ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB

27.03.21. Oxunma sayı: 328 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elm Gününə həsr olunan elmi sessiya keçirilib. Onlayn tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssislər, o cümlədən gənc tədqiqatçılar iştirak ediblər.
2018-ci ildə Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Milli Elm Gününün AMEA-nın yarandığı 27 Mart tarixində qeyd edilməsinin əhəmiyyətini vurğulayan institutun direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu gün elmə töhfələr bəxş etmiş Azərbaycan alimlərinin, elm ocağımızın, ziyalılarımızın bayramıdır. Məhz bu dahi şəxsiyyətlərin elmin inkişafı istiqamətində göstərdikləri fədakarlıq onların əbədiyaşarlığını təmin edən başlıca amillərdəndir. Azərbaycan elminin keçdiyi şərəfli tarixdən bəhs edən alim bildirib ki, hələ qədim dövr ədəbiyyatımızda, folklorumuzda elmə böyük dəyər verilib, elmi kəşflərin bəşəriyyətin, cəmiyyətin həyatında oynadığı müstəsna rolu yüksək qiymətləndirilib.
Füzuli yaradıcılığından sitat gətirən alim dahi şairin əsərlərində elmlə sənətin bağlılığı, insan şüuruna və qəlbinə mənəvi qida olması kimi fikirlərin əks olunduğunu vurğulayıb. Bildirib ki, bir çox ədiblərimiz kimi Füzuli də dövrünün tanınmış alimlərindən olub, şeirlərində elmə sevgiylə yanaşmanın əhəmiyyətini aşılayıb. Əks halda bəşəri əhəmiyyətli elmi nailiyyətlərin əldə olunmasının qeyri-mümkünlüyünü ifadə edib. Alimlərimizin məhz bu zəmin üzərində elmi fəaliyyətlərini davam etdirdiyini vurğulayan akademik Teymur Kərimli qeyd edib ki, Azərbaycan humanitar elmi, o cümlədən Azərbaycan ədəbiyyatı, tarixi və ictimai həyatının müxtəlif sahələrinə dair əlyazmalar tariximizin öyrənilməsi, milli dəyərlərimizin gənclərə, gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
İnstitutun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifov çıxışında elmi müəssisədə orta əsr yazılı abidələrin üzərində işləyən elm fədailərinin, dəyərli elmi potensialın cəmləndiyini ifadə edib. Tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, ən nəhayət milli kimliyimizi, varlığımızı əks etdirən böyük mənəvi sərvətin, xəzinənin respublikamıza gətirilərək, elmi müəssisədə toplanması üçün çox böyük zəhmətin sərf edildiyini qeyd edib. Bu məsuliyyətli və şərəfli işdə qocaman alimlərin əməyini dəyərləndirən Kamandar Şərifov bir zamanlar qeyri-mümkün olan, bu gün isə reallığa çevrilən beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Azadə Musayeva çıxışında müstəqilliyimizin bərpasından sonra əldə olunan Şərq əlyazmalarında bütün elm sahələrini əks etdirən əsərlərin ölkəmizə gətirilməsi, tədqiqində meydana çıxan çətinliklərdən bəhs edib. Həm bu işin peşəkarlarının, həm də müxtəlif dilləri mükəmməl bilən mütəxəssislərin bir araya gəlməsi nəticəsində bu istiqamətdə elmi uğurların əldə olunduğunu vurğulayıb. Gənclərin bu sahədə araşdırmalara həvəs göstərməsinin sevindirici hal olduğunu bildirən alim onların elmi müəssisədə fəaliyyət göstərən təcrübəli alimlərin yanında çalışaraq burada qorunan zəngin əlyazmaların tədqiqinə cəlb olunmasının zəruriliyini ifadə edib.
İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov da çıxışında ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan əlyazmaların tədqiqi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayıb. İnstitutun ölkədə əlyazmaların tədqiqi ilə məşğul olan yeganə elmi müəssisə olduğunu qeyd edən alim bildirib ki, bu baxımdan yazılı abidələrimizin qorunub saxlanması, bərpası və araşdırılması istiqamətində yeni nəslin formalaşdırılması ümdə vəzifələrdəndir.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Əlyazmalar İnstitutunda hər il olduğu kimi cari ildə də aparılacaq tədqiqatlarınaktual mövzulara həsr olunduğunu vurğulayıb. Prioritet istiqamətlərdə aparılan araşdırmalardan söz açan alim bildirib ki, bu il müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan, həmçinin Nizami ili ilə bağlı silsilə tədbirlər, layihələr həyata keçiriləcək. Bundan əlavə, Qarabağın ədəbi mühiti ilə bağlı antologiya hazırlanır, institutda fəaliyyət göstərən alimlərin elmmetrik təhlili aparılır. Alim, həmçinin Nizami ili çərçivəsində artıq işıq üzü görən akademik Teymur Kərimlinin müəllifi olduğu “Nizami və tarix” monoqrafiyasının II nəşrini,institutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Nailə Səmədova tərəfindən ərəb əlifbasından transfoneliterasiya və tərtib edilərək hazırlanan “Məmməd Səid Ordubadinin “Nizaminin dövrü və həyatı”” məqalələr toplusunun II kitabını da təqdim edib. İnstitutda aparılan multidissiplinar tədqiqatlardan bəhs edən Əzizağa Nəcəfov elmi müəssisənin beynəlxalq əlaqələrinin daha da gücləndirildiyini, elektronlaşdırılma sahəsində mühüm addımların atıldığını, əhəmiyyətli resursların manuscript.az saytında yerləşdirilməsi, elektron kitabxananın, o cümlədən kataloqlarınyaradılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Bildirib ki, bu layihələr sistemli strategiya əsasında həyata keçirilir və elmi müəssisənin bütün şöbələri sözügedən layihələrin reallaşmasında yaxından iştirak edir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xatirə Cabbarzadə çıxışında qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamıyla ölkəmizin tarixində ilk dəfə olaraq təsis edilən “Elm Günü”nün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin elm sahəsinə cəlb edilməsidir. Bildirib ki, ölkənin gələcək inkişafında elmin rolunun artırılmasına imkan verən bu əlamətdar hadisənin məhz elm məbədinin yarandığı gündə qeyd edilməsi qət edilən şərəfli yolun təkcə tarixi mərhələ deyil, eyni zamanda ölkəmizin tərəqqisinə xidmət edən elmi-ictimai, mədəni-texniki proseslərin təzahürüdür. Elm gününün əsas mahiyyətinin əldə olunan nailiyyətlərin geniş təbliği ilə səciyyələndiyini vurğulayan Xatirə Cabbarzadə bu baxımdan elmi jurnalistika sahəsində çalışan qələm sahiblərinin üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. Aparılan tədqiqatların unikallığı ilə fərqlənən Əlyazmalar İnstitutunda həyata keçirilən prioritet araşdırmaların, əməli tədbirlərin geniş auditoriyaya çatdırılması istiqamətində görülən işləri, nəzərdə tutulan yeni layihələri nəzərə çatdırıb.

Sonra institutun elmi fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub. Həmin çarxı buradan izləmək mümkündür.

İlk elmi məktəbin, daha dəqiq desək akademiyanın banisi hesab olunan Platonun təbirincə desək, elm insan ruhunun gözünü təmizləyərək açır. Ruhun gözü isə min adi gözdən önəmlidir, çünki yalnız onun köməyi ilə həqiqəti görmək mümkündür. Bu gün ölkəmizdə qeyd olunan və çoxdan arzusunda olduğumuz milli Elm Günü münasibətilə həqiqət axtarışında olan hər kəsi təbrik edir, şərəfli ömür yolunda addımlayan alimlərimizə yeni elmi nailiyyətlər arzulayırıq!


OXŞAR XƏBƏRLƏR:

30.12.20 AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
02.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA "GƏNCLƏR GÜNÜ" QEYD OLUNUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla