CAHANGİR QƏHRƏMANOV - 90 » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



CAHANGİR QƏHRƏMANOV - 90

02.10.17. Oxunma sayı: 39 Yubiley
Yazılı abidələrimizin görkəmli tədqiqatçısı, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Cahangir Qəhrəmanovun 90 yaşı tamam olmuşdur. Cahangir Vahid oğlu Qəhrəmanov 1927-ci il fevralın 10-da Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuş, 1945- 1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almış, 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1955-ci ildə “Azərbaycan ədəbi dilində fəlsəfi terminlər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim olan C.Qəhrəmanov 1960-cı ildən ömrünün sonunda qədər
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda (əvvəllər Respublika Əlyazmalar Fondu) işləmişdir. O, 1972-1995-ci illərdə Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışmışdır. (Qəhrəmanovun ən böyük elmi xidmətlərindən biri böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının Bakı, Sankt-Peterburq Daşkənd, İrəvan əlyazma nüsxələri, əski çap kitabları və bir neçə başqa mənbə əsasında elmi-tənqidi mətnini tərtib etməsindən ibarətdir. Alim Nəsimi üzərində işləyərkən, bir tərəfdən, mətnşünas və ədəbiyyatşünas kimi çıxış etmişdisə də, əsas etibarilə onun anadilli irsinin linqvistik, qrafik və orfoqrafik xüsusiyyətlərinə daha çox diqqət yetirmişdir, ölkəmizdə linqvistik mətnşünaslığın əsasını qoymuşdur. Sonralar o, bu istiqamətdə işləyən kadrlarının hazırlığına da ciddi fikir vermiş, bir sıra linqvistik mətnşünas tədqiqatçı yetişdirmişdir. Məhz Nəsimi əsərlərinin Cahangir Qəhrəmanov nəşrindən sonra Azərbaycan mətnşünaslığında abidələrin dil və imla xüsusiyyətlərinin ön plana çəkilməsi elmi prinsip kimi etiraf olundu və öz praktiki həllini tapmış oldu. Alim 1969-ci ildə “İmadəddin Nəsimi əsərlərinin elmi-tənqidi mətni və leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ərəb qrafikası ilə tərtib etdiyi elmi tənqidi-mətni 1973-cü ildə “Elm” nəşriyyatında geniş ön sözlə nəşr etdirmişdir. Onun 1970-ci ildə “Elm” nəşriyyatında çapdan çıxmış “Nəsimi “Divan”ının leksikası” adlı monoqrafiyası XIV əsr Azərbaycan ədəbi dilinin tədqiqi baxımından böyük maraq doğurur.
C.Qəhrəmanov Əlyazmalar İnstitutuna rəhbərlik etdiyi dövrdə özünü bacaraqlı elm təşkilatçısı kimi göstərmiş, gənc kadrların yetişməsinə xüsusi diqqət yetirmişdir. Alim müxtəlif illərdə Moskvada, Daşkənddə, Vatikanda, Upsalada, Parisdə, Təbrizdə, Qumda, ABŞ-ın Detroyt şəhərində keçirilən müxtəlif tədbirlərdə iştirak etmiş, elmi ezamiyyətlərdə olmuşdur. Cahangir müəllim“Fədakar əməyə görə” medalı, “şərəf nişanı” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə təltif edilmiş, 1982-ci ildə ona Əməkdar elm xadimi adı verilmişdir.
Cahangir Qəhrəmanov 68 illik ömrünün 45 ilini elmə, elmi-tədqiqatçılıq fəaliyyətinə həsr etmiş, bu müddət ərzində dəyərli elmi əsərlər yazmaqla yanaşı, yazılı abidələrimizi tədqiq edən bir sıra istedadlı mütəxəssis kadrlar yetişdirmişdir. Onun adı Azərbaycan mətnşünaslığının, əlyazmaşünaslığının, dil tarixçiliyinin görkəmli nümayəndəsi kimi həmişə yad edilməkdədir.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla