“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV ARXİVİNDƏN NÜMUNƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu



“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV ARXİVİNDƏN NÜMUNƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

15.02.21. Oxunma sayı: 267 NƏŞRLƏR
Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə yüksəldərək milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayan görkəmli dövlət və ictimai-siyasi xadim, yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar yeni nəşr işıq üzü görüb.
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” adlı kitabda ədibin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində əlyazma şəklində saxlanılan və indiyədək nəşr olunmuş kitablarına daxil edilməyən pyes və məqalələri, eləcə də ədəbi fəaliyyətinin 35 illiyinə həsr edilmiş yazılar əks olunub. Bundan əlavə, “Sağsağan” pyesi haqqında resenziya transfoneliterasiya və tərtib edilərək təqdim olunub.
Yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, tərtib edib nəşrə hazırlayanları filologiya elmləri doktoru Nailə Səmədova, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır. Nailə Səmədova həmçinin kitabın ön sözünün müəllifidir.
Kitabda Əbdürrəhim bəy Haqverdiyevin öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyətindən söz açılıb, onun dramaturji irsinin ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açdığı vurğulanıb. Qeyd olunub ki, ədibin canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. O, Azərbaycanın ictimai həyatında fəal iştirak edərək sosial-mədəni quruculuq işlərində yorulmadan çalışıb. Maarifçiliyin alovlu təbliğatçısı kimi daim əsərlərində xalqı mədəni oyanışa və tərəqqiyə səsləyib.
Qeyd edilib ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan yazıçının mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.
OXŞAR XƏBƏRLƏR:

08.01.21 ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVƏ ÜNVANLANAN MƏKTUBLAR YENİ KİTABDA YER ALIB
06.03.20 MƏMMƏD SƏİD ORDUBADİNİN AZƏRBAYCAN TARİXİ HAQQINDA YAZDIĞI MƏQALƏLƏR NƏŞR OLUNUB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
17.07.19 AZƏRBAYCANDA İLK DƏFƏ ƏLYAZMALAR İNSTİTUTUNDAKI TÜRKDİLLİ ƏLYAZMALARIN TOPLU KATALOQU NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla