MİRZƏ BAXIŞ NADİMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” TƏQDİM OLUNDU » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


MİRZƏ BAXIŞ NADİMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” TƏQDİM OLUNDU

21.05.18. Oxunma sayı: 1 594 NƏŞRLƏR

21 may 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX əsrin görkəmli şairi Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə AMEA-nın əməkdaşları ilə yanaşı, şairin həmyerliləri-Hacqabul rayonunun ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbiri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, kitabın tərtibçilərindən biri, fil.ü.e.d. Paşa Kərimov açaraq Mirzə Baxış Nadim haqqında indiyə qədər aparılmış tədqiqatlar, onun əsərlərinin axtarışı, hazırki kitabın ərsəyə gəlməsi və s. barədə məlumat verdi. O, “Seçilmiş əsərləri”n Hacıqabul rayonunun Nəvahi kəndində əldə edilmiş 354 vərəqlik əlyazma əsasında meydana gəldiyini bildirdi. P.Kərimov əvvəlki dövrlərdə M.B.Nadimin cəmi yeddi-səkkiz satirik şeirinin bəlli olduğunu və bunların əsasında şair haqqında fikir yürüldüyünü  bəyan etdi. P.Kərimov bu kitab əsasında Nadimşünaslığın formalaşacağına, şairin həyat və yaradıcılığı barədə dissertasiyalar yazılacağına ümid etdiyini bildirdi.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, kitabın digər tərtibçisi, fil.ü. e. d. Raqub Kərimov Mirzə Baxış Nadim irsinin axtarışı üçün ötən ilin isti yay günlərində xeyli əziyyət çəkdiklərini, bütün Hacıqabulu dolaşdıqlarını bildirdi. Şairin qəbrinin hələ də aşkarlanmadığını deyən R.Kərimov bunun üçün xüsusi komissiya yaradılmasının zəruriliyini diqqətə çatdırdı. R.Kərimov öz tədqiqatlarında şairin oğlu Fərzullah Nadim və onun əsərlərindən bəhs etdiyini də vurğuladı.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, kitabın redaktoru, fil.ü.e.d. Zaman Əsgərli M.B.Nadimin irsinin toplanmasını və nəşrini xeyirxah bir əməl kimi qiymətləndirdi. Kitabın ədəbiyyat tariximizin öyrənilməsində böyük rolu olacağını bildirən alim M.B.Nadimin həyat və yaradıcılığının araşdırılması istiqamətində axtarışların davam etdirilməsinin zəruriliyini qeyd etdi.
Hacıqabul nümayəndələri adından çıxış edən, fəal ictimaiyyətçi, ədəbiyyat və sənət vurğunu Mübariz Xəlilov şairin həyat və yaradıcılığı, dövrü və mühiti haqqında müfəssəl məlumat verdi, tədbir iştirakçılarını şairin nəvə-nəticələri və digər yaxın qohumları ilə tanış etdi.
Daha sonra söz alan Hacıqabul Tarix və Diyarşünaslıq  Muzeyinin direktoru Məhəmməd İsayev, şair Əmrah Şirvanlı, Hacıqabul Mədəniyyət Mərkəzinin əməkdaşı Səadət Həsənova və digərləri M.B. Nadim irsinin toplanması, nəşri və tədbirin təşkilinə görə institutun rəhbərliyinə və bütün əməkdaşlara dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir bədii hissə ilə davam etdi.



OXŞAR XƏBƏRLƏR:

18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
07.05.18 NADİMİN ŞEİRLƏRİ İLK DƏFƏ KİTAB HALINDA NƏŞR EDİLİB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla