ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB

19.01.21. Oxunma sayı: 92 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.
Öncə qanlı faciənin qurbanları, günahsız olaraq qətlə yetirilmiş oğul və qızlarımızın, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş, eyni zamanda, Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin direktoru, akademik Teymur Kərimli qeyd edib ki, qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 yanvar tarixi Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. Keçmiş SSRİ rəhbərliyi tərəfindən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və ölkədə baş verən proseslərə, xəyanətkarlığa etiraz edən xalqımıza qarşı misli görünməmiş amansızlıq və qəddarlıq nümayiş etdirildi.Növbəti gün, yəni 21 yanvar tarixində Ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanatla çıxışından sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi. 1994-cü il martın 29-da isə Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi nəticəsində dinc əhalinin qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Akademik Teymur Kərimli vurğulayıb ki, qanlı qırğından 31 il keçməsinə baxmayaraq, xalqımız o qanlı faciənin ağrı-acısı ilə yaşayır. Uzun illərdən bəri torpaqlarımızı işğal etmiş erməni faşizmi üzərində ötən il qazanılmış böyük qələbə sayəsində bu il xalqımız şəhidlərimizin xatirəsini kədər, hüzn hissi ilə yanaşı, daha fərqli duyğuyla yad edir: “Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımız şanlı qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində tarixi zəfər çaldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, rəşadətli Milli Ordumuzun cəsarəti, peşəkarlığı sayəsində illərdir həsrətini çəkdiyimiz doğma Qarabağı və onun ətrafındakı ərazilərimizi işğaldan azad olundu. Ötən əsrin sonlarından bu günə kimi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin qisası alındı”.
Akademik Teymur Kərimli çıxışının sonunda postmüharibə dövründə alimlərimizin üzərinə düşən vəzifələrdən də söz açıb. Qeyd edib ki, hazırda silahlar sussa da ziyalılarımızın sözünə, mütəxəssislərimizin tədqiqatlarına geniş yer verilməli, mənfur düşmənin hiyləsi yerindəcə ifşa olunmalıdır.
Tədbirdə, həmçinin institutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, şöbə müdirləri, filologiya üzrə elmlər doktorları, professor Kamandar Şərifov, professor Azadə Musayeva, aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın, elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə çıxış ediblər.
Tədbirdə, həmçinin gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan söz açılıb. Qeyd olunub ki, şanlı qələbə ilə erməni faşizminə elə bir dərs verildi ki, onlar bu dərsi heç zaman unutmayacaq. Bütün bunlara rəğmən, xislətinə uyğun olaraq düşmən hələ də məkrli fitnələrindən əl çəkmir, lakin ölkə rəhbərimizin də qeyd etdiyi kimi, torpağımıza kəc baxanlar bundan sonra da sarsıdıcı yumruqla rastlaşacaqlar.
Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Artıq bayrağımız Şuşa qalasında dalğalanır, şəhidlərimizin ruhu şaddır, onların qanı yerdə qalmadı, qisası alındı. Bu günlər Şəhidlər Xiyabanına gələn böyükdən kiçiyə hər kəs ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşı kimi böyük qürur hissi keçirərək istiqlal fədailərimizin xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin!


OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
12.11.20 VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILAN QƏLƏBƏ TARİXİMİZİN ZƏFƏR SALNAMƏSİ, PARLAQ SƏHİFƏSİDİR
01.04.19 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR ANIM TƏDBİRİ KEÇİRİLİB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla