İRANDA NƏŞR OLUNAN JURNALDA NİZAMİNİN MİLLİ VƏ ƏDƏBİ KİMLİYİ HAQQINDA MƏQALƏ DƏRC OLUNUB » Əlyazmalar İnstitutu



İRANDA NƏŞR OLUNAN JURNALDA NİZAMİNİN MİLLİ VƏ ƏDƏBİ KİMLİYİ HAQQINDA MƏQALƏ DƏRC OLUNUB

18.12.20. Oxunma sayı: 138 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Seyfəddin Rzasoy Nizaminin millivə ədəbi kimliyi haqqında” sərlövhəli məqaləsi Təbrizdə nəşr olunan “Azərbaycan araşdırmaları” jurnalının yeni işıq üzü görən 2-ci sayında dərc olunub.
Məqalədə Nizaminin yaşadığı dövr, həyatı, şəxsiyyəti, dünyagörüşü və həyata baxışlarının Azərbaycan ədəbiyyatşünaslığında tədqiqi tarixinə qısa nəzər yetirilir, eyni zamanda nizamişanaslığın inkişaf dinamikası şərh olunur, tarixi mərhələləri şərti bölgü əsasında təqdim edilir. Azərbaycan nizamişünaslığında qadağaların aradan qalxdığı, faktlara yeni bucaq altında baxışın mümkün olduğu, şairin ədəbi irsində türklüyün, dini-təsəvvüfi baxışların və hakim dairələrə münasibətin obyektiv təhlilinin reallaşa bildiyi bir dövrdə Nizaminin milli mənsubiyyəti və ədəbi kimliyi probleminin şərhinə diqqət yetirən alimlər haqqında qısa məlumat verilir.
Xüsusilə də, tədqiqatlarında özünəməxsus dəsti-xətti, üsulları ilə fərqlənən Nizami yaradıcılığında milli bədii təfəkkürümüzün, türk xalqlarına məxsus mifik düşüncə tərzinin izlərini araşdıran AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun elmi araşdırmaları diqqət mərkəzinə çəkilir. Onun monoqrafiya və elmi məqalələri bazasında dahi intibah şairi Nizami Gəncəvinin milli mənsubiyyəti probleminin qoyuluşu və həlli məsələsi araşdırılır. Şairin milli-etnik kimliyi ilə yanaşı, onun ədəbi təfəkkürü etibarilə də Azərbaycan türkü olmasının elmi əsaslarla sübuta yetirilməsi metodikası müqayisəli şəkildə təhlil olunur, bu məsələ folklorşünas alimin tədqiqatlarından gətirilən nümunələr əsasında bir daha sübuta yetirilir.
Əzizağa Nəcəfzadənin müəllifi olduğu məqalədə Seyfəddin Rzasoyun “Nizami poeziyası: mif-tarix konteksti” monoqrafiyasına, “Nizami Gəncəvinin milli və ədəbi kimliyi haqqında”, “Nizami türklüyü” kimi məqalələrinə istinadlar olunur.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
20.11.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN MƏQALƏSİ İRANDA AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNUB
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla