“ANA DİLİM-DOĞMA DİLİMDİR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu



“ANA DİLİM-DOĞMA DİLİMDİR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

21.02.21. Oxunma sayı: 60 TƏDBİRLƏR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı ilə “Ana dilim-doğma dilimdir” mövzusunda tədbir keçirilib. 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirdə dilimizin saflığının qorunması, hərtərəfli inkişafı istiqamətində həyata keçirilən layihələrdən söz açılıb. Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, geniş tətbiqi, qorunması və inkişaf etdirilməsi, bu sahədə dünya azərbaycanlılarının milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi baxımından həyata keçirilən əməli tədbirlərdən bəhs edilib.
Tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov “Ana dilimiz milli sərvətimizdir” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, dilçi alimlərin araşdırmalarına əsasən dünyada təxminən yeddi minə qədər dil qeydə alınıb, hazırda isə beş-altı min canlı dil mövcuddur. Statistik göstəricilərə görə, hər on dörd gündə dünyada mövcud olan ünsiyyət vasitələrindən ikisi istifadə olunmayaraq ölü dilə çevrilir.
Azərbaycan dilinin milli dil səviyyəsinə yüksələrək ifadə imkanları ilə dünyanın aparıcı dilləri sırasında öz mövqeyini qoruduğunu ifadə edən alim vurğulayıb ki, dilimiz xalqımızın milli sərvətidir: “XIX əsrdə Qafqazda beynəlmiləl dil kimi istifadə olunan ana dilimiz bütün təzyiqlərə baxmayaraq, inkişaf edərək işlək vəziyyətdə qala bilib. Bu istiqamətdə xalqımızın uzaqgörən liderlərinin, vətənpərvər ziyalılarının və istedadlı söz ustalarının rolu danılmazdır. Bu gün ana dilimiz dövlət dili statusuna malikdir, Güneyli-Quzeyli çoxmilyonlu Azərbaycan xalqının danışıq və ədəbi dilidir”.
Doğma dilimizə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini vurğulayan alim qeyd edib ki, ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Sonda Əzizağa Nəcəfov ADPU Tələbə Gənclər Təşkilatı, Kitab Klubu, İncəsənət və fiziki tərbiyə fakültəsinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Ana dilim-doğma dilimdir” mövzusunda tədbirdə iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunub.


OXŞAR XƏBƏRLƏR:

30.12.20 AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB
27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
03.03.20 GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN II BEYNƏLXALQ ELMİ KONFRANSI ÖZ İŞİNƏ BAŞLAYIB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla