NAXÇIVANDA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN YARADILMASININ 70 İLLİYİ QEYD EDİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


NAXÇIVANDA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN YARADILMASININ 70 İLLİYİ QEYD EDİLİB

25.12.20. Oxunma sayı: 554 TƏDBİRLƏR
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
Onlayn formatda baş tutan tədbiri giriş nitqi ilə açan Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov institutun kollektivini yubiley münasibətilə təbrik edib. “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu mötəbər elmi mərkəzdir” mövzusunda məruzəsini təqdim edən alim institutda çox dəyərli, nadir əlyazma və çap məhsulları, qiymətli kitablar, o cümlədən arxeoqrafik sənədlərin və digər materialların mühafizə olunduğunu bildirib. Həmin əsərlər üzərində səmərəli elmi-tədqiqatların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu vurğulayıb. 70 illik şərəfli tarixi dövr qət etmiş elmi müəssisənin fəaliyyətini dəyərləndirən alim həyata keçirilən birgə layihələr, əldə olunan elmi nailiyyətlərlə bağlı ətraflı məlumat verib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin yaranma tarixi, təşəkkülü və keçdiyi inkişaf yolundan bəhs edib. Ölkəmizin zəngin əlyazmalar xəzinəsinə malik olduğunu qeyd edən alim Ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutunu milli sərvətimiz adlandıraraq burada qorunub saxlanılan nadir kitabları Azərbaycanın qiymətli tarixi abidələri kimi dəyərləndirdiyini xatırladıb. İnstitutda mühafizə olunan əlyazmaların elmi dəyərindən, tədqiqi məsələlərindən söz açan akademik Teymur Kərimli AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu ilə əməkdaşlıq çərçivəsində əldə olunan uğurları nəzərə çatdırıb. Pandemiya dövründə də bu əlaqələrin davam etdirildiyini ifadə edib.
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov Əlyazmalar İnstitutu ilə səmərəli əməkdaşlıq perspektivləri və əldə olunan nailiyyətləri nəzərə çatdırıb. Qeyd edib ki, elmi qurumlar arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində əhəmiyyətli nailiyyətlər əldə olunub, elmi-təşkilati və digər əməli tədbirlər həyata keçirilib. Alim çıxışının sonunda hazırda uğurla davam etdirilən birgə layihələr haqqında ətraflı məlumatı diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər alim və mütəxəssislər də Əlyazmalar İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək  bölmə ilə elmi müəssisə arasında uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələri sayəsində əhəmiyyətli elmi nəticələrin əldə olunduğunu vurğulayıblar.
Sonda konfrans iştirakçıları Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illiyinə həsr olunan sərgi ilə tanış olublar. 


OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla