"NİZAMİ GƏNCƏVİNİN ELMİ BAXIŞLARI" MÖVZUSUNDA GƏNC ALİM VƏ TƏDQİQATÇILARLA GÖRÜŞ KEÇİRİLİB » Əlyazmalar İnstitutu



"NİZAMİ GƏNCƏVİNİN ELMİ BAXIŞLARI" MÖVZUSUNDA GƏNC ALİM VƏ TƏDQİQATÇILARLA GÖRÜŞ KEÇİRİLİB

01.04.21. Oxunma sayı: 70 GÖRÜŞLƏR / NİZAMİ-880
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinin qeyd edildiyi 2021-ci il dövlət başçımız tərəfindən “Nizami Gəncəvi İli” elan olunduqdan sonra ədibin yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə genişmiqyaslı fəaliyyət planının həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə ölkəmizin digər elm və təhsil müəssisələri kimi Sumqayıt Dövlət Universitetində (SDU) də silsilə tədbirlər həyata keçirilir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun universitetin bir qrup gənc alim və tədqiqatçıları ilə onlayn formatda görüşü də bu qəbil tədbirlərdəndir.
"Nizami Gəncəvinin elmi baxışları" mövzusuna həsr olunan görüş filologiya üzrə fəlsəfə doktoru Xəyalə Mürsəliyevanın moderatorluğu ilə baş tutub. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirmiş, onun bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir.
Bildirilib ki, Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunub, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində əməli tədbirlər görülüb, tədqiqatlar aparılıb, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanıb.
Görüşün əhəmiyyətini vurğulayan SDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, filologiya elmləri doktoru, professor Ramazan Məmmədov bildirib ki, Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla yanaşı, canlı tarixi keçmişin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.
Tədbirdə məruzə ilə çıxış edən Nizamişünas alim Əzizağa Nəcəfov dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyat və yaradıcılığından, dahi şəxsiyyətin fəlsəfi fikirlərindən, müxtəlif elm sahələrinə bələd olmasından, dünyanın tanınmış şərqşünaslarının mütəfəkkirin həyat və yaradıcılığı ilə bağlı apardığı araşdırmalarından söz açıb. Alim bildirib ki, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
SDU-nun Doktorantura və magistratura şöbəsinin müdiri Sabir Xəlilov çıxışında Nizami irsinin təbliği baxımından görüşün əhəmiyyətindən bəhs edib.
Məruzə gənc alim və tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanıb, suallar cavablandırılıb, Nizami Gəncəvinin elmi baxışları ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
03.03.21 YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
30.12.20 AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla