“ÜRƏK DOSTU, KÖNÜL HƏMDƏMİ” ADLI KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB » Əlyazmalar İnstitutu



“ÜRƏK DOSTU, KÖNÜL HƏMDƏMİ” ADLI KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

02.06.21. Oxunma sayı: 291 TƏDBİRLƏR
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ürək dostu, könül həmdəmi” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbir karantin qaydalarına uyğun olaraq hibrid rejimdə baş tutub, iştirakçıların bəziləri əyani, digərləri isə onlayn rejimdə mərasimə qatılıblar.
Tədbiri giriş nitqi ilə açan elmi işlər üzrə baş direktor müavini fil.ü.e.d., professor Paşa Kərimov qeyd edib ki, təqdim olunan kitab institutun Elmi Şurasının qərarı ilə işıq üzü görüb. Yeni nəşrdə Füzuli dühasının ən parlaq örnəklərindən biri olan “Ənisül-qəlb” qəsidəsinə verilən şərhlər yer alıb. Orta əsrlərin ensiklopediyası kimi də dəyərləndirilən bu məşhur qəsidə beyt-beyt, misra-misra təhlilə cəlb olunub. Şairin bədii-estetik formada əks etdirdiyi mətləblər çağdaş tədqiqat üsulları ilə geniş şəkildə açıqlanıb.
Tədbirdə füzulişünas alimlər filologiya elmləri doktoru Lalə Əlizadə (İkramqızı), Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Əlyazmalar İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Füzuli ədəbi məclisinin sədri, həmin institutun böyük elmi işçisi Sona Xəyal çıxış edərək kitabın elmi və təcrübi əhəmiyyətindən danışıblar. Alimlər şərhi elmimiz üçün bir yenilik kimi qiymətləndiriblər.
Daha sonra kitabın elmi redaktoru və nəşrə hazırlayanı Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov kitabın ərsəyə gəlməsi prosesindən danışıb, “Ənisül-qəlb” qəsidəsinin şərhində müəlliflərin bir neçə elmin nailiyyətlərindən istifadə etdiklərini bildirib.
Sonda kitabın müəllifləri filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Arif Sərraf çıxış edərək kitab haqqında fikirlərini ifadə edən natiqlərə, Əlyazmalar İnstitutunun rəhbərliyinə və yeni nəşrin ərsəyə gəlməsində zəhməti olan alim və mütəxəssislərə təşəkkürlərini bildiriblər.


OXŞAR XƏBƏRLƏR:

03.03.21 YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla