AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYI YARADILIB – FƏRMAN » Əlyazmalar İnstitutu



AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYI YARADILIB – FƏRMAN

14.01.21. Oxunma sayı: 60 RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.
Sözügedən fərmanda ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yarandığı qeyd olunur. Həyata keçirilmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələrin aradan qaldırıldığı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazasının formalaşdırıldığı, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlərin görüldüyü ifadə olunur.
Eyni zamanda, vurğulanır ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bununla belə, dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin dinamik inkişaf etdiyi müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulur. Modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.
Bu məqsədlə, fərmana əsasən medianın inkişafının dəstəklənməsi, institusional quruculuq işlərinin davam etdirilməsi, İKT-nin və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Agentliyin nizamnamə fondu 285405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.
Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin.
OXŞAR XƏBƏRLƏR:

05.01.21 2021-Cİ İL AZƏRBAYCANDA “NİZAMİ GƏNCƏVİ İLİ” ELAN EDİLİB
04.01.21 QARABAĞ DİRÇƏLİŞ FONDU YARADILIR - FƏRMAN
27.03.20 27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
28.12.19 AMEA-NIN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.12.19 İLHAM ƏLİYEV GERÇƏKLİYİ

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla