AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB

06.04.21. Oxunma sayı: 83 TƏDBİRLƏR / NİZAMİ-880
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrs Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinarda iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli müvafiq Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı çərçivəsində təşkil olunan vebinarda Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nizami yaradıcılığı qlobal mənəvi dəyər kimi” mövzusunda məruzə edib. Məruzədə Nizami yaradıcılığının milli və bəşəri əhəmiyyətindən, Nizami ədəbi məktəbinin geniş miqyasından və əhatəli coğrafiyasından danışan alim qüdrətli şairin dünya mədəniyyətinə təsirini nümunələrlə əsaslandırıb.
İlk öncə Azərbaycan xalqının və qalib Azərbaycan ordusunun müzəffər Ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında mənfur düşmən üzərində qazandığı möhtəşəm qələbənin ictimai həyatımıza müstəsna təsirini diqqət mərkəzinə çəkən natiq yaşadığımız tarixi dönəmi “Postqələbə epoxası” adlandırıb. Düzgün və məqsədyönlü siyasət nəticəsində üç cəbhədə qələbə çalan, diplomatik, hərbi və mədəni zəfər qazanan Azərbaycan Respublikasının Prezidentinin xalqımızın mədəni mirasına yüksək qiymət verdiyini diqqətə çatdıran alim 2021-ci ilin “Nizami Gəncəvi ili” elan etməsini də bu düşünülmüş siyasətin mühüm parçası, uzaqgörən liderin öz xalqının mədəni sərvətinə qayğısının təcəssümü olduğunu söyləyib.
Bu yeni epoxada Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğulayan Teymur Kərimli bildirib ki, şairin yaradıcılığı dövründə olduğu kimi üzərindən səkkiz əsrdən çox müddət keçsə də, şüurlara nüfuzedici təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayıb və bu şərəfli missiyanı hazırda da uğurla davam etdirir.
Hər dövrün öz Nizamisi olsa da, bu gün dünyada baş verən çaxnaşmalar fonunda humanist ideyalar və yüksək ideallar carçısı olan Nizami irsinin daha aktual olduğunu nəzərə çatdıran akademik özündən sonrakı ədəbiyyata fərqli yön verən böyük şairin irsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Nizaminin yüksək sənətkarlıqla qələmə aldığı əsərləri ilə ədəbiyyatı demokratikləşdirməsi, onu “saraylardan daxmalara gətirməsi” istiqamətində əvəzsiz xidmətinə toxunan natiq Nizaminin yetişdiyi mühit haqqında da məlumat verib. Bildirib ki, Nizami dövründə Azərbaycan, şairin ömrü boyu yaşadığı Gəncə şəhəri Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olub. Dünya ədəbiyyatının bir çox klassiklərinin yaradıcılığına təsir göstərən Nizami müsəlman intibahının ən qüdrətli nümayəndələrindən biri olaraq ilk növbədə mənsub olduğu Azərbaycan-türk xalq ədəbiyyatından, etiqad etdiyi İslam dininin humanist ideyalarından, təmsil etdiyi Şərq elminin nailiyyətlərindən bəhrələnərək dünya mədəniyyəti xəzinəsinə unikal yaradıcılıq örnəkləri bəxş edib. Bu yaradıcılıq aktının nəticəsi olan “Xəmsə” isə dünyanın mədəni mirası olmaqla yanaşı, ilk növbədə Azərbaycan xalqının əqli mülkiyyətidir.
Bu baxımdan Nizaminin irsinin toplanması, nəşrə hazırlanması, tədqiqi və təbliği istiqamətində ölkəmizdə görülən böyük işlərdən: Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin, Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılmasından, şairin əsərlərinin tərcümə, tədqiq və nəşr işlərindən qısa məlumat verən Teymur Kərimli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının qarşıda böyük imkanlar açdığını qeyd edib. Rəhbərlik etdiyi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu istiqamətdə icra olunması planlaşdırılan işlərdən də danışıb. Nizami Gəncəvi “Xəmsə”sinin elmi-tənqidi mətninin yenidən hazırlanması üzərində iş getdiyini, bunun üçün dünyanın ən məşhur kitabxana və muzeylərində qorunan ən qədim Nizami əlyazmalarının surətlərinin Bakıya gətirilməsi istiqamətində müəyyən addımlar atıldığını və Əlyazmalar İnstitutunda olan 30-a qədər əlyazmanın müqayisəli tədqiqata cəlb olunduğunu söyləyib. Nizami Gəncəvinin “Xəmsə”sinin Bakı nüsxələri içərisində ən qədiminin fotofaksimi ilə nəşrinin çapa hazırlandığını, şairin əsərlərinə çəkilmiş nadir miniatürlərin toplandığı “Nizami əlyazmalarının Bakı nüsxələri” adlı kitab-albomun Azərbaycan və ingilis dillərində nəşrə hazırlandığını, bundan əlavə “Nizami Gəncəvi və tarix”, “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, “Nizaminin türklüyü və türklüyə münasibəti”, “Azərbaycan şairi Nizami Gəncəvi və fars poeziyası” mövzusunda monoqrafiyaları üzərində iş getdiyini diqqətə çatdırıb.
Sonda alim Nizaminin müasirliyi məsələsinə toxunaraq onun dünya xalqlarını barışa, sülhə, mehriban qonşuluğa çağırdığını, ədalətsiz müharibələrə qarşı olduğunu, lakin ədalətin bərpası naminə müharibənin qaçılmaz olduğu zaman zalıma qarşı birləşməyi təbliğ etdiyini də söyləyib.
Tədbirdə, həmçinin Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Mədəniyyət naziri Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva, ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və digərləri çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla