“AZƏRBAYCAN NƏFƏSLİ ƏLYAZMALAR PRAQA MİLLİ KITABXANASINDA” KATALOQU TƏQDİM OLUNUB » Əlyazmalar İnstitutu



“AZƏRBAYCAN NƏFƏSLİ ƏLYAZMALAR PRAQA MİLLİ KITABXANASINDA” KATALOQU TƏQDİM OLUNUB

22.01.21. Oxunma sayı: 77 TƏDBİRLƏR
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin və “Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında” kataloqunun təqdimatı keçirilib. Yeni nəşrin elmi redaktoru, professor Kərim Tahirov, “Ön söz”ün müəllifi AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, tərtibçiləri institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov və Güldəstə Abdullayevadır.
Dövlət başçısının müvafiq sərəncamına əsasən “Nizami Gəncəvi İli” çərçivəsində AR Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə eyni zamanda, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı da təqdim olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında bildirib ki, dahi şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə təşkili mədəniyyətimizə, həmçinin Azərbaycanı dünyada tanıdan mütəfəkkirlərə dövlət səviyyəsində verilən dəyərin təzahürüdür. Vaxtilə Nizaminin, Füzulinin, Tusinin və bir çox mütəfəkkirlərimizin əlyazmalarının Azərbaycandan daşınaraq aparıldığını təəssüf hissi ilə qeyd edən natiq “Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında” adlı kataloqda öz əksini tapan qiymətli əlyazmaların da bir zamanlar xarici ölkələrə aparıldığını və bir əsrə yaxındır ki, Praqa Milli Kitabxanasında saxlanıldığını ifadə edib. Sözügedən kitabxanada böyük Azərbaycan şairi Nizami Gəncəvinin ən qədim əlyazma nüsxələrindən birinin mühafizə olunduğu aşkar edilib.
Mədəniyyət naziri Anar Kərimov akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə azərbaycan və ingilis dillərində Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən nəfis şəkildə nəşr olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının nizamişünaslıq elminə töhfə olduğunu ifadə edib.
Bildirib ki, son 2 ildə 53 qiymətli əlyazmanın elektron və kağız surətinin Azərbaycana gətirilməsi təmin olunub. Onların arasında Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Sahib Təbrizi və digər klassiklərimizin qiymətli əlyazmaları var. “Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında” adlı kataloqunu dəyərləndirən nazir burada Nizami Gəncəvinin “Xəmsə”sinin, eyni zamanda XIV-XV əsrlərə aid ən qədim əlyazmaların da əksini tapdığını vurğulayıb. Onların əksəriyyətinin bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında adının olmaması səbəbindən alim və mütəxəssislərimiz tərəfindən tədqiq olunmadığını qeyd edib.
Tədbirdə, həmçinin Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, xalq yazıçısı Elçin, akademiklər Kamal Abdulla, Nizami Cəfərov, Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış ediblər. “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin zəngin bədii irsinin azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiqi və təbliği istiqamətində nəzərdə tutulan layihələrdən söz açılıb.


OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla