HƏSƏN HƏSƏNOV ƏLYAZMALAR İNSTİTUTUNUN FƏXRİ DOKTORU ADINA LAYİQ GÖRÜLÜB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


HƏSƏN HƏSƏNOV ƏLYAZMALAR İNSTİTUTUNUN FƏXRİ DOKTORU ADINA LAYİQ GÖRÜLÜB

25.05.22. Oxunma sayı: 165 TƏDBİRLƏR
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Şuranın gündəliyində duran məsələlərdən biri ​görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru, professor Həsən Həsənova İnstitutun “Fəxri doktoru” diplomunun təqdim edilməsi olub.
Elmi Şuranın iclasını baş direktor, akademik Teymur Kərimli açaraq bildirib ki, sədrlik etdiyi şuranın bütün üzvlərinin yekdil qərarı ilə Həsən Həsənov İnstitutun “Fəxri doktoru” adına layiq görülüb. Daha sonra akademik sözü İnstitutun elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfova verib. ​Elmi katib iştirakçılara alimin ictimai-siyasi fəaliyyəti, elmi yaradıcılığı və Əlyazmalar İnstitutu qarşısındakı xidmətləri haqqında geniş məlumat verib.
İclasda İnstitutun icraçı direktoru, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yusif Bağırlı, Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva və Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov çıxış edərək Həsən Həsənovun bədii yaradıcılığından, ölkəmizdə və xaricdə elmi fəaliyyətindən, Gəncə şəhərinin yenidən qurulması və mədəniyyət abidələrinin mühafizəsindəki rolundan, Əlyazmalar fondunun İnstituta çevrilməsi sahəsində göstərdiyi xidmətlərindən bəhs edib, həmçinin onun Əlyazmalar İnstitutunun fəxri oxucusu olduğunu vurğulayıblar. Belə ki, Həsən Həsənov hələ Mərkəzi Komitədə işləməyə başladığı ilk illərdən institutumuzun fondunda mühafizə olunan materiallarla tanış olmuş və Mirzə Fətəli Axundovzadənin şəxsi arxivini tədqiq edənlərdən biri kimi tanınmışdır.
İclasın sonunda görkəmli xadim göstərilən bu etimada görə hər kəsə təşəkkürünü bildirib və öz növbəsində xarici ölkələrin kitabxana və muzeylərində qorunan azərbaycanlı müəlliflərin və Azərbaycana dair 50-də çox əsərin nadir əlyazma nüsxəsini İnstitutun fonduna hədiyyə edib.
Qeyd edək ki, iclasda tarix elmləri doktoru Həsən Həsənov Əlyazmalar İnstitutunun Elmi Şuranın üzvü seçilib.


OXŞAR XƏBƏRLƏR:

15.12.20 ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
18.09.20 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
09.12.19 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla