ŞUŞANAMƏ - TEYMUR KƏRİMLİNİN ŞEİRLƏRİ » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ŞUŞANAMƏ - TEYMUR KƏRİMLİNİN ŞEİRLƏRİ

11.02.22. Oxunma sayı: 1 759 MEDİA / PUBLİSİSTİKA
ŞUŞANAMƏ - Teymur Kərimlinin şeirləri
ŞUŞAMIZ - ŞƏRƏFİMİZ, ŞÖHRƏTİMİZ, ŞANIMIZ...

Teymur KƏRİMLİ
AMEA-nın həqiqi üzvü

"Şuşa" sözünün etimologiyasını müxtəlif cür yozanlar var: bəziləri üçün bu - "şüşə" (saf havasına, eləcə də ərazisinin çox hissəsinin şüşə kimi hamar olmasına görə), bəziləri üçün "Şu" tayfasının məskən saldığı bir yer, bəziləri üçün... və sairdir.
Mən də öz versiyamı irəli sürmək cəsarətində bulunmaq istərdim: qazax dilində "şeşe" - "ana" deməkdir və bu baxımdan Şuşa elə bizim şeşemiz - anamızdır.
Ancaq o da var ki, Vaqifin, Zakirin dövründə Azərbaycan yazılı ədəbi dilində "Şuşa" - "Şişə" kimi yazılırdı və "şişə" də elə "şüşə" deməkdir.
Məşhur rəvayətdir ki, türk oğlu türk olan, ancaq farsca yazıb-oxuyan Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə alanda onun saray şairi İbrahim xanı qorxutmaq üçün farsca bir beyt şeir yazıb oxun ucuna bağlayaraq qalaya atmışdılar; indiki terminlə desək, bir növ SMS göndərmişdilər.
Qaynaqlarda həmin beyt bizə bu şəkildə gəlib çatıb:

Ze məncəniğe fələk sənge fetne mibarəd,
To əbləhane gerefti miyane şişe ğərar.
(Fələyin mancanağından fitnə daşı yağır,
Sənsə axmaqcasına şüşənin ortasında dayanmısan.)
Molla Pənah Vaqif də yanından yel ötməmiş yenə farsca bir beyt cavab yazıb şahın ordugahına "SMS" çəkmişdi:
Gər negəhdare mən anəst ke mən midanəm,
Şişera dər bəğəle səng negəh midarəd.
(Əgər mənim gözətçim mən bildiyimdirsə,
Şüşəni daşın qoynunda qoruyar.)
Çox layiqli və gözəl cavabdır; bir "əmma"sı var: hədə hansı vəzn və qafiyə ilə yazılıbsa, cavab da həmin formatda olmalıdır, halbuki Vaqifin cavabındakı "midarəd" qafiyəsi hədə beytindəki birinci misra ilə uyğun gəlir. Deməli, hədənin misraları dəyişik verilib və əslində belə olmalı idi:
To əbləhane gerefti miyane şişe ğərar,
Ze məncəniğe fələk sənge fetne mibarəd...
Molla Pənah Vaqifin kiçik müasiri, görkəmli Azərbaycan şairi Qasım bəy Zakirin də yaradıcılığında "Şuşa" oykonimi məhz "Şişə" kimi yazılmışdır. Onun Mirzə Fətəliyə göndərdiyi mənzum məktubdan bunu görmək olar.
Hər necə olsa, əsas odur ki, Şuşa var və Şuşa bizimdir, Şuşa - Azərbaycandır. Amma bu günü otuz il həsrətlə gözlədik. Nə yaxşı ki, nağıllarımızdakı kimi AĞ ATLI OĞLAN gəldi və Qarabağımızı, Şuşamızı murdar əjdahanın qanlı caynaqlarından xilas etdi.
Əlbəttə, "Qarabağ - Azərbaycandır! Və nida işarəsi!" deyən Müzəffər Ali Baş Komandanın ən böyük nida işarəsi məhz Şuşa oldu!
Hələ biz uşaq olanda gözəl müğənnimiz Hüsnü Qubadov "Şuşa yaylağı" adlı mahnısı ilə bu şəhəri bizə sevdirmişdi:

Ana Vətənimsən,
Eşqim diləyimsən,
Mənim ürəyimsən,
Şuşa yaylağı!

Başqa bir gözəl müğənnimiz Yaşar Səfərov da onun səsinə səs verirdi:

Hər yay sənin yaylağına
uçub gələn azad quşam,
Nə gözəlsən, mənim Şuşam,
Camalına vurulmuşam!

Böyüdük, ali məktəb bitirdik, müəllim işləmək üçün təyinatla o tərəflərə, ancaq bir qədər şimala - Kəlbəcərə getdik və iş elə gətirdi ki, mən Şuşanı görməmiş Şuşa düşmən tapdağına düşdü. O zaman mən ürəyim yana-yana bu cür misraları yazmışdım:

Mən Şuşanı görməmişəm,
Şuşanı mənə göstərin!
Dağ başından uçuruma
Düşəni mənə göstərin!
Bu yoldan yüküm gedəcək,
Dərdimi çəkim, gedəcək.
Önümüzdə kim gedəcək -
Paşanı mənə göstərin!

Kim göstərməliydi ki?! Əlbəttə, Ana Tarix! Vətən Tariximiz! Qəhrəmanlıq Tariximiz! Qələbələr Tairixmiz!
Paşa gəldi, Ali Baş Komandan gəldi və Ulu öndərin vəsiyyətini - Şuşanı, Qarabağı əsl sahibinə, Azərbaycan xalqına qaytarmaq vəsiyyətini şərəflə, şanla, şöhrətlə yerinə yetirdi. Və Vaqif Poeziya Günlərində Müzəffər Ali Baş Komandanın sayəsində mən nəhayət ki, çoxdankı arzuma - Şuşanı görmək arzusuna qovuşdum.

***

İllər, onillər, yüzillər keçəcək, Şuşa ildən-ilə deyil, gündən-günə gözəlləşəcək, dünyanın ən məşhur kurortlarından biri kimi milyonlarla turist qəbul edəcək, yüzlərlə söz-sənət adamının ilhamını coşduracaq, onlarla "Şuşanamə"lər yazılacaq.
Mən də bu kiçik, bəlkə də ilk "Şuşanamə"ni elimə-obama, xalqıma-millətimə ərməğan edərkən bir daha bu gözəl günləri bizə nəsib etdiyinə görə, 2022-ci ili şəhərin 270 illik yubileyi münasibətilə "Şuşa İli" elan etdiyinə görə, dünya millətləri arasında başımızı uca, dilimizi iti etdiyinə görə Müzəffər Ali Baş Komandana, bir zamanlar türkün dahi oğlu Mustafa Kamal Paşaya deyilmiş sözləri iqtibas edərək:

YAŞA! YAŞA! MİN YAŞA!
İLHAM ƏLİYEV PAŞA!
MİLLƏTİN, ƏSKƏRİN,
BAYRAĞINLA MİN YAŞA! - deyirəm.

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə elan edilmiş "Şuşa İli"nə ithaf edilir.

"ƏZİZ ŞUŞA! BİZ QAYITDIQ!"
Ay ağalar, gəlin sizə söyləyim:
Baş tacıdır bizim zəfər Şuşanın!
Başımıza min il qaxınc olardı,
Yolu bağlı qalsa əgər Şuşanın.
"Şuşanı al!" komandası gələndə,
"Yarasalar" qarğaları dələndə,
Fəğan etməz "Xarıbülbül" çəməndə;
Bağlarında gülləri tər Şuşanın!
Bizim dağlar igid doğan, nər doğan,
Bu nərlərə tay olarmı hər doğan?
Qəşəh demiş Rəcəb Tayyib Ərdoğan:
"Dumanı da gülümsəyər Şuşanın!"
Ağ yel kimi dərə keçib, dağ aşıb,
Sinəsilə sal qayaya dırmaşıb,
Aslan kimi kükrəyibən qarmaşıb,
Toyuna can saldı nəmər Şuşanın!
Yağıların zəhər qatdıq aşına!
Müjdə verin İstanbul qardaşına!
Türkiyəylə Azərbaycan başına
Zəfər günü zər səpələr Şuşanın!
Anıb şəhidləri gözü dolsa da,
Qoynunda bir daha olmaz qan-qada!
Kirs dağın başını duman alsa da,
Bundan belə üzü gülər Şuşanın!
Alnında vüqarı, nuru üzündə,
Düşmən zingiltisi məğrur izində,
Komandan gəzəndə Cıdır düzündə,
Saf ürəyi dağa dönər Şuşanın!
12.12.2020

BİZİM
Yeri, düşmən, yeri get! Yer də bizim, yurd da bizim!
Təslim oldun, di kiri! Sülh də bizim, şərt də bizim!
Bəsdi çaqqalsayağı saldın ulartı cahana -
Şirimiz nərə çəkərkən ulayan qurd da bizim!
Kiməsə arxalanıb quyruğunu çox bulama -
Bil ki, quyruqkəsənik - tut da bizim, xırt da bizim!
Nooldu bəs Anna, bizi dəvət edirdin Şuşaya?
Şuşada biz içirik - çay da bizim, tort da bizim!
Doğrudan da quduran qırx günə qalmaz dedilər:
Qara gün qabladığın gün sayı qırx dörd də bizim!
Gah ipək, gah da poladdır qocaman türkün əli:
Qonağa yumşaq olan, düşmənə çox sərt də bizim!
Elə bil, ömrünü verdin bada, Teymur, daha sus -
İzimiz qalmasa sözdən anamız yurdda bizim...
23.05.2021

DƏMİR YUMRUQ
Əgər bilmək dilərsənsə, DƏMİR YUMRUQ nədən doğmuş:
Dəmir yurddan, dəmir eldən, dəmir iradədən doğmuş!
Duman çökdürmək istərkən elin başına düşmənlər,
Yarıb zülmətləri çıxmış, günəştək zirvədən doğmuş!
Elin yaddaşı ölməz ki, həmişə dumduru, şəffaf,
Dədəm Qorqud kitabından, nağıl, əfsanədən doğmuş!
Gələndə dar günü yurdun, oyanıb canlanır yaddaş,
Deyərsən bəs çinarlardır, palıdlardır, çəmən doğmuş!
Anamızdır Vətən, ancaq hücum etdikdə namərdlər,
Xilaskar ərləri bil ki, Vətən əkmiş, Vətən doğmuş!
Xoş olsun halına yurdun, gəlib ilhama, qeyrətdən
Dəmir yumruqlu sərkərdə, müzəffər bir ərən doğmuş!
Sənin də adının əsli dəmirdir, Teymur, ancaq ki,
DƏMİR YUMRUQ vuran yerdə sənə həm bir qələm doğmuş...
27.09.2021

DEYİL!
Beli sınmış yağının! Yoxsa yalandırmı? - Deyil!
Neçə min il bu zəfər, söylə, solandırmı? - Deyil!
Elə sovduq suyunu, damcıya həsrətdi yağı!
Düşmənin gölməçəsi, arxı dolandırmı? - Deyil!
Elə dəydi bu dəmir yumruğumuz boş başına,
Ağıl adlı orada nəsnə qalandırmı? - Deyil!
Çəkdi Bayraktarımız çünki zəhər dişlərini!
Bu ilan kimlərisə bir də çalandırmı? - Deyil!
Bu qədər zərbə yeyib, dərsini əzbərləməyib;
Pis əməldən daşınıb peşman olandırmı? - Deyil!
Dalğalansın ana göylərdə zəfər bayrağımız!
Düşmənin cındası bir də ucalandırmı? - Deyil!
ÖNDƏRİM it kimi qovdu ana yurddan yağını!
Daha innən belə Teymur qocalandırmı? - Deyil!
27.11.2020

MÜZƏFFƏR LİDER
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İLHAM ƏLİYEVİN şanlı doğum gününə!
Gur alovla yanacaqdır gecə-gündüz şamımız,
Vətənə sayə salır hər nə qədər İLHAMIMIZ!
Ana torpaq bala dərdilə yaman qəmgin idi;
Uzaq oldu qəmimiz, gəldi bizim bayramımız!
Ulu Tanrım, ONA yar ol, ODUR öz xalqına yar,
Belə bir RƏHBƏRƏ qurban necə getməz canımız?
Yumruğuyla belini qırdı o namərd yağının,
Kim deyirdi qalacaq yerdə bizim pak qanımız?!
Hələ bir böylə zəfər görməmiş idi Ana Yurd,
Neçə min böylə zəfər çalmağa var imkanımız!
ULU ÖNDƏR ocağından ucalıbdır bu alov,
Bu odun istisinə isinirik biz hamımız!
Nə gözəl günlərə yetdin, şükür olsun, Teymur,
Sabahın eşqi ilə çox coşacaq ilhamımız!
24.12.2020

NOOLDU BƏS?!
"Yol çəkirdin, nooldu bəs?!" - Bağlandı var-yox yolların!
Tüklərin bir-bir yolundu, düşdü heydən qolların!
"Qonşu haqqı - Tanrı haqqı!" - söyləmiş Qorqud Atam,
Tapdadın haqqı, az oldu yoxsa bizdən yalların?
İstədin bayquş kimi viranələr sultanlığı,
Dimdiyində sərçətək cikkildədin qartalların!
Boş başınla bir düşündünmü döyüş sənlik deyil?!
Şirlərin çəngində neylər itlərin, çaqqalların?
Öz yuvanda itlərin zingildəyir hər gün sənə -
Boynunu etmiş qısıq hala bu miskin halların!
"Qatlayıb qoy dal cibə, layiq deyil bayraq sənə!"
Boynuna sal torbanı, düş arxasınca dolların!
Gəldi ASLAN nərəsi, Teymur, sevin, düşmən yenə
Gizlənib dovşan kimi, titrər dibində kolların!
22.11.2020

POLAD OLDULAR
Bir Polad can verdi Vətən yolunda,
Minlərlə oğullar Polad oldular.
"Haydı, aslanlarım!" dedi KOMANDAN,
Çaqqallar qorxudan kola doldular.
O gün ki aldılar vuruş xəbərin,
Qayım qurşandılar qeyrət kəmərin.
İgidlər açdılar gen sinələrin,
Vətənə zirehli jilet oldular.
Ərənlər girdilər meydana yenə,
Düşmənin işləri düşdü düyünə.
Tülkülər gəldilər kabab iyinə,
Özləri doğranıb salat oldular.
Dostun toyu oldu yağının yası,
Harda görünübdü hayın hayası?
Elə ki, açıldı Türkün "kassası",
Birbaş cəhənnəmə bilet aldılar!
Yalan ayaq tutdu, addım atmadı,
Goreşənin dişi bizə batmadı.
Haylar adamlığa hələ çatmadı -
Bəşər tarixində qələt oldular!
20.11.2020

PAŞAM!
Arazı kim ayırar? Varmı? Mərak etmə, PAŞAM!
Bizi bizdən alan onlarmı? Mərak etmə, PAŞAM!
Fırlanan Yerdə bizim dönməyimiz pək təbii,
Türkə bu Yer kürəsi darmı? Mərak etmə, PAŞAM!
"Bastığın yerleri toprak diyerek geçme, tanı!"
Bu basanlar tanımazlarmı? Mərak etmə, PAŞAM!
"Laçınım, can Laçınım, ben sana kurban Laçınım!"
İştə bu şarkı kırılarmı? Mərak etmə, PAŞAM!
Bəxtiyarlıq gətirib Bəxtiyarın şeiri bizə,
Dinləyən kəslər unudarmı? Mərak etmə, PAŞAM!
Şuşanın zırhı bu gün bizlərə sınmaz şüşədir,
Bu patent sirri satılarmı? Mərak etmə, PAŞAM!
İki dövlətdəki millət bir olub, düşmənimə
Gor qazılmazmı? Qazılarmı? Mərak etmə, PAŞAM!
Kəsməmiş düz yolu bizdən neçə şeytan sürüsü,
Kəsəcəkmiş bu sanksiyalarmı? Mərak etmə, PAŞAM!
12.12.2020

QARABAĞ TORPAĞI
Qarabağ torpağı, söylə, qara bağın necədir?
Qara torpaqda bitən barlı budağın necədir?
Düşmənin çəkdiyi çarpaz dağa məlhəm qoyulur,
Ucalan göylərə məğrur qoca dağın necədir?
Şəhidin qanı olubdur yağının üz qarası,
Görürəm, alnın açıq, üzdəki ağın necədir?
Ağlayıbdır neçə illər sinən üstə gecələr,
Daha gülsün əbədi - güllü bulağın necədir?
Şuşanın çal-çağırı çünki qonaq təşnəsidir,
Gözün üstə yer alan ali qonağın necədir?
Dağa söykəndin, əsl dağ polad övladın imiş,
Uca dağlar kimi qeyrətli dayağın necədir?
Yağını yaslı görüb, Teymur, utanma, xəbər al:
"Qulağında açılan cüt şapalağın necədir?"
28.07.2021

BELQIRAN GƏLİR!
Yol ver, qoca dünya, geri dur, qəhrəman gəlir!
Qəddarlara, qansızlara qan udduran gəlir!
Məzlumlara zülm eyləyərək şax gəzirdilər -
Bir bax, ikiqat oldu yağı - BELQIRAN gəlir!
Təsir edərmi göylərə qalxan vızıltılar? -
Aslan kimi sərt nərə çəkib hayqıran gəlir!
Zülmün topunu, gülləsini, hiylə-məkrini
Şir pəncəsilə yer təkinə basdıran gəlir!
Torpaqda nasıl rahat olar torpaq oğrusu?
Udduqları haram tikəni qusduran gəlir!
Qartalsayağı qıy vuraraq, doğma zirvədən
Ulduzlu-aylı bayrağını asdıran gəlir!
Teymur, açıldı dünyada haqqın yolu, budur:
Haqqın dürüst kəsimlərini kəsdirən gəlir!
24.11.2020

ŞUŞANIN DAĞLARI
Şuşanın dağları başı dumanlı...
Şuşanın dağları döşü çiçəkli,
Gömgöy çəmənləri ballı-pətəkli.
Qırmızı çəpkənli, yaşıl ətəkli,
Ay qız, o nə baldır, belə süzdürmüsən?
Ay qız, "o nə xaldır, belə düzdürmüsən?"
Şuşanın dağları ulduzlu-aylı,
Küçəsi-bazarı haylı-haraylı,
Ağır məclisləri kamanlı-naylı,
Dövran, o nə naydır belə susdurmusan?
Dövran, o nə qandır belə qusdurmusan?
Şuşanın dağları yenə də qarmı?
O qarın üstünə qanlar axarmı?
Otuz il yatanın günahı varmı?
Torpaq, nə səbirdir belə göstərmisən?
Torpaq, nə qəbirdir ona gül sərmisən?
Şuşanın dağları qayalı-daşlı,
Daşaltı meydanı qanlı savaşlı,
Öc alan igidlər odlu-ataşlı,
Əskər, o nə oddur belə yandırmısan?
Əskər, o nə beldir belə sındırmısan?
Şuşanın dağları yenə gül açdı,
Dumanı-çiskini çəkildi qaçdı.
Komandan azadlıq atəşi saçdı!
Teymur, bu nə sözdür belə yazdırmısan?
Teymur, bu nə qəmdir belə azdırmısan?..
25.01.2022

ŞUŞAM
Feniks kimi öz külünün içindən
Əzəmətlə qalxıb ucalan Şuşam!
Çörəyini yeyib üzünə duran
Namərd tayfalardan öc alan Şuşam!
Cıdır düzü kimi ürəyi geniş,
Özü zirvədədir, ətəyi eniş.
Ulu öndərimiz nə gözəl demiş:
"Yağıya uddurar qara qan Şuşam!"
Şuşa, sən bizimsən, bizim Şuşamız!
Beləcə hayqırdı qalib Paşamız:
Aslanlar yurdunda tülkü yaşamaz!
Qovdu tülküləri aradan Şuşam!
Qayası dərd idi, dönüb mərd oldu,
Yağıya ürəyi sərtdən sərt oldu.
Qutlu torpağına saysız ər doldu,
Sinəsi qürurdan qabaran Şuşam!
Gəldi Komandanım, vüqar üzündə,
Dağ kimi ucaldı elin gözündə.
Kişi kimi durdu kişi sözündə,
Səni odur bizə qaytaran, Şuşam!
Həsrətlə gözlərdi Xanın nəğməsin,
Diksindi, eşidib "bismillah" səsin.
Yaman bozarmışdı gözəl çöhrəsi -
Şəhidlər qanından qızaran Şuşam.
Teymur, dalğalanır üçrəng bayraqlar,
Əbədi sürəcək bu gözəl çağlar!
Bir daha dəyməsin murdar ayaqlar -
Türkün torpağıdır hər zaman Şuşam!
24.01.2022

ŞUŞAMIZ
Canımın parçası, canımda canımdır Şuşamız,
Damarımda dolaşan isti qanımdır Şuşamız!
Mən onun gül üzünə baxmaq ilə handa doyam?
Gül gülüstanda olar, gülsitanımdır Şuşamız.
Vətən övladına açmış qucağın yaz günütək,
Yağıya buz kimi sərt, qar-boranımdır Şuşamız.
Xan-vəzir məskənidir, Vaqif ilə fəxr eləyir,
Dövlətimdə vəzirim, həm də xanımdır Şuşamız.
Torpağı musiqidən yoğrulub axır, bilirəm,
Çünki xanəndəmiz olmuş, ozanımdır Şuşamız.
"Nəzmi-nazik, bayatı abi-həyatıymış" onun,
Qarabağ tarixini ilk yazanımdır Şuşamız.
Teymurun könlün açıb doğma Cıdır meydanımız,
Dar günümdə köməyimdir, həyanımdır Şuşamız.
02.02.2022

AZƏRBAYCAN ƏSKƏRİNƏ!
Qalib oldun düşmənə, vur, pəhləvanım, mərhəba!
Könlümün istəklisi, canımda canım, mərhəba!
Tülkülərtək qaçdılar nə'rən duyub namərd yağı,
Haydı qoş, əz başların, əz, arslanım, mərhəba!
Gəldiyin yollar müqəddəsdir, durum qurban kəsim,
Başuva qoy mən dönüm, qoy mən dolanım, mərhəba!
Ey şəhid, bayram günün göstərdin, ancaq görmədin,
Qanla tarix yazmısan, cənnətməkanım, mərhəba!
Can verər millət yolunda alplarım, "uf" söyləməz,
Söyləyər: "Olsun halal canımla qanım!", mərhəba!
Ər kimi qalib gələr düşmənlərə ər övladı,
Yurdumuzdan itləri qov, KOMANDANIM, mərhəba!
Ey Vətən, bax oğluna, məğrur yaşa innən belə,
Mən də Teymurtək sənin eşqinlə yanım, mərhəba!
18.11.2020
OXŞAR XƏBƏRLƏR:

28.12.21 “NİZAMİNİN ƏSƏRLƏRİ OLDUĞU KİMİ BİZƏ GƏLİB ÇATMAYIB” – AKADEMİK TEYMUR KƏRİMLİNİN MÜSAHİBƏSİ
30.10.20 HANSI İLİMİZ QANSIZ OLUB Kİ?... (Məmməd Səid Ordubadinin “Qanlı sənələr” kitabını vərəqləyərkən)
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20 QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla