QARABAĞLI PİR MƏHƏMMƏDİN “MƏNAQİBNAMƏ”Sİ İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu



QARABAĞLI PİR MƏHƏMMƏDİN “MƏNAQİBNAMƏ”Sİ İŞIQ ÜZÜ GÖRÜB

18.01.21. Oxunma sayı: 118 NƏŞRLƏR
"Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si" kitabı işıq üzü görüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə yardımı ilə ərsəyə gələn yeni nəşrin müəllifləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlilli və “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
Kitabın elmi məsləhətçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, elmi redaktoru professor Qafar Cəbiyev, rəyçisi filologiya üzrə fəlsəfə doktoru dosent Nəzakət Məmmədlidir.
XVI əsrin birinci yarısında Qarabağda yaşamış xəlvəti şeyxinin həyatı və təsəvvüfi fəaliyyətindən bəhs olunan kitabda Pir Məhəmməd haqqında yazılmış "Mənaqibnamə" əsərinin nüsxələri tekstoloji təhlil edilib. Eyni zamanda əsərin Türkiyə nüsxəsi transfoneliterasiya olunub, mətni sadələşdirilib, o dövrdə Qarabağda yaşamış şəxslər və mövcud olan toponimlər tədqiq edilib, Türkiyə, Bakı və Duruca nüsxələrinin fotofaksimiləsi yerləşdirilib.
Əsərin tədqiqi üçün İstanbul Millət Əlyazma Əsərlər Kitabxanası, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Qəbələ rayonu Duruca kənd sakini Ruslan Məmmədovun şəxsi kolleksiyasındakı nüsxələrdən istifadə edilib.
Qeyd edək ki, “Qara Pirim” və “Qara Şeyx” deyə tanınan Pir Məhəmmədin nəsli məşhur sufi Şəms Təbriziyə bağlanır. Onun nəticəsi Feyzullah əfəndi Osmanlı dövlətində ən ali vəzifələrdən hesab olunan şeyxülsilamlığa yüksəlib, sultanın övladlarının müəllimi olub. Özündən sonra iki oğlu Mustafa əfəndi və Mürtəza əfəndi də şeyxülislam kimi Osmanlı dövlətinin ictimai-siyasi fəaliyyətində yaxından iştirak ediblər. Hazırda İstanbul şəhərinin Fateh rayonunda yerləşən Millət Kitabxanasında ayrıca Feyzullah əfəndi əlyazma kolleksiyası var. “Mənaqibnamə”nin Türkiyə nüsxəsi həmin kolleksiyadadır. Feyzullah əfəndi bununla yanaşı, nəslinin şəcərəsini tanıdan “Silsilənamə” risaləsini də qələmə alıb. Kitabda həm “Mənaqibnamə”, həm də “Silsilənamə” risalələrinə əsaslanaraq Qarabağlı Pir Məhəmmədin həyatı və fəaliyyəti haqqında məlumat verilir.
“Mənaqibnamə”nin əsas maraqlı tərəfi Qarabağın XVI əsri əhatə edən oba, kənd, çay, dərə, dağ kimi toponimlərinin adının çəkilməsidir. Duruca nüsxəsindən Pir Məhəmmədin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli kəndində “Mənaqibnamə”də adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla