MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

31.05.18. Oxunma sayı: 188 MÜHÜM XƏBƏRLƏR
30 may 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda Məhəmməd Füzuli “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik–kaibi, akademik Teymur Kərimli, institutun əməkdaşları və digər qonaqlar iştirak ediblər. 
AMEA-nın prezidenti, akademik A.Əlizadə M.Füzuli “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində mədəni irsimizin dünyada tanıdılması istiqamətində əsl dönüş başlandığını bildirib. A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini bildirib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsini onun müstəsna dəyəri ilə əlaqələndirib. O, deyib ki, bu həmin irsin bəşəriyyət üçün mühüm əhəmiyyətini bir daha təsdiqləyir. E.Sultanov Beynəlxalq Reyestrin həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun mümkün qədər çox insan üçün əlçatan olmasına şərait yaratdığını qeyd edib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də YUNESKO qeydiyyatını respublikamız üçün uğurlu bir addım kimi dəyərləndirib. O deyib ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. YUNESKO rəhbərliyi əlyazmanın əhəmiyyətini və mahiyyətini düzgün dəyərləndirib. Akademik təşkilatın universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən göndərilən məktubda da bu məqama işarə edildiyini bildirib. O, əsərin YUNESKO-nun baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Beynəlxalq Reyestrə salındığını bildirib.
AMEA-nın Humanitar Bölməsinin müdiri, akademik Teymur Kərimli Əlyazmalar İnstitunun böyük xəzinə olduğunu və bu xəzinənin dünyaya tanıdılmasının vacibliyini vurğulayıb. Daha sonra çıxış edən akademik Rəfael Hüseynov, filolologiya üzrə elmlər doktoru Paşa Kərimov və digərləri çıxış edərək Məhəmməd Füzulinin həyatı, yaradıcılığı və irsi barədə məlumat veriblər.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB
18.02.18 MƏHƏMMƏD FÜZULİNİN TÜRKCƏ “DİVAN”ININ ƏLYAZMASI UNESCO-NUN “DÜNYA YADDAŞI” REYESTRİNƏ DAXİL EDİLİB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla