NİZAMİ GƏNCƏVİ ƏLYAZMALARININ BAKI NÜSXƏLƏRİ ƏSASINDA KİTAB HAZIRLANIR » Əlyazmalar İnstitutu



NİZAMİ GƏNCƏVİ ƏLYAZMALARININ BAKI NÜSXƏLƏRİ ƏSASINDA KİTAB HAZIRLANIR

15.01.21. Oxunma sayı: 112 NƏŞRLƏR / NİZAMİ-880
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami əlyazmalarının Bakı nüsxələri” adlı albom nəşri hazırlanır.
Bu haqda az.trend.az informasiya agentliyinə müsahibəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov məlumat verib. Bildirib ki, “Nizami ili” çərçivəsində Azərbaycan və ingilis dillərində hazırlanan kitabda Nizaminin bəşəri əhəmiyyəti haqqında məqalə, dahi şairin dünya kitabxalarında qorunan mühüm əlyazmaları barədə məlumat əks olunacaq. Yeni nəşrdə, həmçinin Əlyazmalar İnstitutunda qorunan 25 əlyazmanın müfəssəl təsviri, mühüm səhifələrin və miniatürlərin fotoları yer alacaq.
Alim qeyd edib ki, Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi təkcə bu il deyil, hər zaman alimlərimizin diqqət mərkəzindədir:
"Nizami Gəncəvinin milli və ədəbi kimliyinin elmi əsaslarla yenidən tədqiqata cəlb olunması nizamişünaslıq qarşısında duran mühüm vəzifələrdəndir. Əlyazmaşünaslıq elmimiz qarşısında duran vəzifələrdən biri də Nizami əsərlərinin dünyanın müxtəlif ölkələrində olan əlyazmalarının surətini əldə etmək və tədqiqata cəlb etməkdir. Bu sahədə Əlyazmalar İnstitunda artıq 2018-ci ildən müəyyən işlər görülür. Məsələn, İnstitutumuzun direktoru, akademik Teymur Kərimli “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyədə ezamiyyətdə olarkən Türkiyənin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan zaman Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də yaxından tanış olmuş, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilmişdi. Əldə olunan nadir nüsxələrdən bəzisi vaxtilə Aya Sofya məbədinin kitabxanasında qorunan əlyazmalardır. Sevindirici haldır ki, şairin irsinin daha dərindən tədqiqində bu nadir nüsxələr də nizamişünas alimlərə yardımçı olacaq".
OXŞAR XƏBƏRLƏR:

18.09.20 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
28.07.20 ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
09.12.19 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla