DAHİ NİZAMİNİN YUBİLEYİNƏ HƏSR EDİLƏN ONLAYN TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


DAHİ NİZAMİNİN YUBİLEYİNƏ HƏSR EDİLƏN ONLAYN TƏDBİR KEÇİRİLİB

19.03.21. Oxunma sayı: 455 TƏDBİRLƏR / NİZAMİ-880
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən bədii fikir salnaməsinin nadir şəxsiyyətlərindən olan dahi Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində görüş təşkil edilib.
Onlayn tədbirin qonağı "Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında" kitabının müəllifi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov olub.
Apardığı tədqiqatla bağlı çıxış edən alim həm XIX-XX əsrlərdə, həm də müasir dövrdə Nizamişünas alimlərimizin araşdırmalarında əks olunan dahi şairin milli mənsubiyyət etibarilə türk olması haqqında elmi dəlilləri nəzərə çatdırıb. Müəllifi olduğu kitabda Azərbaycan nizamişünaslığının xronoloji ardıcıllıqla təqdim edildiyini vurğulayan Əzizağa Nəcəfov şairin öz soy-kökünə dərin rəğbətinin ifadə olunduğu əsərlərindən söz açıb. Bildirib ki, Nizami öz fəlsəfi fikirlərini cəmiyyətə çatdırmaq məqsədilə o dövrün tələblərinə uyğun olaraq əsərlərini farsca yazıb. Bununla belə, Azərbaycan söz sənətinin sultanı həm dil, həm də üslub baxımından fars şairlərindən fərqlənib. Yaradıcılığını incələdikdə isə onun türklüyü ilə bağlı dəlilləri və gizli şəkildə bəyan etdiyi fikirləri çözmək mümkündür. Alim vurğulayıb ki, tarixi mənbələrin bir çoxunda Nizaminin Gəncədə dünyaya gəlməsi haqda qeydlər mövcuddur. Hələ o dövrün alimləri Azərbaycanla bağlı tədqiqatlarında Gəncənin adını çəkərkən Nizaminin adını türk hökmdarlarına əsərlər ithaf etməsi ilə birlikdə vurğulayıblar.
Qeyd edək ki, 2019-cu ildə ərsəyə gələn və bir sıra ölkələrdə təqdimatı keçirilən "Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında" kitabının baş elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın müxbir üzvü Nüşabə Araslıdır. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri filologiya elmləri doktoru, professor Xəlil Yusifli və filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.
Nizamişünaslar üçün dəyərli mənbə olan monoqrafiyada əks olunan mövzuya dair mühazirə böyük maraqla qarşılanıb. Kitabın Nizami Gəncəvinin türklüyünü şübhə altına alan, onun milliyyətcə fars olması ilə bağlı təbliğat aparan əcnəbi alimlərə tutarlı cavab olduğu vurğulanıb.
Həmin mühazirəni buradan izləmək mümkündür.
OXŞAR XƏBƏRLƏR:

30.12.20 AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB
27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
14.10.19 MİLLİ KİTABXANADA DOSENT ƏZİZAĞA NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla