XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB

16.07.18. Oxunma sayı: 212 NƏŞRLƏR

“Elm” nəşriyyatı görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX əsrin məşhur ədəbi simalarından biri Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” adlı əsərini çap etmişdir. Əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə işıq üzü görüşdür. İki hissədən ibarət olan təzkirənin birinci hissəsində Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Cəfərqulu xan Arif Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi və s. kimi 35 sənətkar, ikinci hissədə isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhi Fəna, Məmo bəy Məmai, Mirzə bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möhsün Nəvvab, Mir İbrahim Nəvvabzadə, Hacı Abbas Agah, Mir Mehdi Xəzani və başqalarından ibarət 56 şair haqda məlumat verilmiş və əsərlərindən nümunələr təqdim edilmişdir. 
Onu da qeyd edək  ki,  birinci qismə aid olan sənətkarlar müəllifin zamanında artıq öz dünyasını dəyişsə də, əsərin ikinci hissəsində yer alan qələm ustalarının əksəriyyətini Nəvvab yaxından tanımış, onlarla şəxsi və ədəbi əlaqəsi olmuşdur.
Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri  ilk dəfə 1998-ci ildə nəşr olunmuş və oxucuların böyük marağına səbəb omuşdur. Kitabın tərtibçisi və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov  əsərin təkrar nəşri üzərində bir il yarım işlədiyini, mətnin yeni variantını təzkirənin avtoqraf və müxtəsər əski çap nüsxəsi ilə sətirbəsətir tutuşdurduğunu, buraxılmış beytləri və hətta bütöv şeir parçalarını bərpa etdiyini bildirmişdir.
Qeyd edək ki, təzkirənin mətni təcrübəli mütəxəssislər akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov tərəfindən redaktə edildikdən sonra Tünzalə Seyfullayeva tərəfindən korrektə edilmişdir.Bu nəşrə əlyazmaşünas alimlərimiz Azadə Musayeva və Raqub Kərimovun verdikləri müsbət rəy onun elmi dəyər və mötəbərliliyini bir daha da artırır.
Kitabın tərtibçisi  “Təzkireyi-Nəvvab” üzərində zəhməti olan  mərhum alimlərimiz Nəsrəddin Qarayev və Fərrux Fərmanovu ,təzkirənin əvvəlki nəşrinin redaktorları Məmmədağa Sultanov və Cahangir Qəhrəmanovu minnətdarlıqla yad etmişdir. Kitaba əvvəlki nəşrdə olmayan geniş adlar göstəricisi-indeks və 25 Qarabağ şairinin avtoqraf əlyazma nümunələrinin surətləri də əlavə edilmişdir.Yeni nəşrdən istifadə edənlər onun əvvəlki nəşrdən daha mükəmməl olduğunun şahidi ola biləcəklər.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
12.04.18 ON DÖRD MƏSUMUN TƏRCÜMEYİ-HALINI EHTİVA EDƏN KİTAB NƏŞR OLUNUB
02.04.18 ŞAHMAT HAQQINDA MARAQLI KİTAB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla