İnstitutun tarixi
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır.Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21-24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxıldı.
1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna çevrildi (Az.DETİ). 22 oktyabr 1929-cu ildə bu hadisəyə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov çıxış edərək demişdir: “ Bu gün siz özünüz şahid oldunuz ki, qonaqlar Həbib Cəbiyev vasitəsilə İnstituta ən qiymətli bir hədiyyə, bəlkə də mən deyərdim, xəzinə bağışladılar - bu, Sədinin əlyazmasıdır. Səhv etmirəmsə, təqribən 500 il bundan qabaq yazılmışdır. Eyni zamanda, Mirzə Fətəli Axundovun əlyazmasının əslini və başqalarını təqdim etmişlər. Belə qiymətli şeylər Azərbaycanda az deyildir, yəqin ki, onlar başqa yerlərdə də çoxdur”. Əlyazmalar İnstitutunun son onilliklərdə müasir elmi-tədqiqat mərkəzi kimi təşəkkülü Ümummilli Liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmiş, 1982-ci ildən bu akademik orqan Bakının indi İstiqlaliyyət adlanan küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir. Məlum olduğu kimi, ilkin olaraq bu bina məşhur mesenant Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına qızlar seminariyası kimi tikilmiş, 1901-ci ildən istifadəyə verilmişdir. Sonrakı illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, məktəb, Azərbaycan SSRİ Ali Soveti fəaliyyət göstərmişdir. Ali Sovet yeni binaya köçərkən bir neçə təşkilat bu binaya köçmək üçün təşəbbüslər göstərdi. Yalnız əlyazmalarımızın, yazılı abidələrimizin milli mədəniyyətimizdəki rolunun müstəsnalığını dərindən-dərinə dərk edən ümummilli liderimizin iradəsi ilə bina Respublika Əlyazmalar Fonduna verilmişdi. Ötən əsrin 80-ci illərində RƏF öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi. Bunu nəzərə alan Akademiya və fondun rəhbərliyi RƏF-in instituta çevrilməsinə çalışır, "yenidənqurma" adı altında respublikalardakı ayrı-ayrı müəssisələri ləğv etməyi, birləşdirməyi üstün tutan Moskva isə buna razı olmurdu. Yalnız bir neçə illik mübarizədən sonra, 1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev cənablarının yaxından iştirakı və köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli 2162 №-li sərəncamı, bir müddət sonra Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir. İndi bir neçə postsovet respublikasında Əlyazmalar İnstitutları yaradılmışdır. Hazırda bu, o qədər də çətin məsələ deyildir. Müstəqil, suveren ölkədə, əlbəttə ki, əlyazmaları tədqiq edən elmi-tədqiqat müəssisəsi – institut təşkil edilməsində qeyri-adi bir şey yoxdur. Sovet dövründə isə əlyazmaları öyrənən cəmi iki institut vardı. Tiflisdə – K.Kekelidze adına Əlyazmalar İnstitutu, İrəvanda-Matenadaran adlanan Əlyazmalar İnstitutu. "Qardaş respublikalar ailəsi”ndə bu xüsusi imtiyazlı respublikalardan başqa digərlərinin yazılı abədələri, əlyazmaları öyrənən institut açmaları müşkül məsələ idi.
Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli məsələ olaraq qalırdı. Bir sıra şəxslərin adları təklif edilir, hər kəs öz seçimində təkid edirdi. Sonralar hamı H.Əliyevin qərarının nə qədər məntiqi oluduğu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutumuz Nizami Gəncəvinin, Dilçilik İnstitutumuz İmadəddin Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinın adını daşımalıdır. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verildi.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları, bütün ölkə ziyalıları ümummilli liderimiz, ulu öndər Heydər Əlirza oğlu Əliyevin müəssisənin tarixindəki rolunu heç vaxt unutmur, həmişə onu Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi kimi yad edir.
İnstitutun əlyazma fondunun əsasını əvvəllər orta əsr kitabxanalarına, eləcə də, Azərbaycanın XIX–XX əsrlərdə yaşamış görkəmli mədəniyyət xadimlərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən Mirzə Qacar, Mir Möhsün Nəvvab və başqalarının şəxsi kolleksiyalarına daxil olan materiallar təşkil edir. Əlyazmalar İnstitutunun müstəqil ixtisaslaşdırılmış elmi müəssisə kimi təşkili dövründə buraya müxtəlif mədəni-maarif təşkilatlarından, kitabxanalardan minlərlə əlyazma, əski çap kitabları, tarixi sənədlər və başqa arxeoqrafik sənədlər toplanmışdır. Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən birinə çevrilmişdir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır.
Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini-tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalarıdır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülmüşdür. Bundan başqa, institutda XIX-XX əsrdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir. Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış Quranın "Ən-Nisa" surəsinin bir hissəsidir.
Üzərində qeyd olan ən qədim əlyazmalardan biri X əsrin sonunda tanınmış leksikoqraf İsmail əl-Cövhəri tərəfindən tərtib edilmiş klassik ərəb dilinin izahlı ensikopedik lüğəti hesab edilən "Əs-sihah" əsərinin əlyazmasıdır ki, 1117-ci ildə avtoqraf nüsxəsindən üzü köçürülmüşdür. Əbu Əli ibn Sinanın “Qanun fi-t-tibb” (“Tibbi qanun”) əsəri (II cild) ərəb dilində yazılmış, tibbə və farmakologiyaya aid məşhur risalədir. 1143-cü ildə, müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb. Dünyada qədimliyinə görə ən nadir nüsxələrdən biridir. Tibb elminin inkişafına ciddi təsir göstərmiş fundamental əsərlərdən biri hesab edilir. İbn Sinanın bu əsərinin keçən əsrin 80-ci illərində rus və özbək dillərində Daşkənddə nəşri zamanı Özbəkistan alimləri ikinci kitabın elmi-tənqidi mətnini tərtib etmək üçün Bakı əlyazmasından əsas nüsxə kimi istifadə ediblər.
X-XI əsrlərdə İspaniyada-Kordovada yaşamış ərəb alimi Əbül-Qasim əz-Zəhravinin "Əl-məqalə əs-səlasun" ("Otuzuncu traktat") əsəri ərəb dilində tibbə aid fundamental risalənin bir cildidir. Cərrahiyyə sahəsində Müsəlman Şərqində elmi tərəqqiyə təsir göstərib. Əsərin əsas xüsusiyyəti kimi 200-ə qədər cərrahiyyə alətinin rəsminin çəkilməsi qeyd edilir. Əz-Zəhravi yeganə orta əsr müəllifidir ki, cərrahiyyə alətlərinin təsvirini vermiş, konkret əməliyyatlar zamanı onların tətbiq edilməsi üsullarını göstərmişdir. Əsərin Bakı əlyazması XIII əsrdə köçürülüb.
Rüstəm Cürcani adlı müəllifin farmakologiyaya aid "Zəxireyi-Nizamşahi" adlı əsərinin XIII əsrdə köçürülmüş nüsxəsi Əlyazmalar İnstitutunda saxlanılır.
Əbi ibn Hüseyn Qəzvininin "Mənahic üt-talibin vəl məarif üs-sadiqin" əsərinin Əlyazmalar İnstitutunda saxlanan nüsxəsi 1377-ci ildə köçürülmüşdür.
Şeyx Mahmud Səbustərinin "Gülşəni-raz" əsərinin XIV əsrdə köçürülmüş bir nüsxəsi Əlyazmalar İnstitunda saxlanılır.
XV əsrdə köçürülmüş aşağıdakı yazılı abidələr Əlyazmalar İnstitutunda saxlanılır: Xacu Kirmaninin "Humay-Humayun" əsəri (1415), Kamal Xocəndi divanı (1436), Rövşəni divani (1484), Nəsimi divani (1494), Sədinin "Bustan" (1494), İbn Xəlliqanın "Vəfayat ələyan" əsəri (1484), Nəsirəddin Tusinin "Zici-Elxani" adlı astronomik cədvəli, Məhəmməd ibn Əbubəkr Əş-Şafeinin "İrşad-ül-möhtac ilə şərhi-minhac" risaləsi və s.
Yazılı abidələr Əlyazmalar İnstitutunda yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə olunur.
Əlyazmalar İnstitutunun əsas prioritet fəaliyyət istiqaməti azərbaycanşünaslıqdır. Burada eləcə də qorunan abidələrin mühafizə şəraitinin daim müasirləşdirlməsi, onların müntəzəm dezinfeksiya, gigiyena və bərpası məsələlərinin həlli, əlyazmaların kataloqlaşdırılması və sistemləşdirilməsi, onların tədqiq edilməsi və nəşr etdirilərək elmi tədavülə və müasir nəsillərə çatdırılması işi aparılır. Azərbaycan əlyazmaşünaslığının metodoloji və elmi-nəzəri problemlərinin işlənib-hazırlanması əlyazmaşünas alim və tədqiqatçılar qarşısında duran ən aktual və vacib məsələdir.
Ümumiyyətlə, respublikada yazılı abidələr üzərində indiyədək aparılan elmi axtarışlarda mühüm nailiyyətlər əldə edilmişdir. Bu sahədə Əlyazmalar İnstitutu alimlərinin qazandığı uğurlar ayrıca qeyd edilməyə layiqdir. Keçən əsrin 50-80-ci illərində müəssisədə Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simaları çalışmışlar. Həmin dövrdə Azərbaycan əlyazmaşünaslığının ayrı-ayrı istiqamətləri inkişaf etdirilmişdir.
Müəssisənin fəaliyyətə başlamasının ilk onilliklərində kollektivinin üzvləri tərəfindən “Kitabi-Dədə Qorqud”un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, Seyid İmadəddin Nəsimi, Kişvəri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən Qarabaği və b. kimi bir sıra klassiklərin irsi öyrənilmiş və əsərləri nəşr etdirilmişdir. Bu dövrdə Əlyazmalar İnstitutunun alim və tədqiqatçıları əlyazmaşünaslıqla bağlı bir sıra metodoloji problemlərin üzərində işləmiş, filologiyanın bu sahəsinin inkişafı üçün ilk elmi-təcrübi töhfələrini vermişlər. Fazil Seyidov “İkimininci ilə qədər hicri, miladi və şəmsi illəri cədvəli”ni, Pənahi Makulu iri həcmli “Ədəbi məlumat cədvəli”ni, Qulam Darabadi “Kalliqrafiya” monoqrafiyasını nəşr etdirmiş, M. Sultanov əlyazmaların elmi-paleoqrafik təsviri metodunu işləyib-hazırlamışdır. 50-60-cı illərdə müəssisənin fondunda mühafizə edilən şəxsi arxivlərin elmi təsviri işi də başlanmış, 1955-ci ildə Ağəmi İbrahimov “Mirzə Fətəli Axundov arxivinin təsviri”ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoymuş, 1961-ci və 1965-ci illərdə Mərziyə xanım Paşayeva “Cəlil Məmmədquluzadə arxivinin təsviri”ni və “Cəfər Cabbarlı arxivinin təsviri”ni, 1962-ci ildə Cənnət xanım Nağıyeva “Süleyman Sani Axundov arxivinin təsviri”ni nəşr etdirmişlər. 60-cı illərdən başlayaraq, müəssisədə mühafizə edilən əlyazmaların kataloqlaşdırılması təcrübəsi həyata keçirilmişdir. İnstitutun ilk “Əlyazmalar kataloqu” M. Sultanovun və C. Qəhrəmanovun redaktəsi altında 1963-cü və 1977-ci illərdə (iki cilddə) nəşr edilmiş, bundan sonra əlyzamaların kataloqlaşdırılması işinə daha böyük əhəmiyyət verilmiş və bir sıra kataloqlar tərtib edilmişdir. 1970-ci ildə Ə.Məmmədov Şah İsmayıl Xətainin, üç il sonra C. Qəhrəmanov İmadəddin Nəsimi irsinin elmi-tənqidi mətnlərini hazırlayıb nəşr etdirmiş və bununla da institutda sonrakı dövrlərdə türkdilli abidələrin orijinal qrafikada elmi-tənqidi mətninin hazırlanması işlərinin genişləndirilməsinə yol açılmışdı. 1970-ci ildə C.Qəhrəmanov “Nəsimi “Divan”ının leksikası” adlı fundamental tədqiqatını nəşr etdirməklə ümumiyyətlə Azərbaycanda linqvistik mənbəşünaslıq sahəsinin əsasını qoymuş, sonralar alimin rəhbərliyi altında bu sahə daha da inkişaf etdirilmişdir.
70-80-ci illərdə müəssisənin M.Sultanov, C.Qəhrəmanov, Ə.Məmmədov, C.Nağıyeva, F.Seyidov, M.Paşayeva, Ş.Cəmşidov, N.Qarayev, M.Məmmədova, E.Seyidbəyli kimi görkəmli alim və təcrübəli mütəxəssisləri ilə ünsiyyət şəraitində hal-hazırda Azadə Musayeva, Möhsün Nağısoylu, Kamandar Şərifov, Əbülfəz Əliyev, Arif Ramazanov, Aydın Xəlilov, Tahirə Nurəliyeva, Tahirə Həsənzadə, Zəminə Hacıyeva, Hacı Mayıl Əliyev, Əkrəm Bağırov, Söhrab Bayramlı, Müqəddəs Payızov, Müzafəddin Əzizov, Həsənağa Nəcəfov, Adil Sadıqov, Təyyar Əkbərov kimi alim-tədqiqatçılar, mütəxəssislər yetişmiş, onlar həmin dövrdə Azərbaycan əlyazmalarının mühafizəsi, tədqiqi və nəşri işinin inkişafına öz töhfələrini vermişlər.
Ancaq bütün nailiyyətlərinə baxmayaraq, İnstitut öz fəaliyyətinin ən coşqun dövrünə məhz Azərbaycan Respublikasının milli istiqlaliyyətinin bərpa edilməsindən sonra qədəm qoymuş, adı çəkilən alim və tədqiqatçılarla yanaşı, Paşa Kərimov, Fərid Ələkbərov, Əli Əliyev, Nailə Səmədova, Sevər Cabbarlı, Rəna Məmmədova, Zəkiyyə Əbilova, Aybəniz Rəhimova, Sona Hadıyeva, Mustafa Əliyev, Rauf Şeyxzamanlı və b. kimi gənc kadrların elmi potensialı tam gücü ilə məhz bu dövrdə açılmışdır. Müqayisə üçün göstərmək olar ki, 60-cı illərin sonunda müəssisədə cəmi 47 əməkdaş, o cümlədən, 3 elmlər doktoru və bir neçə elmlər namizədi işlədiyi halda, bu gün institutun təkcə elmi işçilərinin sayı 100-dən çoxdur ki, onların da arasında AMEA-nın 1 həqiqi, 1 müxbir üzvü olmaqla 10 elmlər doktoru və 34 fəlsəfə doktoru fəaliyyət göstərir. Sovet dövründə institutun əməkdaşları hər il vur-tut 2-3 kitab nəşr etdirməyə nail olurdularsa, 1991-ci ildən başlayaraq, institutun elmi nəşrlərinin sayı yüksələn xətt üzrə inkişaf etmiş, müəssisə, demək olar ki, hər il respublika səviyyəli elmi konfrans və seminarlar keçirmiş, Bakıda keçirilmiş ən böyük beynəlxalq elmi forumların təşkilində fəal iştirak etmişdir. Yeni şəraitdə institutun işlədiyi problematika da genişləndirilmiş, Azərbaycan əlyazma kitabının tarixi, paleoqrafiya məsələləri, islamşünaslıq, tarixi mənbəşünaslıq, elm tarixi və tərcümə tarixi istiqamətlərində işlər də həyata keçirilməyə başlamışdır. Həmin sahələr üzrə nəşr edilmiş M. Adilovun “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri”, “Türk mətninin transfoneliterasiya problemləri”, “Azərbaycan əliyazmalarında filiqranlar” (Ə.Əliyevlə), T. Nurəliyevanın “Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti”, K. Şərifovun “Mətnşünaslığın əsasları” və “Əbdülqəni Nuxəvi Xalisəqarizadə”, A.Xəlilovun “İlk Azərbaycan kitabı”, A.Musayevanın “Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı”, S.Cabbarlının “XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları” kimi bir sıra əsərlər milli yazı tariximizin ayrı-ayrı sahələrinin tədqiqi istiqamətində uğurlu addım kimi qiymətləndirilə bilər. İnstitutun əməkdaşlarından E.Seyidbəylinin “Qarabağ torpaq mülkiyyətinə aid arxeoqrafik materiallar”. “Gövhər ağa Cavanşirin sənədləri” və “Naxçıvan torpaq mülkiyyətinə aid XVII-XVIII əsr Kəngərli arxeoqrafik sənədləri” kitabları, T.Həsənzadənin “Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri” monoqrafiyası, yenə onun hazırladığı Marağalı Məhəmmədhəsən xanın “Xeyrati-hesan” əsərindən iqtibaslar, R.Məmmədovanın Səfəvilər dövrü və Nadir şahla bağlı sənədlər əsasında nəşr etdirdiyi tədqiqatlar, A. Ramazanov və K.Şərifovun nəşr etdirdikləri Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası”, N.Səmədovanın nəşr etdirdiyi M.S.Ordubadinin “Həyatım və mühitim” memuarı və məktubları, Ə.Bağırovun hazırladığı M.S.Ordubadinin “Qanlı illər” əsəri, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti-80” sənədlər və mənbələr toplusu, iri həcmli “Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr” kitabı Azərbaycanın yaxın-uzaq mədəni, ictimai-siyasi və sosial keçmişini öyrənmək üçün müasir tarixşünaslıq elminə qiymətli faktlar verir. Z.Əbilovanın nəşr etdirdiyi Əbdüssəlam Axundzadənin “Müqəddəs peyğəmbərlər tarixi”, S.Nemətzadənin “Əllamə Hilli və onun “İrşadül-əzhan ila əhkamil-iman” əsəri” monoqrafiyaları Azərbaycanda islamın yayılması tarixinin ilkin mənbələr əsasında öyrənilməsi üçün qiymətli mənbələrdir. M.Nağısoylunun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”, “Əhmədinin “Əsrarnamə” tərcüməsi”, “XVI əsr Azərbaycan tərcümə abidəsi “”Şühədanamə”, “Şirazinin “Gülşəni-raz” tərcüməsi” əsərləri milli tərcümə mədəniyyəti tariximizin tədqiqinə xidmət edir. Orta əsrlər Azərbaycanında elmin müxtəlif sahələrinin inkişaf tarixini tədqiq etmək istəyən mütəxəssislər üçün son illərdə nəşr edilmiş Xacə Nəsirəddin Tusinin “Adabül-mütəəlimin” (tərc. K.Şərifov), “Övsafül-əşraf” (tərc. R.Şeyxzamanlı), “Si-fəsl” (tərc. K.Abdullayev), “Təzkirə” (tərc. Ə.Əmirəhmədov) risalələrinin və fundamental “Şərhül-İşarat” (tərc. S.Bayramlı) əsərinin, Mehdi ibn Əli Nağı Şərifin “Zadül-müsafirin” (tərc. K.Abdullayev), Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” (nəşrə hazırlayanlar: M.Sultanov, A.Ramazanov, A.Fərzəliyev) kitabının, eləcə də F.Ələkbərovun nəşr etdirdiyi “Şərqin 1001 sirri” və “Tibbnamə” monoqrafiyalarının böyük əhəmiyyəti vardır. Bu dövrdə nəşr edilmiş Ş.Cəmşidovun “Kitabi-Dədəm Qorqud” (tarixi-coğrafi tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni)” monoqrafiyası, C.Qəhrəmanovun, Z.Hacıyevanın, Ş.Xəlilovun nəşr etdirdikləri “Suli Fəqih. “Yusif və Züleyxa”, “Yusif Məddah. “Vərqa və Gülşah”, “Mustafa Zərir. ”Yusif və Züleyxa”, M.Nağısoylu və S.Bayramlının nəşr etdirdikləri “Möhsün Nəsiri. “Lisanüt-teyr” kimi qiymətli mənbələr, Ə. Məmmədbağıroğlu və A.Ramazanovun nəşr etdirdikləri Mir Möhsün Nəvvabın divanı, A.Müsayevanın nəşr etdirdiyi Ruhi Bağdadinin divanı, M.Yarəhmədovun nəşr etdirdiyi Molla Cumanın divanı azərbaycan dili və ədəbiyyatı tarixi ilə məşğul olan mütəxəssislərə və geniş oxucu kütləsinə qiymətli töhvə olmuşdur.
Müstəqillik dövründə institutda anadilli abidələrin orijinal qrafikada elmi-tənqidi mətnlərinin hazırlanması və nəşri işində də nəzərəçarpacaq nailiyyətlər əldə edilmiş, H.M.Əliyevin tərtibatında Məhəmməd Füzuli divanının, A. Babayevanın tərtibatında Füzulinin “Leyli və Məcnun” məsnəvisinin, A. Şəriflinin tərtibatında İsanın “Mehri və Vəfa” poemasının, P. Kərimovun tərtibatında Əlican Qövsi Təbrizi divanının, T.Əkbərov tərəfindən Xətai Təbrizinin “Yusif və Züleyxa” məsnəvisinin elmi-tənqidi mətnləri ilk dəfə çap etdirilərək mütəxəssislər arasında yayılmışdır. Əlyazmaların kataloqlaşdırılması və arxiv materiallarının biblioqrafik göstəricilərinin nəşri sahəsindəki irəliləyiş də qeyd edilə bilər. 2000-ci illərdə institutda ərəb əlyazmaları kataloqunun üç cildi, fars əlyazmaları kataloqunun üç, türk əlyazmaları kataloqunun iki cildi, Məhəmməd Füzulinin biblioqrafiyası (tərtibçilər: C.Qəhrəmanov və A.Xəlilov), Xacə Nəsirəddin Tusinin biblioqrafiyası (tərt. A.Xəlilov və A.Musayeva), “Kitabi-Dədə Qorqud”un biblioqrafiyası (tərt. A.Xəlilov), Qarabağ biblioqrafiyası, “Füyuzat” jurnalının biblioqrafiyası (tərt. A.Xəlilov), həmçinin C.Nağıyevanın “Yusif Vəzir Çəmənzəminli arxivinin təsviri” və M.Məmmədovanın “Müslim Maqomayev arxivinin təsviri”, eləcə də M. Adilovun “Firudin bəy Köçərlinin şəxsi arxivi” kitabları nəşr edilmişdir. Paşa Kərimovun “XVII əsr anadilli Azərbaycan lirikası”, “XVII əsr anadilli Azərbaycan poeziyası (İcmal və portret-oçerklər)”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” monoqrafiyaları Səfəvilər dövrü Azərbaycan ədəbiyyatının tədqiqi baxımından böyük maraq doğurur.
Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 şöbə, 1 laboratoriya fəaliyyət göstərir.
Son dövrlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xarici ölkə kitabxanaları ilə əlaqələri genişlənmiş, surətlərini əldə etdiyimiz yazılı abidələrimizin sayı artmışdır. Əlbəttə ki, bunun əsas səbəbi Azərbaycanın müstəqilliyinə qovuşmasıdır. Artıq sovet dövründə olduğu kimi, bir əlyazmanın surətini əldə etmək üçün mərkəzdən, müxtəlif məqamlardan icazə almağa ehtiyac yoxdur. Xarici ölkə kitabxanalarından əldə edilmiş əlyazma surətləri tariximizi, mədəniyyət, elm və ədəbiyyat tariximizi yeni gözlə nəzərdən keçirməyə imkan verir. Bu işdə bizə kömək edən xarici ölkələrdə yaşayan həmvətənlərimizin (bunlardan Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin adını xüsusi olaraq çəkmək istərdim), xarici səfirliklərimizin, Heydər Əliyev Fondunun yardımı böyük əhəmiyyətə malikdir.
Onu da qeyd etmək istərdik ki, sovet dövründən bəri respublikamızda saxlanan əlyazmaların əhalidən toplanması prosesi getmişdir, Əlyazmalar İnstitutunda saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. Bəzən indi də dəyərli əlyazma əldə edilir. Əlyazmalar İnstitutun əməkdaşları Qəbələ və Quba bölgələrində elmi ekspedisiyada olmuş, orada əhalidə saxlanan əlyazmaların siyahısını tutmuşlar. 2013-cü ildə iki dəyərli əlyazma əldə edilmişdir. Bunlardan biri XIX əsrin sonları – XX əsrin əvvəllərində yaşamış şair Nəcəfqulu bəy Şeydanın "Gülşəni-maarif" adlı təzkirəsinin əlyazmasıdır. İndiyədək haqqında çox az məlumata malik olduğunuz, şairin xaricdə yaşayan nəvələri tərəfindən təqdim edilən bu əsərdə aşağıdakı şairlər haqqında məlumat, şeirlərindən nümunələr verilmişdir: Azər Buzovnalı, Əşrəf Nəzərli, Mir Bədrəddin Bədri, Məhəmməd Hadi Bakuvi Sabit, Əbdülxaliq Cənnəti, Hacıağa Hacı, Mirzə Möhsün Xəyali, Ağahüseyn Rəsulzadə, Mirzə Əbdüləli Səməndər, Həsən Səyyar, Mir Əbdülvəhhab Seyid Zərgər, Hacı Səlim Səyyah, Nəcəfqulu bəy Şeyda, Mikayıl Seydi, Sadiq bəy Sadiq, Mirzə Məhəmməd Ziya, Mirzə Həsib Qüdsi, Ağadadaş Müniri, Əliabbas Müznib, Səməd Mənsur, Əbdüləli Hilali, Məhəmməd Hadi Şirvani, Məhəmməd ağa Müctəhidzadə, Əbdülxaliq Yusif. Bu müəlliflərin təzkirədə təqdim olunan bir çox şeirlərinə əvvəlki mənbələrdə və nəşrlərdə rast gəlinmir.
Alınan ikinci əlyazma Qarabağ ədəbi mühitinin yetirməsi, şair və din xadimi Məhəmməd ağa Müctəhidzadənin 1918-ci il hadiləsələrinə aid xatirələrindən, Azərbaycan və fars dillərində yazdığı şeirlərindən ibarətdir. 1910-cu ildə İstanbulda nəşr edilmiş məşhur "Riyazül-aşiqin" təzkirəsinin müəllifi Məhəmməd ağanın bu əsərlərinin tarixçi və ədəbiyyatşünaslarımız üçün böyük maraq doğuracağı şübhəsizdir.
2013-cü ildə Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə və ədəbiyyatına dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilmişdir. Bunların içərisində XV əsrdə Təbrizə köçürülmüş "Kəlilə və Dimnə", cığatay dilində yazılmış, oğuz türklərinin tarixindən bəhs edən "Oğuznamə", XVI əsrdə yazılmış "Cərrahnamə", Əlişir Nəvainin əsərləri vardır. Bunlardan başqa, XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə aid xəritələr, müğənnilərimizin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri böyük maraq doğurur.
İstanbulun Mərmərə Universiteti Fənn-ədəbiyyat fakültəsi kitabxanasından əldə edilən XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması XV əsrdə Ağqoyunlular sarayında anadilli ədəbiyyatın inkişafına verilən diqqətin sübutudur. İndiyədək Əlyazmalar İnstitutunda həmin müəllifin "Əsrarnamə" tərcüməsi f.e.d.,prof. M.Nağısoylu tərəfindən nəşr və tədqiq edilmişdir. XVI əsr şairi Qəribinin Tehranın Məclis Kitabxanasından əldə edilmiş türkcə əsərləri məcmuəsinin surəti ədəbiyyat və dil tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsərlərinin ayrı-ayrı yerlərində rast gəlinən məlumatlar əsasında Qəribinin Anadolunun Məntəşə bölgəsində böyüyüb boya-başa çatdığını, sonradan şiəlik, səfəvilik, qızılbaşlıq ideyalarını qəbul edərək I Şah Təhmasib dövründə (1524-1576) Azərbaycana gəlib Təbrizdə saraya yaxınlaşdığını, burada şeirləri, dini risalələri ilə şiəlik, qızılbaşlıq ideyalarına xidmət etdiyini söyləyə bilərik. Cəsarətlə deyə bilərik ki, Səfəvilər dövlətinin ideoloji əsaslarını yaradan, bu məsələyə dair Azərbaycan türkcəsində əsərlər yazan ilk alimlərdən biri də Qəribi olmuşdur. Onun əsərlər toplusuna türkcə divanı, "Məcalisi-şüərayi-Rum" təzkirəsi, nəsrlə yazdığı bir sıra əsərlər daxildir.
XVII əsr şairimiz Mürtəzaqulu xan Zəfərin Kembric Universiteti kitabxanasından əldə edilmiş əlyazma divanının surəti də böyük maraq doğurur. Səfəvilər dövründə yüksək vəzifələrdə olmuş, ixtiyar çağlarında Şeyx Səfiəddin türbəsinin mütəvəlliçisi (nəzarətçisi), Ərdəbil vəziri vəzifəsini icra etmiş şair divanının dibaçəsində farsca yüz min beytə qədər şeir yazdığını, türk dilində də divan tərtib etmək qərarına gəldiyini bildirir. Bu divanın diqqəti cəlb edən cəhəti şeirlərdə danışıq dilinə məxsus söz və ifadələrdən, xalq şeiri formalarından istifadə edilməsindən ibarətdir. XVII əsrdə yaşamış böyük mütəfəkkir şairimiz Saib Təbrizinin Qahirənin Darül-kutub kitabxanasından əldə edilmiş külliyyatının surəti onunla maraqlıdır ki, buraya şairin anadilli şeirləri, Təbrizdə doğulması, ölümünə həsr edilən maddeyi-tarixlər barədə məlumat vardır.
Astane-Qüdse-Rəzəvi kitabxanasından əldə edilmiş XVII əsr şairi, Saib Təbrizi ədəbi məktəbinin davamçısı, şikəstə-nəstəliq xəttinin yaradıcısı Mürtəzaqulu Sultan Şamlunun divanı da maraq doğurur. XVII əsr şairimiz, Təbriz şəhərinin şeyxülislamı Mirzə Saleh Təbrizinin Tehranın Məclis kitabxanasından əldə edilmiş farsca divanına onun türkcə şeirləri də daxildir.
XIX əsr şairimiz Sabitin Təbriz Mərkəzi kitabxanasından surəti əldə edilmiş divanı Azərbaycan ikiyə bölündükdən sonra Cənubda ədəbiyyatda gedən lokal prosesləri öyrənmək baxımından maraqlıdır.
XVII-XVIII əsrlər Azərbaycan şairi, Cahan şah Qaraqoyunlu nəslindən olan alim, Nadir şah Əfşarın sifarişi ilə Nəcəfdə Həzrət Əli türbəsinin günbəzinə türkcə maddeyi-tarix yazmış Nəş’ə Təbrizinin farsca divanında onun ana dilində şeirləri də vardır. Bu əsərlərin surəti İstanbulun Topqapı sarayı muzeyindən əldə edilmişdir.
Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Fərid Ələkbərli Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində Vatikanın Apostol kitabxanasındakı Azərbaycan əlyazmalarını araşdırmış, bəzilərinin surətlərini gətirmişdir. Bunlardan aşağıdakı əsərlər xüsusilə diqqətəlayiqdir: XV-XVI əsrlərdə yaşamış hürufi şairi, Nəsimi ənənələrinin davamçısı Sürurinin divanı, Seyid Yəhya Bakuvinin oğlu Şeyx Əlinin həyatından bəhs edən "Mənaqibi-Şeyx Əli Səməqrəndi" əsəri, XVII əsr müəllifi Baba Həsən bin Məhəmməd Şirvaninin anadilli əsəri-nücum, cəfr və rəml elmlərinə aid "Ketab be şəcarə və şomare min nücum" risaləsi. Bunların arasında XIX əsrin naməlum müəllifinin əsəri də vardır ki, Səfəvilər, Qacarlar, onların müharibələri, Qafqaz, Bakı və Tiflisin ruslar tərəfindən zəbt edilməsi barədə geniş məlumat verir. Azərbaycan türkcəsində yazılan bu əsər indiyədək tədqiqata cəlb edilməmişdir.
XVII əsr osmanlı tarixçisi Məhəmməd Ədirnəvinin "Nəxcətül-təvarix" əsərində, o cümlədən, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixindən bəhs olunur. Həmin dövrə aid "Risaleyi-təhsil fit-tibb" adlı türkdilli əsər də diqqətəlayiqdir.
Bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil, çağdaş Azərbaycan Respublikası inkişaf etdikcə milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə, yazılı abidələrimizə, onların tədqiqi, nəşri və təbliğinə diqqətin get-gedə artması danılmaz faktdır. İnanırıq ki, vaxt gələcək, dünya kitabxanalarında tariximizə, mədəniyyət, elm və ədəbiyyat tariximizə dair bütün əlyazmaların surətləri, elektron variantları əlyazmaların vahid dövlət qorunma mərkəzdə kimi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda toplanacaqdır. Əldə edilən əlyazma surətləri əməkdaşlarımız tərəfindən tədqiq və nəşr edilir. Onların içində eləsi vardır ki, əhəmiyyəti nəzərə alınaraq nəşri tezləşdirilmişdir. Məsələn, 2012-ci ildə Tehranın Məclis kitabxanasından kulinariya tariximizə dair Nadir Mirzənin "Karnamə" əsərinin surəti əldə edilmişdi. Əsər 2013-cü ildə Əlyazmalar İnstitutunda tərcümə və nəşr edilmişdir (Tərcümə edəni: Rauf Şeyxzamanlı). Qacar şahzadəsi Nadir Mirzə bu əsərində 260-dan artıq xörəyin dəsturunu – reseptini toplayıb, sadə bir dillə oxucuya təqdim etmişdir. Əsər bütün sərvətlərimizə, o cümlədən, kulinariyamıza sahib çıxmaq istəyənlərə tutarlı cavabdır.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Univeritetinin nəzdnində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının (TİMA) və Beynəlxalq Əlyazmalar Cəmiyyətinin (ABŞ) üzvüdür.
2014-cü ilin fevral ayından AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna görkəmli alim, akademik Teymur Kərimli rəhbərlik edir. Bu illər ərzində institutun strukturunda səmərəli dəyişikliklər edilmiş, yeni tədqiqat şöbələri yaradılmış, institutun fəaliyyət istiqamətinə yeni sahələr əlavə olunmuş, müasir dövrün çağırışlarına cavab verməyən bəzi şöbələr ləğv edilmiş, bir-birinin işini təkrarlayan, fəaliyyəti eyni profildə olan bir neçə şöbə birləşdirilmiş, nəticədə institutun işi kifayət qədər optimallaşdırılmışdır. İnstitutun mövcud potensialı əsasında yeni təşkil olunan “Kitabşünaslıq və biblioqrafiya”, “Multidissiplinar əlyazmaların tədqiqi”, “Çap kitablarının tədqiqi” “Elmi fondlar”, “Əlyazmaların elektron resursları”, “Kitabxana və elmi informasiya”, “Əlyazmaların və əski çap kitablarının tərcüməsi”, “Beynəlxalq əlaqələr”, “Təhsil”, “İctimaiyyətlə əlaqələr” şöbəsi kimi struktur bölmələr sayəsində indtitut müasir tələblərlə ayaqlaşa bilir.
2016-cı ildə Əlyazmalar İnstitunun tarixində ilk dəfə magistratura fəaliyyətə başladı, müəssisə gənc kadrlara olan tələbatını ödəmək, nadir ixtisas bilgilərini yeni nəslə ötürmək məqsədi ilə arxivşünaslıq, yazılı abidələrin bərpası, kitabşünaslıq və kitabxanaşünaslıq ixtisasları üzrə mütəxəssis hazırlığına başladı. Artıq məzunlarımız bu gün bizimlə çiyin-çiyinə çalışır, elmi tədqiqatla məşğul olur, doktorantura-disertantura təhsili alır.
Hazırda institutda saxlanılan əlyazmaların elektron kitabxanası və kataloqu yaradılır, institutun redaksiya-nəşriyyat fəaliy¬yəti elmmetrik təhlil edilir, alimlərin əsərləri bibliometrik tədqiq olunur. Bu gün İnstitutun Elektronkitabxansınınbazasında 4500-ə qədər əlyazmanın rəqəmsal variantı saxlanılır. İnstitutun elektron kataloquna 12259 əlyazma və nadir əski çap kitabının təsviri daxil edilib.
Son beş ildə İnstitutun alimləri tərəfindən 168 kitab, 800-ə yaxın məqalə və tezis, o cümlədən 200-ə yaxın məqalə və tezis xaricdə (10 məqalə İmpakt faktorlu jurnallarda) çap edilib. Elmi işçilərin əsərlərinə 86 istinad olunub. İnstitut tərəfindən 5-i beynəlxalq olmaqla 11 elmi tədbir keçirilib. 4 problemin 13 mövzusu üzrə 62 elmi tədqiqat işi aparılıb, 14 mühüm elmi nəticə alınıb, 2 iş isə tətbiq olunub. Son illərdə “Nadir şah Əfşar: diplomatikyazışmalar” (2015); “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər”, Azərbaycan və ingilis dillərində (2017); “Əlyazmalar institutundakı türkdilli əlyazmaların toplu kataloqu”, 4 cilddə (2018); “Əlyazmalar institutunda saxlanan tibbə dair əlyazmalar kataloqu” (2018); “Ərəbdilli əlyazmalar kataloqu”, 4 cilddə (2019); “İlahiyyata dair əlyazmalar kataloqu”, 3 cilddə (2019); “Çağdaşımız Nəsimi” monoqrafiyası (2019); “Bilinməyən Nəsimi” qeyri-mətbu şeirlər toplusu (2019); “Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (erməni icmasının timsalında)” (2020) və s. kimi ciddi elmi əhəmiyyət daşıyan mühüm kitablar nəşr olunub.
Əldə olunan ən mühüm nailiyyətlərə akademik Teymur Kərimlinin layihə rəhbəri olduğu elmin müxtəlif sahələrini əhatə edən 150-ə yaxın mühüm əlyazmanın paleoqrafik təsvirini özündə cəmləyən “Azərbaycan multidissiplinar əlyazması: xazinədən incilər” kimi mükəmməl elmi araşdırmanı nümunə göstərmək olar. 2017-ci ildə Azərbaycan və ingilis dillərində nəfis şəkildə çap olunan bu kitab geniş elmi ictimaiyyətin əlyazma irsimizlə tanışlığı üçün imkanlar açır.
Bu illərdə institutun beynəlxalq əlaqələri genişlənib, 2015-ci il yanvarın 23-də Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Universitetinin nəzdində yaradılmış Beynəlxalq İslam Əlyazmaları Assosiasiyasına üzv qəbul edilib; Əlyazmalar İnstitutu 2015-ci il aprelin 7-də Mərakeş Krallığının Milli Kitabxanası ilə, 2016-cı il mayın 10-da Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz adına Tədqiqat və ArxivFondu ilə, 2017-ci il dekabrın 8-də Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə, 2017-ci il sentyabrın 27-dəMisir Milli Kitabxanası və Arxivləri ilə, 2018-ci il oktyabrın 29-da Türkiyənin Süleymaniyyə Kitabxanası ilə, 2019-cu il fevralın 21-də Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti ilə, 2019-cu ilin iyununda Sarayevo Tarix Arxivi, Bosnoya və Hersoqovinanın Milli və Universitet Kitabxanası, Bosniya və Hersoqovinanın İslam Cəmiyyəti nəzdində Qazi Xosrov bəy Kitabxanası ilə, 2020-ci fevralın 3-də Türkiyənin Ərdəhan Universiteti ilə, 2020-ci il iyunun 9-da Daşkənd Dövlət Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq haqqında saziş və anlaşma memorandumları imzalayıb.
Son illərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun UNESKO ilə əlaqələri daha da möhkəmlənib. Bunun nəticəsidir ki, UNESCO-nun Baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Məhəmməd Füzulinin “Divan”ının əlyazmasının surətinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə əlavə olunması haqqında qərar qəbul olunub. 2018-ci ildə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib. Cari ilin avqust ayında XIX əsrə aid bir əlyazmanın UNESCO-nun “Dünya Yaddaşı” beynəlxalq reyestrinə daxil edilməsi üçün təşkilatın Qeydiyyat altkomitəsinin rəhbəri professor Jan Bos ilə danışıqlar başa çatıb, hazırda bu istiqamətdə mühüm işlər aparılır.
İnstitutun çap məhsullarından 2015-ci ildən nəşrinə start verilmiş, hazırda Azərbaycan və ingilis dilində çıxan “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnalları Google Scholar və Semantic Scholar, İndex Copernicus kimi nüfuzlu beynəlxalq indeksləşdirmə bazalarında indeksləşdirilib.
Son dövrlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xarici ölkə kitabxanaları ilə əlaqələri genişlənmiş, surətlərini əldə etdiyimiz yazılı abidələrimizin sayı artmışdır. Əlbəttə ki, bunun əsas səbəbi Azərbaycanın müstəqilliyinə qovuşmasıdır. Artıq sovet dövründə olduğu kimi, bir əlyazmanın surətini əldə etmək üçün mərkəzdən, müxtəlif məqamlardan icazə almağa ehtiyac yoxdur. Xarici ölkə kitabxanalarından əldə edilmiş əlyazma surətləri tariximizi, mədəniyyət, elm və ədəbiyyat tariximizi yeni gözlə nəzərdən keçirməyə imkan verir. Bu işdə bizə kömək edən xarici ölkələrdə yaşayan həmvətənlərimizin (bunlardan Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin adını xüsusi olaraq çəkmək istərdim), xarici səfirliklərimizin, Heydər Əliyev Fondunun yardımı böyük əhəmiyyətə malikdir.
Onu da qeyd etmək istərdik ki, sovet dövründən bəri respublikamızda saxlanan əlyazmaların əhalidən toplanması prosesi getmişdir, Əlyazmalar İnstitutunda saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. Bəzən indi də dəyərli əlyazma əldə edilir. Əlyazmalar İnstitutunun əməkdaşları müxtəlif bölgələrdə elmi ekspedisiyada olmuş, əhalidə saxlanan əlyazmaların siyahısını tutmuşlar.
Bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil, çağdaş Azərbaycan Respublikası inkişaf etdikcə milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə, yazılı abidələrimizə, onların tədqiqi, nəşri və təbliğinə diqqətin get-gedə artması danılmaz faktdır. İnanırıq ki, vaxt gələcək, dünya kitabxanalarında tariximizə, mədəniyyət, elm və ədəbiyyat tariximizə dair bütün əlyazmaların surətləri, elektron variantları əlyazmaların vahid dövlət qorunma mərkəzi kimi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda toplanacaqdır.
Zəngin bir tarixi inkişaf yolu keçmiş Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da özünün 70 illik yubileyinə hazırlaşır. İnstitutun kollektivi bu şanlı tarixə öz töhfəsini verdiyinə görə qürur hissi keçirir.