TAHİRƏ HƏSƏNZADƏ - 75 » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



TAHİRƏ HƏSƏNZADƏ - 75

20.10.17. Oxunma sayı: 16 Yubiley
Tahirə Dadaş qızı Həsənzadə 1942-ci ildə Bakının Ramana kəndində neftçi-mühəndis ailəsində anadan olmuşdur. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildən isə elmi fəaliyyətə başlamaqla həyatını Respublika Əlyazmaları Fondu, indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlamışdır.
T.Həsənzadə elmi-tədqiqat müəssisəsinə gəlişinin ilk günündən bu zəngin xəzinədəki əlyazmalar, əski çap kitabları, tarixi-etnoqrafik sənədlər və əski
əlifbada dərc olunmuş dövri mətbuatı, kitab və mətbuat tarixini araşdırmaqla Azərbaycan tarixşünaslıq elmi üçün böyük əhəmiyyət kəsb edən, indiyədək araşdırılmamış yazılı mənbələri öyrənməyə başlamışdır. O, uzun illər gərgin elmi fəaliyyətilə dörd monoqrafiya, üç tərcümə əsəri, bir kataloq və üç əski əlifbadan mətni taransfoneliterasiya edilmiş əsərin, 120-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.
Tarixçi alim yazılı mənbələr üzərində uzunmüddətli gərgin əməyinin nəticəsi olaraq 1994- cü ildə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Müdafiə Şurasında “Məhəmmədhəsən xan Etimadüssəltənənin ictimai-siyasi fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını, 2012-ci ildə isə Bakı Dövlət Universiteti Tarix fakültəsi nəzdindəki Birdəfəlik Müdafiə Şurasında “XVIII-XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
T.Həsənzadənin elmi araşdırmalarında Əfşarlar və Qacarlar hakimiyyəti dövrünün görkəmli ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin mənbələr əsasında işıqlandırılması başlıca yer tutur. O, tədqiqatlarında farsdilli mənbələrə müraciət etməklə Azərbaycan tarixini araşdırmaq baxımından, indiyədək az öyrənilmiş, hər iki sülalənin hakimiyyəti illərində türk əsilli dövlət xadimləri, sərkərdələr, diplomatlar və s. haqqında geniş məlumat verir. Həmin dövrlərə aid yazdığı “XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər” (2007) və “XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri” (2014) monoqrafiyalarını iranlı alim Mehdi Bamdadın “Tarixi-ricali-İran” adlı beşcildlik əsəri əsasında qələmə almışdır. Müəllif, Mehdi Bamdadın əsərindən faydalanmaqla Azərbaycan tarix elminə aid, eyni zamanda mütəxəssislər üçün olduqca qiymətli hissələri seçib üzərində elmi təhlilər aparmaqla monoqrafik tədqiqat əsərlərini elmi tədavülə daxil etmişdir. Bu kitablar XVIII-XIX əsrlərlə əlaqəli araşdırma aparan tarixçi mütəxəssislərin və ali məktəblərin tarix üzrə təhsil alan tələbələrinin tez-tez istinad etdiyi mötəbər mənblərdir.
T.Həsənzadənin elmi fəaliyyəti mənbəşünas alim kimi geniş və hərsahəlidir. O, Əlyazmalar İnstitutu xəziinəsində nəşr tarixi yüz ildən yuxarı olan, elmi və tarixi cəhətdən dəyəri əlyazma kitablarından az olmayan farsdilli əski çap kitablarının elmi-paleoqrafik təsvirini etməklə “Farsdilli əski çap kitablarının kataloqu”nu nəşr etdirmişdir (2009).
Tarixçi alimin kitabları kimi yazmış olduğu hər bir məqaləsində də Azərbaybcan elm tarixi üçün çox vacib olan yeni elmi faktlar araşdırılaraq üzə çıxarılmışdır. Tədqiqatçının Azərbaycan kitabşünaslığı və nəşriyyat tarixini öyrənmək baxımından əhəmiyyətli olan “Mətbəələrin cögrafiyası” adlı məqaləsində XVI əsrin sonundan başlayaraq, XX əsrədək xaricdə və ölkəmizdə nəşr oplunmuş Azərbaycan əski çap kitablarının nəşr tarixi, yeri, mətbəələri haqqında bəhs olunmuşdur.
Tarix üzrə elmlər doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tanınmış mənbəşünas tədqiqatçı alim Tahirə Həsənzadə bu gün də elmi fəaliyyətini davam etdirməkdədir. Ona elmi işlərində yeni-yeni uğurlar və cansağlığı arzu edirik.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
04.04.18 FƏXRƏDDİN ƏLİ-80
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla