Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

24.5.2013

M.Nağısoylunun biblioqrafiyası

Bu yaxınlarda görkəmli mənbəşünas alim, ədəbiyyat və dil tarixinin araşdırıcısı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun biblioqrafiyası (1977-2012-ci illəri əhatə edir) "Elm və təhsil" nəşriyyatında çapdan çıxmışdır (tərtibçi Lora Əliyevadır). Biblioqrafiyaya alimin elmi və pedaqoji fəaliyyətini əks etdirən monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi və elmi-kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri, dissertasiyalara rəhbərlik və opponentlik işləri daxil edilmişdir. Həmçinin alimin həyatının əsas tarixləri göstərilmiş, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk verilmiş, əsərləri və özü haqqında nəşr olunan yazılar və Azərbaycan xalqının yazılı abidələrini geniş təbliğ edən müxtəlif səviyyəli konfrans, simpozium və elmi müşavirələrdə etdiyi çıxış və məruzələri öz əksini tapmışdır.

Biblioqrafiyanın nəşri münasibətilə otuz ildən artıq bir müddət ərzində tanıdığım məhsuldar alim, gözəl insan Möhsün Nağısoylu barədə oxuculara daha ətraflı məlumat vermək, bəzi təəssüratlarımı bölüşmək istərdim.

Möhsün Zellabdin oğlu Nağısoylu 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il indiki Azərbaycan MEA Əlyazmalar İnsitutunun aspiranturasına (qiyabi) daxil olmuşdur. 1972-ci ilin fevral ayında Əlyazmalar İnstitutuna baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. Savadına və çalışqanlığına görə bir müddət sonra o, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrinə yüksəlmişdir. 1988-ci ilin fevralından isə İnstitutun farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır.

M.Nağısoylu 1979-cu ildə görkəmli mətnşünas alim, professor Cahangir Qəhrəmanovun elmi rəhbərliyi ilə "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. O, orta əsr Azərbaycan tərcümə abidələri üzərində araşdırmalarını davam etdirərək 1994-cü ildə "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Möhsün Nağısoyluya "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə professor elmi adı verilmişdir.

Möhsün Nağısoylu Əlyazmalar İnstitutunda işlədiyi 40 il ərzində farsdilli və türkdilli əlyazmaların tədqiqi və nəşri sahəsində səmərəli elmi fəaliyyət göstərərək ölkəmizdə bu sahədə tanınmış aparıcı mütəxəssislərdən biri səviyyəsinə yüksəlmişdir.

M.Nağısoylunun mühüm elmi nailiyyətləri sırasında orta əsrlərə aid Azərbaycan tərcümə ədəbiyyatı nümunələrindən bir neçəsinin ilk dəfə olaraq aşkara çıxarılması, ədəbiyyatşünaslıq, mətnşünaslıq və dilçilik aspektindən sistemli şəkildə araşdırılması xüsusi olaraq qeyd olunmalıdır. Məhz onun səmərəli elmi axtarışları nəticəsində Şirazinin "Gülşəni-raz" (1426) və Həzininin "Hədisi-ərbəin" (1524) tərcüməsi ilk dəfə Azərbaycan elmi ictimaiyyətinə təqdim edilmiş və geniş elmi tədqiqata cəlb olunmuşdur. Bundan əlavə, ədəbi dil tarixinin dəyərli nümunələrindən olan "Şeyx Səfi təzkirəsi" onun rəhbərliyi ilə nəşrə hazırlanmışdır.

Professor Möhsün Nağısoylunun əsas tədqiqat obyekti olan orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, onun araşdırmaları klassik ədəbiyyatımızın hərtərəfli tədqiqi üçün mühüm əhəmiyyət daşıyır. AMEA-nın nəşr etdiyi "Azərbaycan ədəbiyyatı tarixi" kitabının III cildində onun tədqiqatlarından da istifadə edilməsi buna əyani sübutdur.

M.Nağısoylu Azərbaycan filologiya elmində yeni bir sahə olan linqvistik mətnşünaslıq üzrə ciddi və sanballı araşdırmalar müəllifi kimi tanınır. Onun XV-XVI əsrlərə aid tərcümə abidələri üzərindəki mətnşünaslıq və dilçilik aspektində apardığı araşdırmaları həmin əlyazmalarda işlənən ayrı-ayrı söz və ifadələrin ilk dəfə məhz klassik mütərcimlər tərəfindən yazılı ədəbi dilimizə gətirilməsi faktlarını üzə çıxarmışdır. Bundan əlavə, klassik tərcümə mətnlərində işlənən bir sıra nadir türk mənşəli sözlər ilk dəfə məhz M.Nağısoylunun tədqiqatlarında aşkar edilmiş və araşdırılmışdır. Onun bu sahədəki fəaliyyəti gələcəkdə Azərbaycan dilinin tarixi lüğətinin hazırlanması üçün yaxşı zəmin hazırlayır.

Professor Möhsün Nağısoylu Azərbaycanda tərcümə tarixi məsələləri üzrə ardıcıl tədqiqat aparan görkəmli mütəxəssislərdən biri sayılır. Onun bu istiqamətdə apardığı tədqiqatlarda tərcümə tarixi, klassik tərcümənin özünəməxsus xüsusiyyətləri ilə yanaşı, mətnşünaslıq, ədəbiyyat tarixi və dilçilik məsələləri də əsas yer tutur və bu yöndə gələcəkdə aparılacaq araşdırmalar üçün zəmin yaradır, yol açır.

M.Nağısoylunun elmi tədqiqatlarının nəticələri indiyədək çap etdirdiyi 31 kitabında, o cümlədən ümumi həcmi 130 ç.v. olan 8 monoqrafiyada, ümumi həcmi 300 ç.v. olan 16 tərtibat və tərcümə işində, ümumi həcmi 120 ç.v. olan 2 lüğətdə, ümumi həcmi 75 ç.v. olan 5 dərs vəsaitində öz əksini tapmışdır. "Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti" (B.,2000), Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsəri" (B.,2002), "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (B.,2003), "Şirazinin "Gülşəni-raz" tərcüməsi" (2004), "Əhmədinin "Əsrarnamə tərcüməsi" (B., 2005), "A.Bakıxanovun "Riyazül-qüds" əsəri klassik tərcümə nümunəsi kimi" (B.,2006), "Həzininin "Hədisi-ərbəin" tərcüməsi" (B.,2008), "XVI əsr Azərbaycan tərcümə əsəri "Kəvamilüt-təbir" (B., 2011) monoqrafiyaları, eləcə də Möhsün Nəsirinin "Lisanüt-teyr" (2001), Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" (2005), "Şeyx Səfi təzkirəsi" (2006) və başqa kitabları Azərbaycan ədəbiyyatşünasları və dilçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Professor Möhsün Nağısoylunun əsas xidməti mətnşünaslığın nəzəri və təcrübi məsələləri, Məhəmməd Füzulinin, Şirazinin, Əhmədinin, Möhsün Nəsirinin, Şeyx Mahmud Şəbüstərinin, Həzininin, Abbasqulu ağa Bakıxanovun tərcümə irsinin öyrənilməsi ilə əlaqədardır. Farsdilli yazılı abidələrin kataloqlaşdırılması, onların Azərbaycan dilinə tərcüməsi və nəşrə hazırlanması, eləcə də türkdilli tərcümə əsərlərinin tədqiqi sahəsində nəzərəçarpacaq nailiyyətləri vardır. Möhsün müəllimin fars dilindən tərcümə etdiyi Sədrəddin Bəlağinin "Quran qissələri" və Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" məsnəvisi onun peşəkar və bacarıqlı bir mütərcim olduğunu sübut edir.

Möhsün Nağısoylu 1988-ci ildən AMEA Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsinə rəhbərlik edir. Onun başçılığı altında şöbədə farsdilli əlyazmalar kataloqunun 3 cildi nəşr edilmiş, Xacə Nəsirəddin Tusi, Səfiəddin Urməvi, Şeyx Əttar, Şeyx Mahmud Şəbüstəri kimi şairlərin əsərləri Azərbaycan dilinə tərcümə olunmuş, Əmir Şahi, Şərafəddin Rami Təbrizi divanlarının elmi-tənqidi mətnləri hazırlanmışdır.

M.Nağısoylunun elmi yaradıcılığı və monoqrafik araşdırmaları-kitabları haqqında onlarla məqalə nəşr olunmuşdur. Bəzi müvafiq ensiklopediya və məlumat kitablarında haqqında bilgilər verilmişdir. Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov isə tədqiqatçının dörd kitabı haqqında geniş rəy yazmışdır. O, M.Nağısoylunun "Gülşəni-raz" tərcüməsinə həsr etdiyi monoqrafiyası haqqında yazır: "İstər Azərbaycan ədəbiyyatı tarixi, istərsə də ədəbi dil tarixinin araşdırılması üçün çox dəyərli bir tədqiqat saydığım bu kitabda qoyulan məsələlərin hamısı aktuallığı və sanballığı, elmi yeniliyi və yüksək peşəkarlıqla işlənməsi ilə diqqəti cəlb edir" ("Ədəbiyyat qəzeti", 8 oktyabr, 2004-cü il).

Professor Möhsün Nağısoylu həmçinin rus dilində nəşr olunmuş "Fars əlyazmaları kataloqu"nun 1-ci, 2-ci və 3-cü cildlərinin həmmüəlliflərindən biri və elmi redaktorudur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə tərtib edilmiş "Farsca-Azərbaycanca lüğət" (640 səh.) 25000 tirajla nəşr olunmuşdur. 80 çap vərəqi həcmində tərtib edilmiş "Azərbaycanca-farsca lüğət" isə nəşrə hazırdır və bu yaxınlara işıq üzü görəcəkdir.

Möhsün müəllimin müəllifi olduğu "Azərbaycan dili" dərs vəsaiti indiyədək 12 dəfə kütləvi şəkildə nəşr edilmişdir. Həmin kitab Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dərs vəsaiti kimi tövsiyə edilmiş və məktəblərdə ondan dərs vəsaiti kimi istifadə olunur.

Professor Möhsün Nağısoylu həmçinin 50-dən çox monoqrafiya və kitabın elmi redaktoru, 30-a yaxın kitabın elmi rəyçisidir.

M.Nağısoylunun mühüm elmi nailiyyətləri ölkədə və xaricdə nüfuzlu elmi nəşrlərdə dərc edilmişdir. O, 230-dan çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Məqalələri Azərbaycanla yanaşı, Ankara, Konya, Lefkoşa, Tehran, Kabil, Moskva, Sankt-Peterburq, İrəvan, Aşqabad və Kazan şəhərlərində nəşr olunmuşdur. Bir sıra beynəlxalq elmi konfransın iştirakçısı olmuş, rus, fars və türk dillərində məruzələrlə çıxış etmişdir. Tərtibçisi olduğu kitablardan biri Ankarada, biri isə Tehranda fars dilində nəşr olunmuşdur.

Professor Möhsün Nağısoylunun əsərləri bir sıra xarici ölkələrdə də tanınır. Tanınmış İran alimi, professor Hüseyn Sədiq, Türkiyə alimi, professor Sönməz Kutlu və alman türkoloqu Heidi Stein öz araşdırmalarında M.Nağısoylunun bir neçə əsərinə istinad etmişdir.

M.Nağısoylu 30 ildən artıqdır ki, İnstitutun elmi şurasının üzvüdür. 2007-ci ildən isə Nizami adına Milli Ədəbiyyat Muzeyinin elmi şurasının üzvüdür.

O, on ilə yaxındır ki, Azərbaycan MEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdindəki ixtisaslaşdırılmış müdafiə şurasının, eləcə də Əlyazmalar İnstitutu nəzdində yaradılan birdəfəlik müdafiə şurasının üzvüdür.

Möhsün Nağısoylu indiyədək 5 doktorluq və 19 namizədlik işinə opponentlik etmişdir. Elmi rəhbəri olduğu altı dissertant namizədlik dissertasiyalarını uğurla müdafiə etmişdir. Beş dissertantının isə elmi işi tamamlanmış və müdafiəyə təqdim olunmuşdur.

Möhsün müəllim 1993-cü ildən başlayaraq pedaqoji fəaliyyətlə də məşğul olur. O, müxtəlif illərdə Bakıdakı Qafqaz Universitetində və Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmişdir. Hazırda Bakı Slavyan Universitetində tərcümə ədəbiyyatı tarixi üzrə ixtisas kursundan dərs deyir. Səmərəli pedaqoji fəaliyyətinə görə 2000-ci ildə Azərbaycan Təhsil Nazirliyinin, 2005-ci ildə isə Azərbaycan MEA-nın fəxri fərmanları ilə təltif olunmuşdur.

Görkəmli şərqşünas-mətnşünas alim kimi tanınan professor Möhsün Nağısoylu İnstitutda işlədiyi 40 il müddətində özünə qarşı tələbkar elmi işçi, səmimi insan, zəhmətkeş və təvazökar alim kimi kollektivin hörmətini qazanmış, gənc elmi kadrların hazırlanmasında əməyini əsirgəməmişdir.

Möhsün Nağısoylunu bir tədqiqatçı alim kimi səciyyələndirdikdə hər şeydən öncə xalqımızın mənəvi sərvəti olan əlyazmalar - qədim və orta əsrlərin bu əvəzsiz yazılı abidələri yada düşür. Axı o, mənalı ömrünün böyük bir hissəsini - düz qırx ilini yazılı abidələrə həsr etmiş və bu sahədə görkəmli bir tədqiqatçı kimi tanınmışdır...

Professor Möhsün Nağısoylu elmi yaradıcılığının ən yetkin və məhsuldar mərhələsini yaşamaqdadır. İnanırıq ki, Möhsün müəllim bundan sonra hələ çox dəyərli əsərlərə imza atacaqdır.

PAŞA KƏRİMOV,
Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.