildiririk.
OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
02.10.20 PROFESSOR FƏRİD ƏLƏKBƏRLİ HAQQINDA
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
18.09.20 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla