Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

15.02.2014

Strasburqda Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçirilmişdir

Strasburq, 15 fevral (AzərTAc). Azərbaycan mədəniyyətini və ədəbiyyatını bir çox ölkələrdə, o cümlədən Fransada tanıtmaq istiqamətində mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə fevralın 14də Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqun Reyn sarayında Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransı açan Strasburq Milli və Universitet Kitabxanasının administratoru Rober Puaro qonaqları salamlamış və Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm töhfə verdiyini xatırlatmışdır. O, Azərbaycanın dahi şairi Nizami Gəncəvini dünyanın söz ustadlarının ilham mənbəyi kimi təqdim etmiş, şairin Qərbi Avropada da yüksək dəyərləndirildiyini diqqətə çatdırmışdır.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov mötəbər konfransın Şərq intibahının və bütün bəşəriyyətin ən parlaq simalarından biri olan Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin xatirəsinə həsr olunmasından məmnunluq hissi keçirdiyini vurğulamış, söz sərrafının ədəbiyyatla yanaşı elm və humanist sahələrdə özündən sonra xalqımıza böyük irs qoyub getdiyini qeyd etmişdir. Şairin ədəbi və fəlsəfi fikirlərinin məcmusu olan “Xəmsə” əsərinin beş poemadan ibarət olduğunu, Nizami Gəncəvinin əsərlərinin və dərin humanist ideyalarının dünyanın, o cümlədən Avropanın və xüsusilə Fransanın ədəbi və fəlsəfi fikirləri üçün bir mənbə olduğunu vurğulamışdır.


Səfir N.Gəncəvinin 870 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar 2011ci ildə Prezident İlham Əliyevin Sərəncam imzaladığını, Azərbaycanın birinci xanımı, UNESCOnun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şairin əsərlərinin bir çox dillərə tərcümə olunaraq nəşr edildiyini, anadan olmasının 850 illik yubileyi ilə əlaqədar UNESCO tərəfindən 1991ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini, 2012ci ildə Romada büstünün qoyulduğunu diqqətə çatdırmış, əsərlərində azadlıq, bərabərlik və qardaşlıq ideyalarının təcəssüm tapdığını bildirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən, AMEAnın müxbir üzvü Teymur Kərimli “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi” adlı məruzəsində şairin məhəbbət mövzusunu bitkin bir fəlsəfi konsepsiya səviyyəsinə qaldırmasından, cəmiyyət həyatının və xoşbəxtliyinin ən önəmli amili kimi təqdim etməsindən söhbət açmışdır.
Nizami məhəbbəti və ümumiyyətlə bağlılıq duyğularını fərdlər arasından cəmiyyətə, oradan isə təbiətə keçirərək, onu qlobal bir hadisə kimi qiymətləndirmişdir. T.Kərimli qeyd etmişdir ki, böyük humanist şair olan Nizami Gəncəvinin məhəbbət haqqında görüşləri özündən sonra da bədii ədəbiyyata təsir göstərərək, bu problem barədə bütöv bir məktəbin formalaşmasına səbəb olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim “Nizami Gəncəvi bütün zamanların və bütün məkanların şairi” mövzusundakı məruzəsində şairin əsərlərində öz əksini tapmış ideyalardan, onun yaradıcılıq konsepsiyasının əsasında insan amilinin dayandığından, yaşayıbyaratdığı dövrdən neçə əsrlər keçməsinə baxmayaraq əsərlərində səsləndirdiyi fikirlərin müasir zamanda da aktuallığını itirmədiyindən söhbət açmışdır. Konfransda Strasburq Milli və Universitet Kitabxanasının əlyazmalar və mədəni irs bölməsinin rəhbəri Frederik Blenin “Nizami Strasburqda”, Prinston Universitetinin Yaxın Şərq Araşdırmalar Departamentinin professoru Mikael Barrinin “Nizami Gəncəvi könül şairi”, Dillər və Sivilizasiyalar Kitabxanasının elmi direktoru Fransis Rixardın “Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmasının orijinallığı”, Berlinin Humbolt Universitetinin professoru EvaMaria Auxun “Höte və Nizaminin şərqşünaslığı” və Neapol Şərqşünaslıq Universitetinin professoru Mişel Bernardinin “Psixoloji terapiya qismində olan hekayə: Yeddi gözəl” adlı məruzələri dinlənilmişdir.


Çıxışlarda Nizami Gəncəvinin Strasburq kitabxanasında 4175 nömrə altında saxlanılan əlyazmanın 370 səhifə və 1191 illüstrasiyadan ibarət olmasından, Nizaminin poemalarına Şərq rəssamları ilə yanaşı avropalı rəssamların da illüstrasiyalar çəkmələrindən, şairin əsərlərinin üzünün müxtəlif dövrlərdə ayrıayrı xəttatlar tərəfindən köçürülməsindən, poemalarda səsləndirilən fikirlərin bəşəri duyğulardan irəli gəlməsindən, alman şairi Hötenin özünün “ŞərqQərb divanı” əsərində dahi söz ustadına yüksək qiymət verməsindən bəhs olunmuşdur. Alzas bölgəsinin mədəniyyət məsələləri üzrə regional direktoru Alen Hauss Nizami Gəncəvi ilə bağlı sərginin Strasburqda təşkil olunmasının onlar üçün böyük şərəf olduğunu, şairin əsərlərinin bütün dünyada öyrənildiyini və tanınmış alimlərin iştirak etdiyi bu konfransın buna bariz nümunə olduğunu diqqətə çatdırmış, qloballaşan dünyada mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, Nizaminin əsərlərində əks olunan azadlıq, bərabərlik və qardaşlıq ideyalarının bu gün də öz aktuallığını itirmədiyini, sərginin Fransa ilə Azərbaycan arasında körpü saldığını, fransız ictimaiyyətinin sərgi sayəsində Azərbaycan ilə yaxından tanış olduğunu, ölkənin mədəni dəyərləri barədə ətraflı məlumat əldə etmələrində mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Konfransa yekun vuran Rober Puaro və səfir Elçin Əmirbəyov maraqlı məruzələrə görə alimlərə təşəkkürlərini bildirmiş və bu elmi tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Konfransda Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Emin Eyyubov, Amerikadan, İtaliyadan, Almaniyadan və digər ölkələrdən gəlmiş şərqşünaslar və Strasburq ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirin iştirakçıları Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgi ilə yaxından tanış olmuşlar. Onlara Heydər Əliyev Fondu tərəfindən şairin əsərlərinin müxtəlif dillərdə çap olunmuş nüsxələri paylanmışdır.

Əsgər Əliyev
AzərTAcın xüsusi müxbiri
Strasburq

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.