Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
22.10.2013

Paşa Kərimov,
filologiya üzrə elmlər doktoru,
Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən

ƏLYAZMA İRSİMİZİN QORUNMASI,
TƏDQİQİ VƏ TƏBLİĞİ BARƏDƏ

Dünyada elə bir böyük Şərq mədəniyyəti eksponatları muzeyi, Şərq əlyazmaları kitabxanası yoxdur ki, orada Azərbaycan xalqının maddi və mənəvi sərvəti olan yazılı abidələrimiz saxlanmasın. Bu gün Londonda və Parisdə, Vatikanda və Drezdendə, Nyu-Yorkda və Sarayevoda, İstanbulda və Qahirədə böyük Azərbaycan alim və şairlərinin elmi və bədii əsərləri köçürülmüş əlyazmalarımız mühafizə edilməkdədir. Dünyanın müxtəlif ölkələrində saxlanan abidələrimizin sayı o qədər çoxdur ki, təxmini olsa belə onların miqdarı barədə məlumat verə bilmirik. Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Azadə Musabəylinin «Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloqu. Şərq əlyazmaları kataloqları əsasında» adlı 3 cildlik kitabında 685 azərbaycanlı müəllifin 10000-dən artıq əlyazma nüsxəsi barədə məlumat verilir. Lakin bu, dünya kitabxanalarındakı yazılı abidələrimizin çox az bir hissəsidir, necə deyərlər, dəryada damladır.
Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi, tədqiqi və nəşri üzrə mərkəz kimi 1950-ci ildən fəaliyyət göstərən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12000-ə qədər ərəb, fars və türk (Azərbaycan) dillərində əlyazma, əski çap kitabları, sənədlər, görkəmli mədəniyyət xadimlərinin şəxsi arxiv materialları, əski mətbuat nümunələri – bütövlükdə 40000-ə qədər material qorunur, bərpa edilir, nəşr, tədqiq və təbliğ olunur.
Hal-hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən birinə çevrilmişdir. Orta əsrlər ərəb qrafikalı abidələrin məzmunu və nadirliyi baxımından o, dünyanın məşhur əlyazma xəzinələrindən geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini əhatə edən-tibb və astronomiya, riyaziyyat və minerologiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.
Qarşıda duran əsas vəzifələrdən biri türk, ərəb və fars əlyazmalarının kataloqunun tərtibindən ibarətdir. Bundan başqa, institutda saxlanan tarix, elm, mədəniyyət və ədəbiyyatın bir çox problemlərinin araşdırılması baxımından böyük maraq doğuran külli miqdarda materiallar bir sıra aktual elmi problemləri irəli sürür. Bunların arasında Azərbaycan və digər İslam Şərqi xalqlarının ən dəyərli yazılı abidələrinin hərtərəfli tədqiqi və nəşri, Azərbaycan arxeoqrafiya və paleoqrafiyasının aktual problemləri, orta əsr mətnşünaslıq məsələlərinin nəzəri əsaslandırılması, institutda saxlanan bütün materialların elmi, biblioqrafik, mövzu və xronoloji kataloqlarının tərtibi, Azərbaycan elm və mədəniyyət xadimlərinin şəxsi arxivlərinin, nadir abidələrin təsviri və faksimile üsulu ilə nəşri, elm və ədəbiyyata dair mühüm abidələrin tənqidi mətnlərinin çapı, əlyazmalar, əski çap kitabları, arxiv materiallarının elmi şəkildə mühafizə və bərpası, dijitallaşdırılması və s. problemləri xüsusilə qeyd etmək istərdik. Bütün bu məsələlər yazılı abidələri və ixtisaslı mütəxəssisləri olan mərkəzdə həll edilə bilər.
Əlyazmalar İnstitutunda saxlanan ərəbdilli abidələrdən İbn Sinanın 1143-cü ildə köçürülmüş «Qanun fit-tibb», Cövhərinin 1117-ci ildə köçürülmüş «Əs-sihah» əsərlərini, Sədullah Sədəddin Bərdəinin, Vəladəddin Ərdəbilinin, Əlbadkubi Yaqub bin Əhməd bin Məhəmmədin, əl-Ərəşi İbrahimin və s. əlyazmalarını göstərmək olar. Farsdilli əlyazmalardan Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Şeyx Mahmud Şəbüstəri, Övhədi Marağayi, Əssar Təbrizi və başqalarının əsərlərini nümunə gətirə bilərik.
Əlyazmalar İnstitutunda türkdilli əlyazmaların tədqiqinə xüsusi diqqət yetirilir. Öz məzmununa görə onlar orta əsrin bir sıra bilik sahələrini əhatə edir. Buraya bədii ədəbiyyat (şairlərin divanları, məcmuə və təzkirələr, ayrı-ayrı poemalar – məsnəvilər, nəsr əsərləri və s.), tarixi əsərlər (ümumi tarix, ayrı-ayrı region və şəhərlərin tarixi, xronologiyalar və s.), dini məzmunlu əsərlər, sufi ədəbiyyatı, qrammatika, lüğətlər və s. daxildir.
Xronoloji baxımdan türkdilli əlyazmalar XIII-XX əsrlərə aiddir və bir çox müasir türk xalqlarının (əsasən, Azərbaycan, türk, özbək, türkmən) yazılı abidələrini əks etdirir. İnstitutda saxlanan türkdilli əlyazmalardan Əli, Suli Fəqih, Yusif Məddah, Nəsimi, Nəvai, Kişvəri, Xətai, Füzuli, Mücrim Buxari, Baqi, Güvahi, Nədim, Naili, Leyla xanım Moralızadə, Ziya paşa, Məxtumqulu, qumuq şairi Əbu Süfyan Qazanişi və başqalarının əsərlərini göstərmək olar. Göründüyü kimi, Əlyazmalar İnstitutunun əlyazma kolleksiyası türk xalqları arasındakı mənəvi birliyin bariz sübutudur.
Türkdilli əlyazmaların tədqiqi, elmi təsviri, bir də ona görə xüsusi əhəmiyyət daşıyır ki, bunların içərisində nadir və elm üçün maraqlı nüsxələr az deyildir. Bu baxımdan Azərbaycanda tərtib olunmuş, XIV-XVIII əsrlərdə yaşamış şairlərin əsərlərindən toplanmış ayrı-ayrı parçaları özündə cəmləşdirən ədəbi və poetik məcmuələri – cüngləri xüsusi qeyd etmək lazım gəlir. Bu məcmüələrin dərin elmi təsviri müxtəlif dövrlərdə yaşamış və ya bir-birinin müasiri olan şairlərin əsərlərinin mövzu cəhətdən yaxınlığını təyin etməyə, müxtəlif müəlliflərin yaradıcılığının qarşılıqlı təsirini müəyyənləşdirməyə, eyni zamanda, onların hər birinin ədəbi üslubunu tədqiq etməyə kömək edir.
Mövzu baxımından yaxın əsərlərin bir məcmuədə toplanması, türkdilli ədəbiyyatda, o cümlədən, Azərbaycan ədəbiyyatında təsadüfi hal deyildir. Bir çox cünglərin tərtibçiləri mövzu baxımından yaxın əsərləri bir məcmuədə toplamaqla, təkcə müxtəlif müəlliflərin qarşılıqlı təsirini deyil, həmçinin onların hər birinin gətirdiyi yeniliyi müəyyənləşdirməyi qarşıya məqsəd qoymuşlar.
Türk dillərində yazılmış və Avropa və Şərq əlyazma xəzinələrinin kataloq-larında qeyd olunmamış nadir nüsxələr də elm üçün böyük əhəmiyyətə malikdir. Bu, ilk növbədə XVII-XX əsr Azərbaycan müəlliflərinin əsərlərinin əlyazmalarına aiddir. Bu əlyazmaların sistemli şəkildə, məqsədəuyğun öyrənilməsi və elmi təsviri türkologiya və ümumiyyətlə, şərqşünaslıq elmində, türk xalqlarının mədəniyyət tarixinin tədqiqində böyük rol oynaya biləcək bir sıra qiymətli orta əsr abidələrinin üzə çıxarılmasına imkan yaradacaqdır.
Azərbaycan ərazisində bu və ya digər türkdilli əsərin üzünün intensiv surətdə köçürülməsi və yayılması, türkdilli xalqarın görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimlərinin əsərlərinin ayrı-ayrı əlyazma nüsxələrinin müxtəlif ölkələrdən əldə edilməsi və bizim əraziyə gətirilməsi orta əsrlərdən tutmuş XIX, hətta XX əsrdə Azərbaycanda onların yaradıcılığına olan böyük marağın canlı sübutudur.
Türkdilli əlyazmaların elmi təsviri XVI əsr Azərbaycan şairi Füzulinin əsərlərinin yayıldığı bölgələri dəqiqləşdirmək baxımından böyük əhəmiyyətə malikdir. Məlumdur ki, şairin əsərlərinin əlyazmaları hələ sağlığında fasiləsiz köçürülmüş, Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdır. Böyük Füzuli əsərlərinin əlyazmalarının saysız-hesabsız olması fərqli nüsxələrin meydana çıxmasına səbəb olmuşdur ki, bu əsərlərin üzərində mətnşünaslıq işi aparmaq, şairin bütün əsərlərinin tənqidi mətnini yaratmaq zərurəti ortaya çıxır. Ümumiyyətlə, türkdilli ədəbiyyatın klassiklərinin əsərlərinin tarixi qeyd olunmuş və tarixsiz əlyazma nüsxələrinin paleoqrafik tədqiqatlarına xüsusi diqqət vermək vacibdir.
Nadir əsərlər arasında XV əsrin böyük özbək şairi Əlişir Nəvai və Füzulinin birgə divanlarını qeyd etmək gərəkdir. Elmə kifayət qədər məlum olmayan XV əsr Azərbaycan alimi Xacə ibn Adili İbərinin astrologiyaya dair əsərinin avtoqraf nüsxəsi diqqəti cəlb edir. Əlyazma XV əsr Azərbaycan dili və elmi nəsrinin abidəsi kimi əhəmiyyətə malikdir. İbərinin əsəri göstərir ki, XV əsrin ortalarına qədər Azərbaycan dili uzun tarixi inkişaf yolu keçmiş, hələ o zaman bu dilin lüğət tərkibində astronomiya, astrologiya, coğrafiya, fəlsəfə və etikaya dair məfhumları ifadə edən təmiz Azərbaycan-türk sözləri olmuşdur.
Türkologiya üçün türkdilli müəlliflərin aşağıdakı əsərləri çox əhəmiyyətlidir: Tarixçi Nişançı paşanın Sultan Süleymanın tapşırığı ilə yazdığı «Tarixe-qisəsül-ənbiya və müluk» əsəri; Məhəmməd ibn Cəfərin (893-923) XIV əsrdə türk dilinə tərcümə edilmiş «Tarixi-Təbəri» kitabı; Hüseyn ibn Cəfər Həzarfənin (?-1678) «Tənqihi-təvarix» əsəri; Müinəddin Əbi Nəsr Əhməd ibn Əbdürrəzzaq Marağainin «Qəsideyi-Təntərani» əsəri; XVII əsr şairi Molla Camal Rəncinin «Kəllənamə» poeması; Qınalızadə Əli Əfəndinin «Əxlaqi-Ə’lai» əsəri və s.
Hazırda Azərbaycan paleoqrafiyasının başqa ictimai elmlər arasında yeri və əhəmiyyəti məsələlərinin öyrənilməsinə böyük ehtiyac duyulur. Bu məsələnin şərhi bir də onunla əlaqədardır ki, tarixi-filoloji tədqiqatlarda, klassik mətnlərin nəşrində abidələrin paleoqrafik baxımdan öyrənilməsi lazımi səviyyədə deyil.
Əlyazmalar İnstitutunun materialları təkcə elm, ədəbiyyat və dil tarixinin öyrənilməsi üçün qiymətli deyildir. Əlyazmalar İnstitutu Azərbaycanda kitab mədəniyyəti tarixinin zəngin muzeyidir. Orta əsr kitab rəssamlığı, kitab mə-dəniyyəti ilə bağlı olan tətbiqi-dekorativ yaradıcılıq növləri əvəzsiz bədii sənət nümunələri kimi qiymətləndirilməlidir.
Əlyazmalarda olan miniatürlər və illüstrasiyalar onu göstərir ki, azərbaycanlı ustalar bədii tərtibatlı əlyazmaları hazırlayarkən Yaxın və Orta Şərq miniatür-çülərinin nailiyyətlərindən yaradıcı surətdə istifadə etməklə Şərq xalqlarının incəsənətinin inkişafına yaradıcı surətdə təkan vermiş, müstəqil ənənələr yaratmış, beləliklə də, onlar dünya bədii mədəniyyət xəzinəsində şərəfli yer tutmuşlar.
Miniatür sənəti Azərbaycan əlyazma kitabının bədii tərtibatının öyrənilməsi, xəttatlar, nəqqaşlar, ornamentalistlər, ləvvahlar və cildçilərin yaradıcılığının tədqiqi sahəsində müəyyən işlər görülmüş, gələcək planlar tərtib edilmişdir.
Son illərdə institut əməkdaşları burada saxlanan materiallar əsasında 3 ərəbdilli, 3 farsdilli, 2 türkdilli əlyazmalar kataloqu cildini tərtib və nəşr etdirmişlər. Ərəbdilli, farsdilli, türkdilli əski çap kitablarının 4 cild kataloqu, həmçinin əlyazmalar kolleksiyalarının, vəqfə aid, Ə.Cami əsərlərinin, Ə.Nuxəvi kolleksiyasına daxil olan əlyazmaların kataloqları çap edilmişdir. Görkəmli mədəniyyət xadimləri M.F.Axundzadə, C.Məmmədquluzadə, C.Cabbarlı, Y.V.Çəmənzəminli, H.Zərdabi, F.Köçərli, M.Maqomayev, N.Nərimanov, Ə.Haqverdiyev, R.Əfəndiyev, Z.Hacıbəyli və b.-nın şəxsi arxivlərinin elmi təsviri kitab halında nəşr edilmişdir.
Əlyazmalar İnstitutunda saxlanan ilahiyyata dair 2 cilddə əlyazmalar kataloqu, türkcə məcmuələr, dini əsərlər kataloqu, farsca, türkcə tarixə dair əlyazmalar kataloqu çapa hazır vəziyyətdədir.
Əlyazmalarımızın təbliği sahəsində görülən işlər barədə qısa danışacağam, çünki mətbuatda bu sahədə aparlan işlər göz qabağındadır. 2005-ci ildə 3 əlyazmamız – Rüstəm Cürcaninin «Zəxireyi-Nizamşahi» («Nizamşahın azuqələri»), İbn Sinanın «Əl-Qanun fit-tibb» («Tibbi qanun»), Əbülqasım əz-Zəhravinin cərrahiyyəyə dair «Əl-məqalə əs-səlasun» («Otuzuncu traktat») əsərlərinin əlyazmaları YUNESKO-nun təsis etdiyi «Dünyanın yaddaşı» proqramına daxil edilmişdir. Müstəqillik dövründə cəmi 2 dəfə xaricdə əlyazmalarımızın sərgisi keçirilmişdir. 2011- ilin noyabrında Vatikanda keçirilən Azərbaycan mədəniyyəti günlərində 3 əlyazmamız nümayiş etdirildi. Bu ilin 2-4 iyununda isə İordaniyanın paytaxtı Əmman şəhərində 42 əlyazmamızın fotolarından ibarət sərgi böyük uğurla keçmişdir.
Qısaca da olsa xarici ölkələrdən alınmış əlyazmalarımız barədə də məlumat vermək istərdik. Müstəqillik şəraitində yaşadığımız son dövrlərdə əlyazmalarımızın surətlərinin xarici ölkə kitabxanalarından alınması xeyli artmışdır. Vatikanın Apostol kitabxanasından, ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərindəki Volters İncəsənət Muzeyindən, Paris Milli Kitabxanasından, bir sıra digər kitabxanalardan Azərbaycan tarixinə, mədəniyyətinə, elminə və ədəbiyyatına dair yüzlərlə əlyazmanın surətlərini əldə etmişik. İnstitutun Tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli 2011-ci ildə Vatikanın Apostol kitabxanasında 400-dən artıq qədim əlyazmanı tədqiqata cəlb etmiş, Azərbaycana aid türk, fars, ərəb dillərində 60 əsəri üzə çıxarmışdır. Bunların içində Nizami, Nəsimi, Füzuli, Şəbüstəri və Sührəvərdinin əsərləri vardır. 2012-ci ildə ABŞ-ın Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan Şərq əlyazmaları kollek-siyasına daxil olan yüzdən artıq əlyazma kitabının və çoxsaylı xəttatlıq, miniatür nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə etmişik. Buraya ən qədim və nəfis Quran nüsxələri, Firdovsi «Şahnamə»sinin, Nizami, Ə.Nəvai. Ə.X.Dəhləvi «Xəmsə»lərinin, C.Rumi, Sədi, Cami, Babur, Əssar Təbrizi və başqalarının əsərlərinin nəfis, gözəl xətlə köçürülmüş miniatürlü əlyazmaları daxildir. «Xəmsə»nin 1481-ci ildə köçürülmüş nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib tərəfindən köçürülmüş nüsxəsində 35, XVIII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür vardır. Kolleksiyada Nizami «Xəmsə»sinin 7, Əssar Təbrizinin «Mehr və Müştəri» poemasının 2 nüsxəsi vardır. Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri diqqəti cəlb edir.
Bu il Paris Milli Kitabxanasından Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-ə qədər materialın elektron variantını əldə etmişik. Bunların içində XV əsrdə köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən «Oğuznamə», təbabətə dair XVI əsrdə köçürülmüş «Cərrahnamə», Ə.Nəvainin əsərləri, XVIII əsrdə çəkilmiş xəritələr və s. böyük maraq doğurur. Sevindirici haldır ki, Heydər Əliyev Fondunun yardımı ilə Vatikanın Apostol kitabxanasında saxlanan bir sıra əlyazmalarımızın bərpasına nail olunmuşdur.
Əlyazmaların bərpası ilə Əlyazmalar İnstitutunun Gigiyena və bərpa laboratoriyası məşğul olur ki, burada ixtisaslı mütəxəssislər fəaliyyət göstərməkdədirlər. Bərpadan başqa, əlyazmalar sistematik, ardıcıl olaraq nəzarətdən keçirilir, təmizlənir. Son zamanlar onların orta əsr ənənələrinə uyğun cildlənməsinə xüsusi diqqət yetirilir. Laboratoriyanın əməkdaşları Türkiyə və İran mütəxəssisləri ilə təcrübə mübadiləsi aparır, ixtisas artırma kurslarına gedirlər. Əlyazmalar saxlanan otaqlarda xüsusi qurğularla temperatur və nəmişliyin sabit saxlanılmasına xüsusi fikir verilir.
Ərəbdilli əlyazmaların tədqiqi, Farsdilli əlyazmaların tədqiqi, Türkdilli əlyazmaların tədqiqi, Tərcümə və informasiya, Biblioqrafiya və xidmət şöbələrində yazılı abidələrimiz tədqiq edilir və nəşrə hazırlanır. Əlyazmalar İnstitutunda və xaricdə saxlanan əsərlərimizin tədqiqi və nəşrində böyük irəliləyişlərə nail olduğumuzu qeyd etmək istərdik. Təkcə onu demək kifayətdir ki, 2012-ci ildə 50-dən artıq abidəmizin tədqiqi və nəşri kitab halında işıq üzü görmüşdür.
Əlyazmaların müalicəsi, bərpası, gigienası, dijitallaşdırılması sahəsində müəyyən çətinliklər vardır ki, qısaca bu barədə danışmaq istərdik. Əlyazmaların bərpası üçün lazım olan demək olar ki, bütün preparatlar, cihazlar xaricdə istehsal olunur ki, onların gətirilməsi baha başa gəlir. Əlyazmalardan oxucuların istifadəsini sıfıra endirmək, bu yolla köhnəlməsinin qarşısını almaq üçün onların elektron variantlarını yaratmaq lazımdır. Əlyazmalarımızın elektron kitabxanalarını yaratmaq üçün isə Dijiman adlı bahalı cihazlar əldə etmək lazımdır ki, onları almaq Əlyazmalar İnstitutunun imkanları xaricindədir. Bundan başqa, bu cihazlardan istifadə etməyi bacaran mütəxəssislər də gərəkdir.
Biz bir sıra xarici təşkilatlara – BƏƏ-dəki Cuma əl-Macid Mərkəzinə, Türkiyədəki TİKA təşkilatına, Türk Dil Qurumuna bu sahədə kömək üçün müraciət etsək də, hələ ki, qaneedici cavab ala bilməmişik.
Vaxtı çatmış bir məsələni də qeyd etməyi vacib sayırıq. Azərbaycan tarixinə, mədəniyyətinə, elminə və ədəbiyyatına dair dünya kitabxanalarında saxlanan bütün əlyazmaların surətlərini əldə edib bir mərkəzdə – Əlyazmalar İnstitutunda saxlamaq vaxtı çatmışdır. Bu, bizdə azərbaycanşünaslığın, şərqşünaslığın gələcək inkişafına böyük təkan verərdi. Lakin bu məsələdə maliyyə imkanlarımızın azlığı bizə çox mane olur.
Əlyazmaların əhalidən alınması məsələsinə də toxunmaq istərdik. Son onilliklər ərzində əlyazmaların əsas hissəsi alınmışdır. Müstəqillik dövründə özlərinə məxsus əlyazmaları daha baha qiymətə, xarici ölkə kolleksionerlərinə satmaq istəyənlər artmışdır, Cənub bölgələrinin vətəndaşları əlyazmaları İran və Türkiyəyə satmaları barədə məlumat əldə etmişik. Bunun bir səbəbi də odur ki, biz satıcıya istədiyi məbləği ödəmək imkanından məhrumuq, çalışırıq ki, əlyazmanı daha ucuz qiymətə alaq. Qeyd edək ki, son dövrlərdə təqdim olunan əlyazmalar o qədər keyfiyyətli, qədim, dəyərli deyillər. Biz yenə də bölgələrimizə ekspidisiyalara gedirik. Bu ilin iyun ayında Qəbələ şəhərinə gedərək oradakı 40-dan artıq əlyazmanın siyahısını tutduq, bir surətini də özümüzlə götürdük.
Kadr məsələsi də bizi düşündürən böyük problemlərdəndir. Əlyazmalarla məşğul olan alimin yetişməsi üçün ən azı 10-20 il lazımdır. Gənclər isə digər müəssisələrlə müqayisədə bizdə maaşın azlığını, elmdə də nisbətən asan, müasir sahələrin olduğunu görüb, bir çox hallarda başqa müəssisələrə üz tutmağa üstünlük verirlər. Əlyazmaları tədqiqat obyekti kimi götürmək istəyən tədqiqatçıların sayı azalır. Belə bir şəraitdə gəncləri bu sahəyə həvəsləndirmək üçün böyük önəm daşıyan əlyazma halında olan yazılı abidəni ön sözlə transliterasiya və ya tərcümə edən, əsərlərin elmi-tənqidi mətnini, əlyazma kataloqlarını tərtib edən tədqiqatçılara elmi dərəcə verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası qarşısında məsələ qaldırılmasını təklif edirik.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.