NİZAMİNİN ƏLYAZMALARININ TAPILMASINA ÇOX BÖYÜK DİQQƏT AYIRMALIYIQ » Əlyazmalar İnstitutu



NİZAMİNİN ƏLYAZMALARININ TAPILMASINA ÇOX BÖYÜK DİQQƏT AYIRMALIYIQ

06.01.21. Oxunma sayı: 100 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
“Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi imkanından yararlanaraq Nizaminin dünya kitabxanalarında, şəxsi kolleksiyalarda indiyədək bizə tanış olmayan əlyazmalarının tapılmasına çox böyük diqqət ayırmalıyıq və onların surətlərini axtarıb tapmalıyıq.”
Bu fikirləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib.
Alim qeyd edib ki, Nizami Gəncəvi dünya ədəbiyyatının və mədəniyyətinin nadir şəxsiyyətlərindəndir. Prezident İlham Əliyevin dahi söz ustadının yaradıcılığına xüsusi əhəmiyyət verməsi heç də təsadüfi deyil. Nizami öz yaradıcılığı ilə yeni bir ədəbi hadisənin başlanğıcının əsasını qoyub.
"Nizami Gəncəvi təkcə Azərbaycan üçün deyil, dünya ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Təbii ki, biz iki il əvvəl "Nəsimi İli"nin elan edilməsinə ədəbiyyatımız, mədəniyyətimiz, ictimai fikrimiz nə qədər sevinmişdisə, 2021-ci ilin də "Nizami Gəncəvi İli"nin elan edilməsinə o qədər sevinirik. Əminik ki, bu sərəncam Nizami Gəncəvi irsinin dünyada daha yüksək səviyyədə tanınmasında çox böyük əhəmiyyətə malik olacaq. Nizami irsinin öyrənilməsi yalnız Azərbaycanda həyata keçirilmir. Bu irs dünyada öyrənilir. Nizaminin əsərləri hələ onun öz dövründə ətraf regionda, Yaxın Şərqdə, eləcə də Türkiyədə yaxşı tanınırdı və Nizami irsi çox yüksək qiymətləndirilirdi. Nizami öz dövründə hətta uzaq Hindistanda belə çox yaxşı tanınırdı".
Alim bildirib ki, N.Gəncəvi bütün ömrü boyu öz doğma şəhəri Gəncədən kənara çıxmayıb. Onun bütün yaradıcılığı Azərbaycanla-Gəncə ilə bağlı olub. XII əsrdə Atabəylər dövlətinin inkişaf etmiş şəhərlərindən olan Gəncə kitabxanalarında antik dövrə aid çox qiymətli əsərlər olub ki, Nizami Gəncəvi də öz əsərlərində ondan istifadə edib. Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir. Nizaminin əsərlərinə hələ onun sağlığından nəzirələr yazılmağa başlanılıb və onun ədəbi məktəbinin davamı olaraq, bu proses indiyədək bütün dünyada davam edir.
Akademik Teymur Kərimli qeyd edib ki, bu gün dünya humanizm fikrinin inkişafında Nizami irsinin xüsusi rolu var. Nizaminin əlyazmaları bütün dünyada yayılıb, hətta ABŞ-da, İngiltərədə də Nizaminin əlyazmaları var. Azərbaycanda Əlyazmalar İnstitutunda Nizaminin onlarla əlyazması var ki, onların arasında Azərbaycan və Yaxın Şərq rəssamlarının çəkdiyi miniatürlər xüsusilə yüksək qiymətləndirilir: "Bu baxımdan Azərbaycan nizamişünaslığının çox zəngin qaynağı var. Bu qaynaq da Əlyazmalar İnstitutunda toplanılıb".
Gəncədə də nizamişünaslıq istiqamətində böyük işlərin görüldüyünü xatırladan alim bildirib ki, AMEA-da bu irs geniş şəkildə araşdırılır.

Trend.az



OXŞAR XƏBƏRLƏR:

24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20 QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla