YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu



YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

03.03.21. Oxunma sayı: 102 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, tanınmış televiziya xadimi Yusif Bağırlının (Yusif Günaydın) 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin direktoru, akademik Teymur Kərimli alimin şərəfli ömür yoluna nəzər salıb, ona həsr etdiyi şeiri səsləndirərək gənclik xatirələrini bölüşüb. Alimin həm elmi fəaliyyəti, həm də bədii-publisistik yaradıcılığı ilə bəxş etdiyi töhfələrdən söz açıb. Əlyazmalar İnstitutunda alimin davamçılarının yetişməsinin sevindirici hal olduğunu vurğulayıb. Bildirib ki, Yusif Bağırlı 30-cu illərin siyasi repressiyalarına məruz qalmış, lakin öz əqidəsinə həmişə sadiq olan, bəraət qazandıqdan sonra uzun müddət ADPU-nun Filologiya fakültəsində Azərbaycan dilinin tarixi qrammatikası fənnini tədris etmiş, dəyərli ziyalı, Azərbaycan klassik ədəbiyyatının nadir bilicisi Cavad Bağırovun ailəsində dünyaya göz açıb. Qeyd edib ki, çoxşaxəli yaradıcılığı, insanpərvərliyi, geniş dünyagörüşü ilə institut kollektivinin rəğbət və ehtiramını qazanmış alim həm də tamaşaçılar tərəfindən çox sevilən televiziya xadimidir. Onun nailiyyətlərindən biri də böyük məharətlə Vətən obrazını teleməkana gətirmək olub. Akademik Teymur Kərimli Yusif Günaydına 70 illik yubileyi münasibətilə və məhsuldar elmi fəaliyyətinə görə “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fəxri Fərmanı”nı təqdim edərək, alimə səmimi arzularını çatdırıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Yusif Bağırlının həyat və yaradıcılığı, elmi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Əzizağa Nəcəfov vurğulayıb ki, “Hüseyn Cavid dramaturgiyasında romantik qəhrəman konsepsiyası” mövzusunda apardığı elmi-tədqiqat işinə görə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən alim yerli və xarici mətbuatda dərc edilmiş 200-dən çox elmi, elmi-publisistik və bədii yazının müəllifi, bir neçə kitabın tərtibçisi və redaktorudur: “Peşəkar jurnalist, tərcüməçi, pedaqoq kimi fəaliyyət göstərmiş Yusif müəllimin bədii yaradıcılığı, şeirləri də özünəməxsusluğu ilə seçilir. Onun şeir sənətinə yanaşması da orijinaldır. Səməd Vurgunundediyi kimi qələmi süngüyə çevirən şəxslərdəndir”. Alimi yubileyi münasibətilə təbrik edən Əzizağa Nəcəfov vurğulayıb ki, Yusifmüəllim həm Azərbaycan Dövlət Kino İstehsalat Birliyində baş redaktor, həm də İctimai Televiziyada redaktor vəzifələrində çalışdığı dövrdə öz yaradıcılığında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği ilə yanaşı, vətənpərvərlik mövzusuna daim üstünlük verib.
Yubilyarı təbrik edən institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov da çıxışında Yusif Bağırlının elmi fəaliyyətindən və televiziya verilişlərindən, bədii yaradıcılından söz açıb. Qeyd edib ki, informasiyanın güclü silah hesab olunması baxımından qələm sahiblərinin, o cümlədən Yusif  müəllimin üzərinə hər zaman böyük məsuliyyət düşüb və o bu şərəfli missiyanın öhdəsindən uğurla gəlib: “Xüsusən də İkinci Qarabağ savaşında xalqımızın sarsılmaz birliyinin əldə edilməsində elm adamlarının, qələm sahiblərinin və ümumiyyətlə ziyalıların böyük rolu oldu. Bu baxımdan da Yusif müəllim hər iki istiqamətdə qələmini silaha çevirən ziyalılarımızdandır. O, televiziya sahəsini mükəmməl bilən peşəkar ustad kimi bu istiqamətdə kadr hazırlığına da töhfə verib. Öz verlişləri ilə dünya azərbaycanlılarını bir araya gətirməyi bacarıb”.
İnstitutun baş elmi işçisi, tarix elmləri doktoru Tahirə Həsənzadə çıxışında Yusif Bağırlının müəllifi olduğu “Qərib axşamlar” verilişində tariximizə, söz sənətimizə, Vətənimizə dərin məhəbbətin ifadə olunduğunu vurğulayıb: “ Bir zamanlar böyük intizarla gözlədiyimiz bu veriliş harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları öz ətrafına topladı, bizə birlik olmağı, nailiyyətlərimizə sevinməyi öyrətdi. Yusif müəllim bir ziyalı, el ağsaqqalı kimi dünyanın hər yerində yaşayan azərbaycanlıları telekörpü vasitəsilə bir-birinə caladı, el-oba birliyimizi Vətən birliyinə çevirənlərdən oldu”.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Quliyeva elmi müəssisənin gəncləri adından yubilyarı təbrik edib. Alimin pedaqoji fəaliyyətindən söz açaraq onun gənc mütəxəssilərə diqqət və qayğısından, təcrübəsi ilə gənclərə dəstək olmasından bəhs edib. Aytən Quliyeva, həmçinin institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin alimə ürək sözlərini, arzularını çatdırıb.
Sonda çıxış edən Yusif Bağırlı ona göstərilən diqqətə görə elmi müəssisənin kollektivinə təşəkkürünü ifadə edib. 90-cı illərin həm “20 Yanvar” faciəsi, həm də Birinci Qarabağ savaşı ilə ona dərin sarsıntı yaşatdığını qeyd edən alim ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazanılan böyük qələbənin onu yenidən həyata qaytardığını ifadə edib: “Bir çox elmi, bədii yaradıcılıq layihəsindən imtina etməli oldum, hamı kimi mən də ağır böhranlı günlər yaşadım. İkinci Qarabağ  müharibəsində əldə etdiyimiz şanlı qələbə bizə təkcə əzəli torpaqlarımızı qaytarmadı, eyni zamanda milli kimliyimizi, sarsılmaz iradəmizi bərkitdi, birliyimizi daha da möhkəmləndirdi”.
Tədbirin sonunda çıxış edən akademik Teymur Kərimli alimi institutun kollektivi adından 70 illik yubileyi münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

OXŞAR XƏBƏRLƏR:

27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla