“NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB » Əlyazmalar İnstitutu



“NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

23.11.21. Oxunma sayı: 103 TƏDBİRLƏR / NİZAMİ-880
22 noyabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans keçirilib. Tədbir AMEA Hümanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. TÜRKSOY-un baş katibi, Qazaxıstan Respublikasının mədəniyyət naziri Düsen Kaseyinov, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şöbə rəhbəri Akif Maarifli konfransda qonaq qismində iştirak ediblər.
Öncə qonaqlar Əlyazmalar İnstitutunda mühafizə olunan Nizami Gəncəvi əsərlərinin əlyazmalarından, Nizaminin əsərlərindən çəkilmiş miniatürlərdən və “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-da nəşr olunan kitablardan ibarət sərgilərlə tanış olublar. Düsen Kaseyinov Nizami irsinin öyrənilməsində töhfələri ilə fərqlənən AMEA-nın alim və mütəxəssisləri tərəfindən ərsəyə gələn kitabları, Əlyazmalar İnstitutunda təşkil olunan sərgiləri yüksək qiymətləndirib. O, böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təsis edilmiş “Nizami Gəncəvi” medalını akademik İsa Həbibbəyliyə təqdim edib. İ.Həbibbəyli Azərbaycan ziyalılarına göstərilən diqqət və etimada görə təşəkkürünü ifadə edib.
Sonra “Nizami Gəncəvi əlyazmalarının tədqiqi” şöbəsinin açılış mərasimi olub. Tədbirdə çıxış edən natiqlər yeni yaradılan şöbənin dahi şairin həyat və yaradıcılığının öyrənilməsi və təbliğinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Daha sonra “Nizami Gəncəvi əlyazmalarının Bakı nüsxəsi” kitabının təqdimatı keçirilib. Qonaqlara AMEA-nın müvafiq institut və təşkilatları tərəfindən hazırlanan Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan nəşrlər hədiyyə edilib.
Konfransın açılış mərasimində giriş nitqi ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin ölkəmizdə Nizami Gəncəvi ili elan etməsi ilə əlaqədar AMEA-da silsilə tədbirlərin keçirildiyini vurğulayıb. “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfransın bu qəbil tədbirlərdən olduğunu ifadə edən alim AMEA tərəfindən 40-a yaxın nəşrin hazırlandığını, ilin sonunda daha bir kataloqun işıq üzü görəcəyini nəzərə çatdırıb. Akademik İsa Həbibbəyli bu yaxınlarda “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının nəşr edildiyini qeyd edib. Bildirib ki, şairin həyat və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki reallıqlardan və bəşəri dəyərlərdən bəhs olunan kitabda yer alan araşdırmalar on dildə təqdim olunur. Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində isə ixtisarladır. Nizami Gəncəvinin həyatı, lirikası, poemaları, Azərbaycan renessansı məsələsi, dahi şairin yaradıcılığında azərbaycançılıq kimi mövzular kitabda öz əksini tapıb.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı “Nizami Gəncəvi haqqında söz” məruzəsi ilə çıxış edib. Azərbaycan xalqının iftixarı olan dahi şairimizin həyat və yaradıcılığına həsr olunan konfransın əhəmiyyətini vurğulayan alim görkəmli ədibin “Xəmsə”sinin dünyanın tanınmış elmi mərkəzlərinin, nüfuzlu kitabxanalarının bəzəyi olduğunu, rəssamlıq və xəttatlıq sənətlərinin inkişafında əhəmiyyətli rol oynadığını ifadə edib.
“Nizami Gəncəvi irsi Əlyazmalar İnstitutunun xəzinəsində” mövzusunda məruzə ilə çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli 2021-ci ilin həm torpaqlarımızın azadlığı uğrunda müharibədə möhtəşəm qələbəmizin ildönümü, həm də Nizami ili kimi yadda qaldığını vurğulayıb. Dövlət başçısının müvafiq sərəncamının dahi şairin ədəbi irsinin dərindən öyrənilməsinə və dünya səviyyəsində geniş təbliğinə daha böyük imkanlar yaratdığını qeyd edən alim bildirib ki, Nizami yaradıcılığı milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayıb. Dünya ədəbiyyatının bir çox klassiklərinin yaradıcılığına təsir göstərən Nizami müsəlman intibahının ən qüdrətli nümayəndələrindən biri olaraq ilk növbədə mənsub olduğu Azərbaycan-türk xalq ədəbiyyatından, etiqad etdiyi İslam dininin humanist ideyalarından, təmsil etdiyi Şərq elminin nailiyyətlərindən bəhrələnərək dünya mədəniyyəti xəzinəsinə unikal yaradıcılıq örnəkləri bəxş edib. Alim Nizaminin irsinin toplanması, nəşrə hazırlanması, tədqiqi və təbliği istiqamətində rəhbərlik etdiyi elmi müəssisədə görülən işləri nəzərə çatdırıb.
“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” mövzusunda məruzə ilə çıxış edən AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Nizami ili çərçivəsində AMEA-nın müvafiq institut və təşkilatları tərəfindən əhəmiyyətli layihələrin həyata keçirildiyini vurğulayıb. Bu baxımdan Hüseyn Cavidin Ev Muzeyi tərəfindən ərsəyə gələn “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabının dəyərli töhfə olduğunu ifadə edib. Alim bildirib ki, yeni nəşrdə muzeyin fondunda mühafizə olunan və Ərtoğrol Cavidin dahi Nizami irsinə böyük məhəbbətini, heyranlığını ifadə edən materiallar toplanıb. Gülbəniz Babaxanlı bu nadir materialların Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi musiqi əsərlərinin not yazılarını, onun topladığı və görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun repertuarında istifadə edilmiş Nizami yaradıcılığı nümunələrini əhatə etdiyini qeyd edib.
Konfransda, həmçinin AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənzadə “Nizami Gəncəvi irsi orta əsr miniatürlərində” mövzusunda məruzəsini təqdim edib.
Tədbirin sonunda çıxış edən akademik İsa Həbibbəyli qüdrətli söz və fikir ustadının irsinin daha dərindən öyrənilməsi, tədqiqi və təbliği baxımından konfransda təqdim olunan elmi məruzələrin əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına yeni elmi nailiyyətlər arzulayıb.


OXŞAR XƏBƏRLƏR:

25.12.20 NAXÇIVANDA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN YARADILMASININ 70 İLLİYİ QEYD EDİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla