Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

18.6.2013

Kamandar Şərifov
filologiya elmləri doktoru

Əmmanda Azərbaycan əlyazmalarının sərgisi

Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu xalqımızın mənəvi sərvəti olan orta əsr əlyazma abidələrinin toplanması, tədqiqi və təbliği sahəsində sözün əsl mənasında böyük uğurlar əldə etmişdir. Bu uğurlar öz əksini hər il institut tədqiqatçıları tərəfindən nəşr edilən onlarla kitablarda, Avropa, Asiya, Amerika və Afrika qitələrində yerləşən mədəniyyət mərkəzlərindən əldə edilən klaasik abidələrimizin surətlərində və bu abidələrin nəinki doğma vətənimizdə, eyni zamanda xarici ölkələrdə təbliğində tapmışdır. Bu baxımdan iyunun 4-də İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində, İordaniya Milli Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nadir əlyazma abidələrinin böyük ölçülü şəkilllərindən ibarət sərgisinin açılış mərasimi böyük əks səda yaratmışdır. İordaniya Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İordaniyadakı səfirliyi və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə bu ölkənin mədəniyyət naziri Bərəkət Avacan, İordaniyada akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, yerli kütləvi informasiya vasitələri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri tanınmış ziyalılar və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.

Bu sərgidə Əlyazmalar İnstitutunda saxlanılan ən qədim əlyazma abidələrindən, eləcə də miniatürlər, müxtəlif heyvan və bitki təsvirləri, Şərq ornamentləri ilə işlənərək, qızıl suyuna alınmış əlyazma nüsxələrindən çəkilmiş böyük ölçülü şəkillər nümayiş etdirilirdi. Bu şəkillər yalnız ayrı-ayrı elmi və ədəbi əsərlərin mətnlərini deyil, eyni zamanda orta əsr Şərq islam incəsənətinin çox dəyərli nümunələrini əhatə edirdi.
İordaniyanın mədəniyyət naziri Bərəkət Avacan, Azərbaycanın bu ölkədəki səfiri Sabir Ağabəyovla birlikdə sərginin açılışını bildirən lenti kəsdikdən sonra, maddi-mədəni irsimizin ən dəyərli inciləri olan və burada sərgilənən yazıllı abidələr haqqında bu sərgiyə rəhbərlik edən bu sətirlərin müəllifi ətraflı məlumat verdi. Bu sərgidə Azərbaycan klassiklərinin əsərlərinin bədii tərtibatla işlənmiş incə zövqlə ornamentlərilə bəzədilmiş, qızıl suyuna çəkilmiş çox nəfis nüsxələri ilə yanaşı ərəb, fars və özbək xalqlarının görkəmli şəxsiyyətlərinə mənsub olan və Əlyazmalar İnstitutunda saxlanılan bir sıra, gözəl estetik zövqlə işlənmiş əsərlərinin orta əsr əlyazma nüsxələri də nümayiş etdirilmişdir.

Sərgiyə gələnlərin, o cümlədən mədəniyyət naziri Bərəkət Avacanın diqqətini daha çox IX əsr ərəb cərrahı Əbülqasim ibn Abbas əz-Zəhravinin “əl-Məqalətül-sələsunə fil-aməl bil-yəd” əsərinin XI əsr əlyazması, Əbu Əli ibn Sinanın “əl-Qanun fit-tibb” əsərinin XII əsr nüsxəsi, X əsr ərəb klassiki Əbu Tayyib əl-Mütənəbbinin “Divan”ının nəfis tərtibatla hazırlanmış əlyazması, Əməvilər dövründə Hicazda bədəvi qəbiləsində yazıb yaratmış və həyatı dastanlaşmış Qeys bin Mülavvahın divanının və başqa əsərlərin əlyazmaları çəkmişdir. Bununla bərabər onlar Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əmirşahi Səbzivari və başqa Azərbaycan klassiklərinin gözəl tərtibatlı, çoxsaylı minətürlər çəkilmiş əsərlərinin əlyazmalarına böyük maraq göstərir, bu klassiklər və onların əsərləri haqqında lazimi məlumatlar alırdılar.
Mədəniyyət nazirinin və iştirakçıların böyük marağına səbəb olan əlyazmalardan biri də Xurşid Banu Natəvanın Quranı oldu. Bədii xətt nümunəsi ilə yazılmış bu Quran yalnız mətn, mövzu baxımından deyil, eyni zamanda, sözün əsl mənasında incəsənət baxımından olduqca dəyərli bir abidədir. Bu abidə xüsusi estetik zövqlə hazırlanmış, fəlsəfi anlam daşıyan incə Şərq ornamentləri ilə bəzədilmiş, əvvəldən axıradək əlyazma qızıl suyu və bitki boyaları ilə zinətlənmiş, bədii tərtibatlı cildlə peşəkar ustalar tərəfindən cildlənmişdir. Sərgidə bu Quran nüsxəsinin ayrı-ayrı səhifələri və bədii tərtibatlı cildi də nümayiş etdirilirdi.
İordaniyanın mədəniyyət naziri Bərəkət Avacan sərgiyə baxdıqdan sonra dedi ki, bu əlyazma kitabları Azərbaycan və ərəb mədəniyyətləri köklərinin tarixinin dərin qatlarına gedib çıxdığını və bu mədəniyyətlər arasında çox sıx əlaqə olduğunu göstərir. Bu müştərək mənəvi irs islam mədəniyyətinin yaranması və inkişafı ilə bağlı meydana gəlmiş, hər iki xalqın zəngin klassik ənənələrə malik olduğunu özündə əks etdirir. Azərbaycan əlyazmalarının sərgisi tarixi həqiqətlərin üzə çıxarılması və bu müştərək mədəniyyət haqqında əyani mənzərə yaratmaq baxımından əlavə imkanlar verir.

Daha sonra Bərəkət Avacan may ayının 29-dan iyunun 1-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunda, başqa ərəb nümayəndə heyətləri ilə birlikdə iştirakı barədə öz təəssüratlarını bölüşdü. O, Azərbaycanın böyük tərəqqi yolunda olduğunu, Bakı şəhərinin gözəllikləri və inkişafı onu heyran etdiyindən ürək dolusu danışdı.
Azərbaycan əlyazmalarının İordaniya Milli Kitabxanasında açılmış bu sərgisi iyunun 4-dən 6-dək üç gün davam etmiş və sərgiyə gələnlər Azərbaycan əlyazmaları ilə yanaşı, Azərbaycan mədəniyyətinə böyük maraq göstərdilər və gələcəkdə bu mədəni irsin öyrənilməsi istiqamətində müştərək mövzuların işlənməsi haqqında öz istəklərini bildirdilər. Onu da qeyd etmək lazımdır ki, İordaniyanın istər sadə insanları, istərsə sə dövlət məmurları Azərbaycana çox isti münasibət bəsləyirlər. Əmman şəhərində Ümummilli lider Heydər Əliyevin adına küçə də vardır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.