Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

İnstitutun yeni kitabları

 

Şəfa əl-əsrar

Türkiyəli mütəxəssis Mehmet Rıhtımın nəşrə hazırladığı “Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və “Şəfa əl-əsrar” (“Sufiliyin sirləri”) adlı əsəri” kitabı AMEA Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə “Elm” nəşriyyatında çapdan çıxmışdır. Kitaba “Təsəvvüfün mahiyyəti, inkişafı, təsirləri”, “Azərbaycanda təsəvvüfün qısa tarixi” və “Seyid Yəhya Bakuvi və “Şəfa əl-əsrar” adlı əsəri” mövzusunda tədqiqatlar, eləcə də Seyid Yəhya Bakuvinin “Şəfa əl-əsrar” əsərinin mətni daxil edilmişdir.

* * *

Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlili “Firqətnamə”si

AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri Azadə Musabəylinin “Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlili “Firqətnamə”si (əlyazma qaynaqları əsasında araşdırma, müqayisəli mətnin transfoneliterasiyası və İstanbul nüsxəsinin fotofaksimilesi)” kitabı Nurlan nəşriyyatında çapdan çıxmışdır. Kitabda Türkiyədə yaranan Azərbaycan ədəbiyyatının original nümunələrindən biri, Xəlilinin 1471-cı ildə tamamladığı “Firqətnamə” əsərinin tədqiqi tarixi öyrənilmiş, poemanın Sankt-Peterburq, İstanbul və Berlin nüsxələri əsasında transfoneliterasiyası verilmiş, İstanbul Millət Kitabxanasında mühafizə edilən əlyazmasının original mətni elm aləminə təqdim edilmişdir.

* * *

Macarıstanda Azərbaycan-türk əlyazmaları

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Budapeştdə yerləşən Avropa Folklor İnstitutu ilə birlikdə AMEA Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilovun “Macarıstanda Azərbaycan-türk əlyazmaları” kitabçasını macar dilində nəşr etdirmişdir. Kitabça müvafiq kataloji məlumat əsasında Azərbaycan mədəniyyət tarixinin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Macarıstandakı sabiq səfiri cənab Həsən Həsənovun təşəbbüsü ilə yazılmışdır.

* * *

Seyid Nigarinin “Divan”ı çapdan çıxmışdır

XIX əsrin böyük azərbaycanlı sufi şairi və mütəfəkkiri Seyid Nigarinin “Divan”ı “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatda çapdan çıxmışdır. Kitaba müəllifin türk divanı ilə yanaşı, “Seyid Nigari mənaqibi” və alleqorik “Çaynamə” məsnəvisi də daxil edilmişdir. İlahi eşqi tərənnüm edən şairin şeirlərində vətənə, xüsusən Qarabağ torpağına sonsuz məhəbbət, mənəvi saflıq, yüksək bəşəri hisslər, həmçinin mənsub olduğu nəqşibəndi təriqətinin başlıca ideyaları və nəzəri əsasları öz əksini tapmışdır.
824 səhifə həcmində olan kitabı nəşrə AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Nəzakət Məmmədli hazırlamışdır.

* * *

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIX əsrdə yaşamış Qacarlar dövlətinin görkəmli tarixçi-coğrafiyaşünas alimi Marağalı Məhəmmədhəsən xan Etimaddüssəltənənin fars dilində yazılmış üçcildlik “Xeyrati-hesan” (Gözəllər sərvəti) əsəri nəşr edilmişdir.

“Nurlan” nəşriyyatında işıq üzü görən kitabda ictimi-siyasi və mədəni həyatda müəyyən mövqe tutmuş məşhur Şərq qadınlarından bəhs olunur.

Müasir oxucuya təqdim olunan kitabda 177 türk-azərbaycanlı qadın, Şərqin görkəmli dövlət xadimi, alim, şair qadınları haqqında məlumat verilir. Həmin sırada azərbaycanlı xanımlardan Məshəti Gəncəvi, Ağabəyim ağa, Gövhər ağa və başqaları barədə də söz açılmışdır.

Kitabda fars dilində yazmış şairə qadınların şeirlərinin həm transkripsiyası, həm də Azərbaycan dilinə tərcüməsi verilmişdir.
Kitabı fars dilindən tərcümə edən, həmçinin ön söz və qeydlərin müəllifi tarix elmləri namizədi Tahirə Həsənzadə, elmi redaktoru isə akademik Nailə Vəlixanlıdır.

* * *

Mənsur İbn Məhəmmədin “Kifayеyi-mənsuriyyə” əsəri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma əsasında çapa hazırlanmışdır.

1424-cü ildə qələmə alınmış bu əsərin I hissəsi insanın bədən quruluşu, ruhi vəziyyəti, daxili orqanları haqqında məlumata, II hissəsi isə müalicəyə (təbii bitkilərdən hazırlanmış dərmanların hazırlanması və istifadəsi qaydalarına) həsr olunmuşdur.

Qeyd etməliyik ki, Mənsur İbn Məhəmmədin anatomiya elminin inkişafında böyük xidmətləri olmuşdur. Kitabda onun çəkdiyi ilk insan skeletinin ən mükəmməl təsviri verilmişdir.

Mətni fars dilindən tərcümə edən və hazırlayan institutun elmi işçisi Zemfira Məmmədova, elmi redaktoru tarix elmləri doktoru Fərid Ələkbərlidir.

* * *


AMEA Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış “Dərbəndnamələr” adlı kitab “Nurlan” nəşriyyatında çap edilmişdir.

Buraya qədim Azərbaycan şəhəri Dərbəndin tarixinə aid yazılmış 4 əsərin mətni daxil edilmişdir. Bunlardan üçü əlyazma, biri isə əski çap kitabıdır. Bu Dərbəndnamələr içində 1891-ci ildə Mirzə Cəbrayıl Dərbəndi tərəfindən köçürülmüş nüsxə daha diqqətə layiqdir. Burada 5 min ildən artıq tarixi olan Dərbənd şəhərinin ərəb xilafəti dövründəki tarixi əhatə edilmişdir. Əsərin orijinal müəllifi bəlli deyil.

Nəşri hazırlayanlar institutun əməkdaşları Arif Ramazanov və Aynur Qədirli, redaktoru isə tarix elmləri namizədi Tahirə Həsənzadədir.

* * *

AMEA Əlyazmalar İnstitutu bu elm mərkəzinin yaradıcılarından biri və ilk direktoru, görkəmli şərqşünas alim və tərcüməçi Məmmədağa Sultanovun seçilmiş elmi və elmi-kütləvi məqalələrinin yer aldığı “Yazılı abidələrin tədqiqi” kitabını nəşr etdirmişdir.

“Nurlan” nəşriyyatında işıq üzü görən kitaba professor Mübariz Əlizadənin ön söz əvəzi “Xeyirxah, nəcib insan” məqaləsi də daxil edilmişdir.

Yeni nəşrdə “Xaqani Şirvani və Yaxın Şərq ədəbiyyatı”, “Mirzə Şəfi Vazeh”, “Molla Nəsrəddinin prototipi kimdir?”, “Təbii dərman bitkilərinin sirləri” məqalələri xüsusi maraq doğurur.

Alimin anadan olmasının 100 iliyinə həsr olunmuş kitabın redaktorları filol.e.d. Nəsib Göyüşov və filol.e.n. Qiymət Məhərrəmlidir.


* * *

Filol.e.n. Əli Məmmədbağıroğlunun tərtibatı ilə “Koroğlu” dastanının üç əlyazmasının mətni bir kitabda nəşr edilmişdir.
Kitaba birinci əlyazma kimi “Məşhur Koroğlunun hekayəti” dastanı, ikinci əlyazma isə folklorşünas Vəli Xuluflunun alman tədqiqatçısı baron Avqustun əsərindən etdiyi tərcümələr və prof. F.Çələbinin (Sankt-Peterburq) koroğluşünaslıqla bağlı maraqlı məqaləsi daxil edilmişdir. “Koroğlu dastanından qoşma və gəraylılar” əlyazması isə tədqiqatçı Salman Mümtazın arxivindən götürülmüşdür.


* * *

“Türkdilli əlyazmalar kataloqu”nun II cildi rus dilində çapdan çıxmışdır. Ümumi həcmi 263 səhifə olan kataloqa XI-XX əsrin əvvələrində yazıb-yaratmış Azərbaycan, Türkiyə və Orta Asiya şairlərinin yaradıcılığını əhatə edən 431 əlyazmanın elmi-paleoqrafik təsviri daxil edilmişdir. Əlyazma kitablarından bir neçəsi böyük özbək şairi Nəvai və klassik Azərbaycan ədəbiyyatının nümayəndələrindən Məhəmməd Füzulinin əsərlərindən ibarət müştərək toplulardır. Yeni nəşr olunan kataloqda Azərbaycan şairləri Nəsimi, Kişvəri, Xətai, Füzuli, türk şairləri Baqi, Nabi, Naili, özbək şairi Nəvai, türkmən şairi Məxdumqulu və başqalarının divanları haqqında məlumatlar əks olunmuşdur.

* * *

Filol.e.d. Məmməd Adilovun “Azərbaycan paleoqrafiyası” adlı monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxmışdır. Ümumi həcmi 224 səh. olan əsərdə Azərbaycan əlyazma kitabı anlayışı ilə bağlı məsələlərin əksəriyyəti işıqlandırılmış, müvafiq terminoloji izahatlar verilmişdir. Əlyazma mütəxəssisləri üçün nəzərdə tutulan kitabın redaktoru filol.e.n. Paşa Kərimovdur.


 

 

* * *


XVI əsrin ikinci yarısı – XVII əsrin əvvəllərində yaşayıb-yaratmış görkəmli Azərbaycan alim və şairi, rəssamı Sadiq bəy Əfşarın “Şeirlər” toplusu “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüşdür. Kitaba şairin anadilli qəsidə və qəzəlləri, saqinaməsi, ərzi-halı, tərkibbənd və qitəsi, eyni zamanda həmin əsərlərinin fotofaksimilesi daxil edilmişdir. Sadiq bayin ilk dəfə nəşr edilən kitabını çapa hazırlayan filol.e.n. Paşa Kərimov müəllifin şəxsiyyəti və türkdilli lirikası haqqında geniş ön söz yazmişdır.


 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.