AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB » Əlyazmalar İnstitutu



AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB

30.12.20. Oxunma sayı: 64 TƏDBİRLƏR
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının ictimai yönlü elmi-tədqiqat müəssisələrinin 2020-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan onlayn hesabat iclası keçirilib.  
İclası AMEA-nın birinci vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq əvvəlcə tədbir iştirakçılarını Ali Baş Koman­danımızın rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Cari ilin ölkəmiz üçün maraqlı və tarixi hadisələrlə zəngin olduğunu deyən akademik informasiya müharibəsində bölmə əməkdaşlarının fəal iştirakını yüksək qiymətlən­dirib.
Bölməyə daxil olan müəssisələrin 2020-ci ildəki ümumi statistik məlumatlarını diqqətə çatdıran akademik İ.Həbibbəyli cari ildə 34 problem, 122 mövzu, 330 işin 459 mərhələ üzrə yerinə yetirildiyini bildirib. Onun sözlərinə görə, il ərzində 56 mövzu, 141 iş, 228 mərhələ tamamlanıb.
Şura sədri hesabat ilində 1901 əsərin nəşr olunduğunu, 54 kitab (2-si  xaricdə)  97 monoqrafiya   (6-sı xaricdə), 1525 mə­qalə (46-sı xaricdə), 31 dərslik, 70 məqalənin (“Web of Scinece”, “SCOPUS” bazala­rın­­da) çap edildiyini diqqətə çatdırıb. Bundan əlavə, bölmə əməkdaşlarının əsərlərinə 2302 istinadın qeydə alındığını söyləyib.
Akademik İsa Həbibbəyli növbəti ildə institutların qarşısında duran əsas vəzifələri iclas iştirakçıla­rının diqqətinə çatdırıb.
Sonra AMEA-nın Tarix İnstitutunda aparılmış elmi tədqiqat işlərinin ye­kunlarına dair məlumat verən müəs­si­sə­­nin rəhbəri, akade­mik Yaqub Mahmu­dov vurğulayıb ki, hesabat ili pandemiya döv­rünə təsadüf etməyinə baxmayaraq, qurumun əməkdaşları məhsuldar elmi fəaliy­yət­lə məşğul olublar. Akademik müəssisədə çap olunan fundamental elmi əsərlərin, eləcə də tədqiqatların ölkə rəhbərliyinin çağırışı, tapşırıq və tövsiyələri əsasında aparıldığını deyib. O, həmçinin institut əməkdaşlarının 44 günlük Vətən müharibəsi dövründə informasiya müharibəsindəki fəaliyyətindən, eləcə də işğaldan azad olunmuş Qarabağın zəfər tarixinin yazılmasında görülən və görüləcək işlərdən söz açıb. Pandemiya dövründə “İrəvan şəhəri - necə varsa”, “Azərbaycan Respublikasının tarixi” kitablarının yazılmasında əməkdaşların rolunu yüksək qiymətləndirib.
Akademik Yaqub Mahmudov qeyd edib ki, cari ildə müəssisə tərəfindən 5 beynəlxalq, 10 respublika səviyyəli elmi konfrans keçirilib.  Onun sözlərinə görə, 2020-ci ildə Tarix İnstitutunda elmi tədqiqat işləri bir sıra istiqamətlər üzrə apa­­rılıb, 5 mühüm nəticə əldə olunub. Y.Mahmudov “Şəki: ən qədim zamanlardan günü­müzədək”, “Ermənilərin Şimali Azərbaycan torpaq­larına kö­çü­rülmə­sinin regional təhlükə­sizlik üçün nəticələri”, “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Tür­kiyə tarixşünas­lı­ğın­da)”, “İranda Azər­bay­can tarixi məsələləri”, “Sahilyanı dövlətlərin xarici siya­sətində Xəzər problemi” monoqrafiyalarını institutun nailiyyətləri adlandırıb, eləcə də qurumun beynəlxalq əlaqələrinə toxunub.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova qeyd edib ki, il ərzində müəssisə əməkdaşları geniş çöl tədqiqatları aparıb, təşkil edilən arxeoloji və etnoqrafik ekspedisiyalar səmərəli fəaliyyət göstəriblər. O, cari ildə 2 mühüm nəticənin əldə olunduğunu, hesabat dövründə qurumun öz fəaliyyətini “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqamətində davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, institutda Antropoloji mərkəzin fəaliyyətə başlaması ilə uzunmüddətli strategiya müəyyən edilib və Qəbələ, Oğuz, Balakən, Şəki, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Şamaxı, Qobustan, Samux, Füzuli, İmişli, Salyan, Daşkəsən, Tovuz, Ağstafa, Babək, Ordubad, Lerik, Yardımlı və s. rayonlarda arxeoloji qazıntı işləri aparılıb, Şəki-Zaqatala bölgəsinə etnoqrafik ekspedisiyalar təşkil edilib.
Bundan əlavə, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar institut əməkdaşları qoruqların, bir sıra arxeoloji abidələrin sərhədlərinin və mühafizə zolaqlarının müəyyən edilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri həyata keçiriblər. Alim, həmçinin “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı institutun Xalçaşünaslıq sektorunun əməkdaşlarının fəliyyətini xüsusi vurğulayıb.
M.Rəhimova erməni vandallarının Azıx mağarasında qanunsuz arxeoloji qazıntıları nəticəsində aşkarlanan və 90-na yaxın plastik qutularda gizlədilən tapıntılara arxeoloq alimlərin baxış keçirdikdən sonra Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirildiyini söyləyib. 
Şərqşünaslıq İnstitutunun hesabatını təqdim edən müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, cari ildə qurumun əməkdaşları fərdi müqavilə üzrə çalışıb, onların əsərlərinə 409 istinad edilib. Alim, həmçinin beynəlxalq əlaqələrdən, elektron elmin vəziyyətindən söz açıb, təşkilatın veb-saytının (orientalstudies.az) yenidən işlənib hazırlandığını, 30-dan çox kitabın elektronlaşdırılaraq institutun saytında yerləşdirildiyini vurğulayıb. O, hesabat ilində 3 mühüm nəticənin əldə edildiyini, “Əbubəkr ibn Xosrov əl-Ustad. “Munisnamə”, “AXC dövründə xarici dövlətlərin Qarabağ məsələsində mövqeyi”, “Abay Kunanbayev” kitablarının çap olunduğunu diqqətə çatdırıb.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə bildirib ki, cari ildə institutda ciddi struktur dəyişikliyi aparılıb, Nazirlər Kabinetinin qərarına əsasən, qurumun adı dəyişərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılıb.
He­sa­bat ilin­də beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm uğurlar qazanıldığını deyən alim xarici ölkələrin 12 elmi mərkəzi ilə bağlanılan müqavilə və memorandumlara əsasən, öz işlərini davam etdirdiklərini bildirib. İlham Məmmədzadə hesabat dövründə 3 beynəlxalq, 8 respublika elmi-nəzəri onlayn konfransın keçirildiyini, tədbirlərdən birinin pandemiya dövründə AMEA-nın qarşısında duran vəzifələri rəhbər tutaraq “Koronavirus: yeni mədəni paradiqmalar” mövzusuna həsr olunduğunu söyləyib. Bundan əlavə, 44 günlük Vətən müharibəsi dövründə institut əməkdaşlarının informasiya müharibəsində fəal iştirak etdiyini deyib.
İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov cari ildə müəssisədə gedən stuktur dəyişikliklərini diqqətə çatdırıb. Ərazilərin konflikt sonrası bərpasının araşdırılması və proqnozlaşdırılması üzrə İqtisa­diyyat İnstitutunda ciddi elmi tədqiqat təcrübəsinin və bu sahədə beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərin olduğunu nəzərə alaraq, qurumun strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradıldığını diqqətə çatdırıb.
Alim, həmçinin 2 mühüm nəticənin əldə edildiyini, Rusiyada “İqtisadiyyatın solluğu, sağlığı: iqtisadi inkişaf strategiyasının seçilməsi” və “Kölgə iqtisa­diy­­yatının yaranma prosesinin gizlədilmiş rentabellik vasitəsilə modelləş­diril­məsi” adlı  məqalələrin dərc edildiyini bildirib.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə isə ölkə başçısının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proq­ramının təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələrək müəssisədə görülən işlərdən danışıb.
“Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində tarix və memarlıq abidələrinin kataloqu”, “İrəvan məkanında Azərbaycanlılara qarşı etnik təmiz­lə­mə: tarixi və hüquqi aspektdə” adlı kitabı institutun mühüm nəticələrindən sayan A.Mustafazadə dünyanın 11 nüfuzlu mərkəzi ilə əlaqələrin genişləndiyini bildirib.
Həmçinin Dünya Bankı ilə birgə icra edilən “Hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsinin məqsədinin hüquqi yardıma ehtiyacı olun həssas qrup vətəndaşlarına, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi olduğunu deyib.
Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı isə cari ildə müəssisədə 2 mühüm nəticənin əldə edildiyini, “Regional münaqişələrin həll edilməsi problemləri: BMT-də islahatlar” və “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr – XXI əsrin əvvəlləri)” kitablarının çap olunduğunu söyləyib.
Alim hesabat ilində institut əməkdaşları tərəfindən  292 əsərin işıq üzü gördüyünü,  6 kitab (1-i xaricdə) 2 monoqrafiya (1-i xaricdə), 4 tədris metodiki vəsait, 267 məqalə (48-i xaricdə), 13 tezis (4-ü xaricdə), 9 məqalənin “Web of Science”, “SCOPUS” bazalarında nəşr olunduğunu, əməkdaşların əsərlərinə 38 istinad edildiyini vurğulayıb.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli hesabat ilində institut əməkdaşları tərəfindən 43 əsərin nəşr olunduğunu, 9 kitab, 1 monoqrafiya,   31 məqalə (13-ü xaricdə), 2 tezis (1-i xaricdə) 5 məqalənin “Web of Scinece”, “SCOPUS” bazalarında çap edildiyini, qurumun alimlərinin əsərlərinə 70 istinad qeydə alındığını diqqətə çatdırıb, eləcə də müəssisənin beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlərdən söz açıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı isə hesabat ilində müəssisədə ölkə başçısının “Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası çərçivəsində Tədbirlər planının hazırlandığını, yeni ekspozisiyanın qurulmasına başlanıldığını bildirib. Qeyd edib ki, muzeyin kolleksiyası əsasında 11 adda yubiley nəşri işıq üzü görüb, muzeyin fondlarında elektron pasportlaşdırma işi davam etdirilib, artıq 4 fondda bu iş tamamlanıb. Ölkənin kütləvi informasiya vasitələrində, internet resurslarında muzeyin 100 illik yubileyinə həsr olunmuş silsilə məqalələr dərc edilib.
Elmi şuranın onlayn iclasında, həmçinin COVID-19 pandemiyası ilə mübarizə istiqamətində apa­rı­lan işlər, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinə dəstək, eləcə də Azərbay­ca­n hə­qi­qətlərinin dünya elmi ictimaiyyətinə çatdırılması məqsədi ilə görülən işlər bir daha diqqətə çat­dı­rı­lıb, Qarabağda və ətraf ərazilərdə bərpa işləri ilə bağlı qarşıda duran prioritet və­zifələr səsləndirilib.
İclasda “Müstəqillik dövrü Azərbaycan tarixi” kitabının plan-prospektinin müzakirəsi, müəlliflər heyətinin müəyyən edilməsi və hazırlanması da müzakirə edilib.
Sonda İctimai Elmlər Bölməsinin 9 elmi-tədqiqat müəssisəsinin 2020-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verilib.
OXŞAR XƏBƏRLƏR:

27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
17.02.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla