X.NATƏVANIN “GÜL DƏFTƏRİ”NİN BEYNƏLXALQ REYESTRƏ DAXİL EDİLMƏSİ İSTİQAMƏTİNDƏ ƏMƏLİ TƏDBİRLƏR GÖRÜLÜR » Əlyazmalar İnstitutu



X.NATƏVANIN “GÜL DƏFTƏRİ”NİN BEYNƏLXALQ REYESTRƏ DAXİL EDİLMƏSİ İSTİQAMƏTİNDƏ ƏMƏLİ TƏDBİRLƏR GÖRÜLÜR

19.02.21. Oxunma sayı: 68 TƏDBİRLƏR
Ölkəmizə aid daha bir unikal əlyazma UNESCO-nun Dünya yaddaşı (Memory of the World) beynəlxalq reyestrinə daxil edilə bilər. Bu haqda UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyəti ilə bağlı keçirilən onlayn iclasda məlumat verilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə keçirilən tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin I katibi Ülkər Əlibəyli, komitənin sədr müavinləri Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Paşa Kərimov, koordinatoru Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və digərləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti Aparatının xarici əlaqələr idarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva 1992-ci ildən fəaliyyət göstərən UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkəmizə dair dünya əhəmiyyətli sənədlərin, əlyazmaların və digər materialların beynəlxalq reyestrdə yer almasını təmin etmək alimlərimizin əsas hədəflərindəndir.
UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, akademik Teymur Kərimli qeyd edib ki, əsas məqsəd dünya əhəmiyyətli əlyazmaların və müxtəlif bəşəri əhəmiyyətə malik sənədli irsimizin beynəlxalq səviyyədə gələcək nəsillərə çatdırılmasını təmin etməkdir. Bu istiqamətdə görülən işləri nəzərə çatdıran alim bildirib ki, komitə öz fəaliyyətini müvafiq qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirərək həyata keçirir. Xarici ölkələrin muzey, arxiv və fondlarında saxlanılan tarixi, mədəni irsimizi əks etdirən nümunələrin ölkəmizə qaytarılması, həmçinin beynəlxalq qeydiyyat siyahısına daxil edilməsi istiqamətində əməli tədbirlər görülür.
Qeyd edək ki, indiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal əlyazma - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin “Divan”ı Dünya yaddaşı reyestrinə daxil edilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova çıxışındaəlyazmaların UNESCO-nun Dünya Yaddaşı üzrə Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi sahəsində qurumlararası əlaqələrin genişləndirilməsi və sözügedən Proqram çərçivəsində səmərəli fəaliyyətin təmin edilməsi istiqamətində elmi müəssisədə görülən işləri nəzərə çatdırıb. Bu istiqamətdə akademik Teymur Kərimlinin rəhbərliyi ilə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun da üzv olduğu komissiyanın yaradıldığını və birgə fəaliyyət nəticəsində səmərəli addımların atıldığını nəzərə çatdırıb. Alim Xurşidbanu Natəvanın “Gül dəftəri” albomunun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi ilə əlaqədar həyata keçirilən əməli tədbirlər haqqında ətraflı məlumat verib. Beynəlxalq təşkilatın Cənubi Koreya Milli Komitəsi tərəfindən təşkil olunan təlimlərdə iştirakı zamanı reyestrə daxil edilmək üçün təqdim olunmuş “Gül dəftəri” albomu haqqında çıxışlarında əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı mövqeyi və obyektiv qiymətləndirməyə yardım edəcək mötəbər arxiv sənədlərini UNESCO ekspertlərinin diqqətinə çatdırdığını vurğulayıb. Alim məsələ ilə bağlı digər təfərrüatları da nəzərə çatdırıb.
Arzu Məmmədxanlı çıxışında Novruz bayramı ərəfəsində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilən əlyazmaların sərgisinin açılışı ilə bağlı məlumat verib. İclasda qeyd olunan məsələ ilə bağlı vurtual sərginin hazırlanmasına dair qərar qəbul edilib.
Onlayn tədbirdə, həmçinin UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin Əsasnaməsində və tərkibində qismən dəyişiklik edilməsi, Dünya Yaddaşı Proqramının Bakıda keçirilməsi təklif edilən 3-cü regionlararası konfransın təşkili ilə bağlı məsələlərə baxılıb. Müzakirələrdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəis müavini Günel Məmmədova və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov və digərləri çıxış edərək rəy və təkliflərini səsləndiriblər.


OXŞAR XƏBƏRLƏR:

27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
01.05.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
17.02.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla