Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

8.5.2013

Elnura Babayeva
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, tədqiqatçı

Saçaqlızadə əsərlərinin Bakı əlyazma nüsxəsi

Təsfir, hədis və Hənəfi məzhəbində fiqh alimi kimi tanınmış Saçaqlızadə 1070 - 1080 (1660 - 1670)-ci illərdə Qəhrəman - Mərəş şəhərində doğulmuşdur. Əsl adı Məhəmməd Əbu Bəkrdir. Doğum yerinə nisbətdə Mərəşi adlandırıldı. Saçaqlızadə bu ləqəbi ilə məşhur olmuşdur. Atası Əbu Bəkrin uzun müddət Mərəşdə imamlıq etdiyi bir çox mənbələrdə qeyd olunmuşdur [1,368].

İlk təhsilinə məmləkətində başlayan Saçaqlızadənin müəllimləri arasında Həsən Mərəşi, Darəndəli Həmzə Əfəndi və Tibyan təfsirinin tərcüməsini etmiş Ayıntabi Məhəmməd Əfəndi kimi alimlər vardır. Sonralar Saçaqlızadə Şama getmiş orada böyük alim Əbdülğəni Nəblusidən təfsir və hədis elmlərini öyrənib, təsəvvufun incəliklərinə yiyələnmişdir. Bir müddət Şamda qaldıqdan sonra Saçaqlızadə müəlliminin razılığı ilə yenidən Mərəşə qayıtmış, orada tədris - təlim ilə birlikdə Mərəş və onun ətrafında irşad fəaliyyəti ilə də məşğul olmuşdur. Mənbələrə istinadən Saçaqlızadə 1145(1732)-ci ildə vəfat edib, Şeyx Adil (xalq arasında Şahadil) məzarlığında dəfn edildiyi məlumdur. Ancaq bəzi qaynaqlarda onun irşad məqsədi ilə Kilisə gedərkən Qaziantəp yaxınlığında vəfat etdiyi və şəhərin Saçaqlı təpəsi deyilən yerində dəfn edildiyi söylənilir. Ölümü üçün 1150(1737), 1154(1741), 1155(1742) kimi tarixlər də verilməkdədir (1,369).

Saçaqlızadə təfsir, kəlam, məntiq, fəraiz, məani və münazara kimi elmlərə aid əsərlər yazmışdır. Müxtəlif mövzularda çoxlu sayda əsərləri mövcud olan Saçaqlızadə yaradıcılığını araşdırarkən onun daha çox kəlam sahəsində məşğul olduğu aydın olur. Lakin buna baxmayaraq Şama gedişindən sonra müəllimi Nəblusidən ilhamlanaraq təsəvvufə meyl etdiyi ortaya çıxmışdır. Bursalı Məhəmməd Tahir Saçaqlızadənin 30 - a yaxın, Səlim Kadduri 65 -ə,Tahsin Özcan isə 120 əsəri olduğunu qeyd etmişdir. Ancaq ona aid əsərlərin müxtəlif adlarla zikr edilməsi səbəbindən Saçaqlızadə əsərlərinin sayı haqqında dəqiq bir məlumat yoxdur.

Zəngin elmi irsə malik olan Saçaqlızadənin yaradıcılığı öz dövründə böyük əhəmiyyət kəsb etdiyi kimi günümüzdə də əhəmiyyətini itirməmişdir.

Əsərlərindən bəziləri bunlardır. 1."Haşiyə Təfsiri kəşşaf alə surət il Bəqara", 2."Aynül - həyat fi bəyanil - münasibat fi surətil-Fatiha", 3."Risalə fil - ayətil - mütəşəbihat", 4."Rasilə fi ima i -validi Rəsulullah", 5."Ğayətül - bürhan fi təfsiri ayətəl kürsü ", 6."Haşiyə alə Şərhi Dibacəi - Tariqəti Məhəmmədiyyə", 7. "Təhsilül fəraiz", 8."İsmətül - əznan", 9."Sübhatül kadr fi mədhi - mülkil - kadir", 10."Səlsəbilil - məani", 11."Təvdihu zübdətil - mənazır", 12."Nəhrün - nəcat fi təfsili aynül - həyat", 13."Əndəbibül- mənazır", 14."Haşiyə alə Şərhi Risalətül-adabli Daşkörpüzadə", 15."Təqrinül-qavanin minəl-məntiq vəl - münazara", 16."Risalə fi təcdidi iman", 17."Risalə fil-fətava", 18."Camiul - kunuz", 19."Cəhdül-məkal min ət təcvid", 20."Tahrir üt- takrir minəl - münazara" və s. [2,204].

Saçaqlızadə həmçinin Osmanlı mədrəsələrində tədris proqramlarının inkişafında rol oynayan, nadir incilərdən sayılan "Tərtibul-ulumun" müəllifidir.

Azərbaycanda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan əlyazma kitablar yalnız öz məzmunu ilə deyil, eyni zamanda sənət abidəsi kimi də çox dəyərlidir. Orta əsrlərin kitab tarixi və kitab sənətini, rəssamlıq məktəblərini və təsviri incəsənəti, eləcə də başqa sahələri öyrənmək baxımından əlyazma kitabları əsas mənbədir. Onların bədii tərtibatı, miniatürləri, kalliqrafik xətt nümunələri, incə naxış və ornamentləri, böyük estetik zövqlə hazırlanmış bədii cildləri və s. keçmiş yüzilliklərin incəsənəti ilə ayrılmaz şəkildə bağlı olan başlıca faktorlardır. Özündə kompleks bilikləri birləşdirən əlyazma kitabları bu və ya digər xalqın maddi -mədəniyyətinin əvəzsiz abidələri sayılır. [3,3]

Əlyazmalar İnstitutunda Saçaqlızadənin müxtəlif məzmunlu əsərlərinin 60-dan çox əlyazma nüsxəsi mövcuddur. Onun məntiqə dair ərəb dilində yazdığı "Taqrirul - kavaninil mütədavilə min ilmil-munazara" əsərinin isə əlyazma nüsxələri daha çoxdur. Bu əsər müəllif tərəfindən əvvəl "Tahrirut -takrir" adı ilə şərh edilmiş, sonra "ər-Risalətul-vələdiyyə" adı ilə özətlənmişdir.

Mənbələrə əsasən bir çox alimlər bu əsərə şərh yazmışlar. Bunlardan biri və ən məşhuru Məhəmməd ibn Əşrəf əs- Səmərqəndiyyə məxsus "Şərhur-Risalətus - Səmərqəndiyə" adlı şərhdir. [4,325] Həmçinin Qara Xəlil ibn Məhəmməd Qazi aşkar əl- Konəvi tərəfindən də bu əsərə şərh yazılmışdır [5,203].

Əlyazmalar İnstitutunda Saçaqlızadənin ərəb dilində yazdığı "Risalətu fi fənni əl- Munazara" adlı əsərinin nüsxələri tərtibat və elmi - poleoqrafik baxımdan bir - birindən fərqlənirlər. Nüsxələrin içərisində ən əski olanı (B-5126) 1109 (1697)-cu ildə köçürülmüşdür. Ən son köçürülən nüsxələrin (B -7667; B-1207) tarixi isə 1322 (1904)--ci ildir. Nüsxələrin demək olar ki, hamısı tam mətnlidir. Lakin buna baxmayaraq, əvvəli naqis (B-3871, B-5126) və sonu naqis olan nüsxələr də (B - 3708, B - 3458) vardır. Bu əsərin bir neçə nüsxələrinin elmi - poleoqrafik təsvirinə nəzər salaq.

1. B - 234 şifrəli əlyazma

Həcmi 252 vərəq, ölçüsü 21,8x 16 sm - dir. Məcmuənin 173"b" -187"b" vərəqlərində yazılan əsərin mətni, qara mürəkkəblə şikəstə xətti ilə köçürülmüşdür. Başlıqlar qırmızı mürəkkəblə yazılıb. Vərəqlərdə müxtəlif istiqamətli çoxlu sayda şərhlər vardır. Müasir rəqəmlərlə səhifələnmişdir. Kağızı nisbətən qalın, açıq göyümtül, su nişanlı Avropa istehsalıdır. Cildi tünd qara rəngli kartondur. Katibi - Əbdülğəni Nuxəvidir. Köçürülmə tarixi 1249 (1834) -cu ildir. Köçürülmə yeri isə Nuxa (Şəki) şəhəridir.

2.B - 1207 şifrəli əlyazma

Həcmi 40 vərəq, ölçüsü 22 x 17,5 sm - dir. Əlyazma məcmuənin 2"b" - 15"b" səhifələrində yazılmışdır. Əsər qara mürəkkəblə, nəsx xətti ilə, Rusiya istehsalı olan boz rəngli kağıza yazılmışdır. Əsərdə bəzi başlıqlar nisbətən iri xətlə, qırmızı mürəkkəblə yazılmışdır. Bəzi sözlərin üzərində kiçik şərhlərlə izahlar verilmişdir. Əlyazmada orta əsr mətnşünaslığında tətbiq olunan şərti işarələrdən istifadə olunmuşdur. Həmçinin nüsxə fərqi də göstərilmişdir. Şərq üsulu ilə səhifələnib, üzü kartonla cildə tutulub. Katib əlyazmanın sonunda 2 bənd şeir yazmışdır. Bu şeir parçası Azərbaycan dilindədir:

Bunu yazdım yadigar olmaq üçün,
Oxuyanlar bir dua qılmaq üçün.

Katibi Hacı Muxtar Əfəndidir. Köçürülmə tarixi 1322 (1904)-ci ildir. Köçürülmə yeri isə Xaçmaz şəhəridir.

3. B - 1912 şifrəli əlyazma

Həcmi 89 vərəq, ölçüsü 22,5x 17sm - dir. Əlyazma məcmuədir. Saçaqlızadənin əsəri 1"b"-15"b" səhifələrini tutur. Qara mürəkkəblə, nəsx xətti ilə, şərq istehsalı olan boz rəngli kağıza yazılmışdır. Bəzi başlıqlar nisbətən iri xətlə qeyd olunmuşdur. Əlyazmanın kənarında şərhlər və haşiyələr vardır. Əlyazmada orta əsr mətnşünaslığında tətbiq olunan şərti işarələrdən istifadə olunub. Şərq üsulu ilə səhifələnib. Əlyazmanın üst qapağı yoxdur, alt qapağı isə kartonla cildə tutulmuşdur. Katibi - Məhəmməd Əli Əfəndidir. Köçürülmə tarixi 1238 (1822 )-ci ildir. Köçürülmə yeri isə Şəki şəhəridir.

4. B - 3509 şifrəli əlyazma

Həcmi 56 vərəq, ölçüsü 22x 17,5 sm - dir. Əsər məcmuə 1"b" - 20"a" səhifələrində yazılmışdır. Abidə qara mürəkkəblə, nəsx xətti ilə Rusiya istehsalı olan boz kağıza yazılmışdır. Bəzi sözlər nisbətən iri xətlə yazılmışdır. Şərti işarələrin yazılışında qırmızı mürəkkəbdən istifadə olunub. Əlyazmanın kənarında şərhlər və izahlar verilmişdir. Şərq üsulu ilə səhifələnib. Cildi sarı rəngli kartondur. Katibi Abdullah Əfəndi ibn Hacı Əbdülğənidir. Köçürülmə tarixi 1300(1882)-cü ildir. Köçürülmə yeri isə Şəki şəhəridir.

5. B - 4337 şifrəli əlyazma

Həcmi 118 vərəq, ölçüsü 22,5x 16,5 sm - dir. Əsər məcmuənin 38"b" - 58"a səhifələrində yazılmışdır. Abidə qara mürəkkəblə, nəsx xətti ilə, şərq istehsalı olan ağ əhərlənmiş kağıza yazılıb. Bəzi ifadələr iri xəttlə, qırmızı mürəkkəblə verilmişdir. Əlyazmanın kənarlarında şərhlər və izahlar var. Şərq üsulu ilə səhifələnib. Cildi yoxdur. Katibi Səid ibn Əli ibn Əhməddir. Köçürülmə tarixi 1110(1169) ildir. Köçürülmə yeri məlum deyil.

6. B - 7034 şifrəli əlyazma

Həcmi 142 vərəq, ölçüsü 20x 13 sm - dir. Əsər məcmuənin 88"a" -102"b" səhifələrində yazılmışdır. Qara mürəkkəblə, nəsx xətti ilə Avropa istehsalı olan boz rəngli kağıza yazılmışdır. Əlyazmanın kənarında şərhlər və izahlar var. Qırmızı və qara mürəkkəblə şərti işarələrdən istifadə olunub. 90"b"- 93"b" səhifələrində haşiyələrdə nəbati naxış adlanan güllər çəkilib. Əsər şərq üsulu ilə səhifələnib. Cildi sonradan bərpa olunub, kartonla cildlənmişdir. Katibi - Əbdülrəhim ibn Bəxtiyar əl-Burğari. Köçürülmə tarixi məlim deyil. Yazılma yeri isə Şamaxı şəhəridir.

Bu nüsxələrlə yanaşı alimin Əlyazmalar İnstitutunda B - 733 şifrəsi altında mühafizə olunan "Təqrir əl-qavanin" əsəri vardır. Əsərin həcmi 581 vərəq, ölçüsü 22,5x 17 sm - dir. Əsər məcmuənin 157"b" - 186"b" səhifələrin də yazılmışdır. Əlyazma nəstəlik elementli narın nəsx xətti ilə rus istehsalı olan ağ kağıza yazılmışdır. Əsərin bölmə və bəhsləri, eləcə də ayrı - ayrı sözlər qırmızı mürəkkəblə qeyd edilmişdir. Mətn traktatın başqa nüsxələri ilə müqayisəli şəkildə Əbdülqəni Nuxəvi Xalisəqarızadə tərəfindən tədqiq olunmuş, əlyazmanın haşiyələrində ayrı - ayrı müəlliflərin əsərlərindən, o cümlədən tanınmış Azərbaycan alimi Məhəmməd Əmin Şirvaninin "Cihət əl - vəhdə" əsərinə yazılmış şərhdən verilən çıxarışlarla ətraflı sürətdə şərh edilmişdir. Əlyazma həm Şərq üsulu, həm də müasir üsulla səhifələnmişdir. Cildi kartona keçirdilmiş tünd qəhvəyi rəngli dəridir. Katibi - Əbdülqəni Nuxəvi Xalisəqarızadə. Köçürülmə tarixi 1265 (1848) -ci ildir. Köçürülmə yeri Şəki şəhəridir.

Saçaqlızadənin Azərbaycanda qorunan əsərlərinin əlyazma nüsxələrinin elmi təsvirindən sonra belə bir nəticəyə gəldik ki, onun əsərləri Osmanlı dövlətinin bir çox bölgələrində olduğu kimi Azərbaycanda da mədrəsələr üçün əsas tədris vəsaiti olmuşdur. Onun Azərbaycanda qorunan əlyazma əsərlərinin tədqiqi isə elm və mədəniyyətimizin öyrənilməsində mühim yer tutur.

ƏDƏBİYYAT:

1. İslam ansiklopedisi. İstanbul, 2008, cild 35.

2. İslam alimləri ansiklopedisi, cild 17.

3. Kamandar Şərifli. Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə

kitabxanasının kataloqu, cild 1.

4. T.Bursalı. Osmanlı müəllifləri, İstanbul 1333.

5. Каталог. Арабских рукописей инстита рукописей им.

К.К.Кекелидзе. Тбилиси, 1978.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.