NİZAMİ VƏ ZƏRDÜŞTİLİK MÖVZUSUNDA ƏTRAFLI ARAŞDIRMA » Əlyazmalar İnstitutu



NİZAMİ VƏ ZƏRDÜŞTİLİK MÖVZUSUNDA ƏTRAFLI ARAŞDIRMA

16.07.18. Oxunma sayı: 616 NƏŞRLƏR

“Mütərcim” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Nizami yaradıcılığında zərdüştilik” adlı kitabı işıq üzü görüb. Kitab Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının müvafiq qərarı əsasında nəşr olunub. Monoqrafiya müəllifi Azərbaycanda ilk dəfə olaraq Nizami yaradıcılığında zərdüştilik elementlərini geniş şəkildə tədqiqata cəlb edir. 
O, “Xəmsə”nin hər beş poemasında orijinaldan nümunələr göstərərək zərdüştilik fəlsəfəsini təhlil edir. “Nizaminin dini görüşlərinin ədəbiyyatşünaslıqda qoyuluşuna dair”, “Nizamidə zərdüştiliyin qaynaqları” və “Nizamidə zərdüştilik fəlsəfəsi və ehkamları” başlıqlı üç fəslin hər birində həmin məsələlər müfəssəl şəkildə araşdırılır. İ.Quliyev həmçinin bu sahədə əcnəbi alimlərin yanaşmalarına da öz münasibətini bildirir. Əsərdə zərdüştilik görüşləri ilə yanaşı bu dinə xas ehkamlar, ayinlər, mərasimlər və terminlər ilk dəfə olaraq sistemli şəkildə araşdırılır. Tədqiqatçı Nizami yaradıclığındakı zərdüştilik fəlsəfəsini araşdırmadan şairin dini-fəlsəfi görüşlərinin hüdudlarını müəyyənləşdirməyi qeyri-mümkün sayır. Məhz bu baxımdan bu məsələlər monoqrafiyada sistemli olaraq öyrənilir. Kitab Nizaminin əsərlərinin farsca orijinalı əsasında yazılıb. Sözügedən kitab Nizami irsinin araşdırılmasında yeni töhfədir.
Kitabın elmi redaktorları akademik Teymur Kərimli və professor Rafiq Novruzovdur. Kitaba fil.ü.e.d. Rəhim Əliyev, fil.ü.e.d. Paşa Kərimov, t.ü.f.d. Şirinbəy Əliyev rəy vermişlər.
OXŞAR XƏBƏRLƏR:

13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla