ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI VƏFAT ETMİŞDİR » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI VƏFAT ETMİŞDİR

27.08.21. Oxunma sayı: 222 NEKROLOQ
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi, yazıçı-publisist, ədəbiyyatşünas Şöhrət Səlimbəyli 60 yaşında vəfat etmişdir.

Şöhrət Səlimbəyli (Şöhrət Əlvənd oğlu Səlimov) 1961-ci il dekabrın 3-də Ağdərə şəhərində anadan olmuşdur. 1978-ci ildə orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1982-86-cı illərdə Ağdamda müəllim, 1987-89-cu illərdə SSRİ Komsomolunun “Sputnik” bölməsində, 1989-91-ci illərdə SSRİ Elektrosənaye Nazirliyinin Bakı şəhərindəki Tikinti Trestində texniki təhlükəsizlik mühəndisi və Həmkarlar Təşkilatının sədri işləmişdir. Birinci Qarabağ müharibəsi başlayanda döyüş bölgəsinə yollanmış, 1991-93-cü illərdə cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra bir müddət Azərbaycan Dövlət Kitab Palatasının direktor əvəzi, “Sərbəst düşüncə” qəzetinin baş redaktoru, “Avropa” nəşriyyatının baş direktoru, “Avropa nəşr Mətbuat Evi”nin baş direktoru işləmişdir.

O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Ş.Səlimbəyli ədəbiyyatşünaslıq və vətənpərvərlik mövzusunda bir çox elmi və publisistik məqalənin, 20-yə yaxın kitabın müəllifidir.

Ş.Səlimbəyli ölkəmizdə Ruhi Bağdadi yaradıcılığının ən yaxşı bilicilərindən hesab olunurdu. O, 2021-ci il 25 iyun tarixində “Ruhi Bağdadinin həyat və yaradıcılığı” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdi.

Əlyazmalar İnstitutunun kollektivi bu ağır itkidən çox kədərlənir və alimin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Xeyirxah və vətənpərvər insan, yorulmaz tədqiqatçı, ləyaqətli şəxsiyyət Şöhrət Səlimbəylinin parlaq xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR:

08.04.21 AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR
23.07.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI DÜNYASINI DƏYİŞİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla