DAHİ NİZAMİNİN “XƏMSƏ”SİNİN AKADEMİK NƏŞRİ, ELMİ-TƏNQİDİ MƏTNLƏRİ ƏRSƏYƏ GƏTİRİLƏCƏK » Əlyazmalar İnstitutu



DAHİ NİZAMİNİN “XƏMSƏ”SİNİN AKADEMİK NƏŞRİ, ELMİ-TƏNQİDİ MƏTNLƏRİ ƏRSƏYƏ GƏTİRİLƏCƏK

12.02.21. Oxunma sayı: 220 TƏDBİRLƏR / NİZAMİ-880
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə tədbir keçirilib. Humanitar və İctimai Elmlər bölmələrinin müvafiq Tədbirlər planına əsasən dahi Nizaminin “Xəmsə”sinin akademik nəşrinin, elmi-tənqidi mətnlərinin ərsəyə gətirilməsi ilə əlaqədar komissiyanın yaradılması ilə bağlı müzakirələr aparılıb. Qeyd olunan məsələlərin həlli istiqamətində elmi mərkəz olaraq Əlyazmalar İnstitutu müəyyənləşdirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunda bu istiqamətdə vəzifələri icra etmək üçün ilk növbədə işçi qrupun yaradılmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, elmi müəssisənin fondunda mühafizə olunan Nizami Gəncəvi əsərlərinin nadir əlyazmalarından ibarət sərginin təşkili, əlyazmaların rəqəmsallaşdırılması və elektron bazanın yaradılması tədbirlər planına daxil edilib. “Nizami Gəncəvi və tarix”, “Nizaminin türklüyü və türklüyə münasibəti”, “Azərbaycan şairi Nizami Gəncəvi və fars poeziyası” monoqrafiyalarının nəşri, Azərbaycan və ingilis dillərində “Nizami əlyazmalarının Bakı nüsxələri” adlı kitab-albomun hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Akademik Teymur Kərimli çıxışında Nizami Gəncəvinin daha qədim əlyazmalarının axtarılıb tapılmasının zəruriliyini ifadə edib. Bu istiqamətdə araşdırmaların aparıldığını, beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində müxtəlif ölkələrin fondlarında günümüzədək gəlib çıxmayan əlyazmaların ölkəmizə gətirilməsi ilə bağlı işlərin davam etdirildiyini vurğulayıb. Postpandemiya dövründə şairin çoxlu sayda əlyazmalarının olduğu ehtimal edilən Hindistanla əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı müzakirələrdə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxış ediblər. Artıq nadir əlyazmalarda olan təsvirlərin toplanmağa başlanıldığı, elmi müəssisə tərəfindən “Nizami Gəncəvi “Xəmsə”sinin Bakı əlyazma nüsxəsi, “Nizami Gəncəvi – 880” adlı biblioqrafik göstəricinin əks olunduğu toplu və monoqrafiyaların nəşrə hazırlanacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu il Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” əsərinin transliterasiyası və monoqrafiyasının nəşrə hazırlanması, həmçinin “Nizami Gəncəvi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda konfransın keçirilməsi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR:

18.09.20 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
28.07.20 ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
09.12.19 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla