ELMİ KONFRANSDA “NİZAMİNİN “İSKƏNDƏRNAMƏ” POEMASININ TÜRK QAYNAQLARI” MÖVZUSUNDA MƏRUZƏ TƏQDİM EDİLİB » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


ELMİ KONFRANSDA “NİZAMİNİN “İSKƏNDƏRNAMƏ” POEMASININ TÜRK QAYNAQLARI” MÖVZUSUNDA MƏRUZƏ TƏQDİM EDİLİB

27.04.21. Oxunma sayı: 419 TƏDBİRLƏR / NİZAMİ-880
Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə dünya mədəniyyətinə və ədəbiyyatına böyük töhfələr bəxş etmiş dahi şair Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş respublika elmi konfransı keçirilib. Tədbirdə ali müəssisənin tələbə və müəllim heyəti, alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə AMEA Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov “Nizaminin “İskəndərnamə” poemasının türk qaynaqları” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, poemanı araşdıran İran və Avropa alimləri şairin bu əsərdə istifadə etdiyi mənbələr sırasında nədənsə yalnız pəhləvi, ərəb və rum mənbələrinin olduğunu göstərir, poemanın türk məxəzləri haqqında məlumat vermirlər. Halbuki, əsərdə türk xaqanının müdrikliyindən, qadınlarının igidliyindən, eləcə də ozan sənətindən qürur hissi ilə söhbət açılır: “Poemada bir neçə epizod Nizaminin “Oğuznamə”lərdən bəhrələndiyini ehtimal etməyimizə əsas verir. “Şərəfnamə” poemasında “İskəndərin zülmətə getməsi” hissəsi ilə “Oğuznamə”də “Oğuzun qaranlıq ölkəyə yürüşü və həmin ölkənin vəziyyəti” adlı fəsil arasında uyğunluq həm başlıqlarda, həm də süjetdə özünü göstərir. Hər iki mənbədə zülmətdə qeybdən gələn səsin yerdəkiləri götürməklə bağlı peşmançılıq hissi haqqında çağırışı, ordunun zülmətdən yaşlı qocanın məsləhəti və dişi atların koməyi ilə çıxması motivi yer alır”.
Ə.Nəcəfov qeyd edib ki, “İskəndərin Hindistandan Çinə getməsi” və “İskəndərin Qıpçaq çölünə çatması” fəsilləri Mahmud Kaşqarlının “Divani-lüğət-it-türk” kitabında yer alan “Şu” (“Saka”) dastanını xatırladır. “Şərəfnamə”də Bulqar şəhərinin salınması ilə bağlı əfsanənin olması, İskəndərin ruslarla döyüşü zamanı müttəfiqləri sırasında Xətadan Qədər xan və Xütəndən Qur xanın adının çəkilməsi, şairin Çin xaqanını “Çinli türk” və “Əfrasiyab mülkünün varisi” adlandırması Nizaminin türk qaynaqlarından da bəhrələndiyini aydın göstərir.
Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, alimə ünvanlanan suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
03.03.21 YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla