AKADEMİK TEYMUR KƏRİMLİNİN QƏLƏBƏYƏ HƏSR OLUNAN ŞEİRLƏRİ 525-Cİ QƏZETDƏ DƏRC EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİNİN QƏLƏBƏYƏ HƏSR OLUNAN ŞEİRLƏRİ 525-Cİ QƏZETDƏ DƏRC EDİLİB

13.11.20. Oxunma sayı: 156 MEDİA / PUBLİSİSTİKA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin şeirləri 525-ci qəzetin 7 və 12 noyabr tarixlərində işıq üzü görən saylarında dərc edilib.
Alimin qələmə aldığı “Bayraktar” və “Vətən məğrur, mən məğrur” adlı şeirlərdə Qarabağ uğrunda ikinci savaşda qazandığımız böyük qələbə sevinci özünəməxsus poetik ifadələrlə əks olunur. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və igid oğullarımızın şücaəti, qanı bahasına işğaldan azad olunan torpaqlarımızın ölkəmizin hər bir vətəndaşının and yeri, qürur mənbəyi olduğu bildirilir.
Otuz il ərzində ağır dərdə çevrilmiş Vətən həsrətinə böyük Sərkərdənin igid əsgərləri ilə birgə sarsılmaz əzmi müqabilində son qoyulduğu qeyd olunur. Müəllifin böyük sevinc, məğrurluq hissi ilə qələminin ucundan ağ vərəqlərə süzülən sətirlərində Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm edilir. Xaqlımızın bir yumruq şəklində xilaskar rəhbəri ətrafında həmrəyliyi nəticəsində düşmənin rəzil duruma düşdüyü bədii çalarlarla oxucuya çatdırılır.

"Bayraktar" 

Düşmənin başına dünya dar olub,
Türkün "Yatağanı" "Bayraktar" olub!
Muştuluq, Ulu Türk, səsimi dinlə:
İsmayıl barışdı Sultan Səlimlə!
Türkün qarşısında duracaq kimlər?
Bu gün Tanrı özü Türkə yar olub!
Türkün "Yatağanı" "Bayraktar" olub!
Otuz il səbr etdik! Səbrə bax, dədə!
Namərd umud etdi əbədiyyətə...
İgidə nə yapar hər gədə-güdə?
Şahin qabağında məgər sar olub?
Türkün "Yatağanı" "Bayraktar" olub!

Qarabağ ağartdı umudumuzu,
Əritdik otuz il donduran buzu!
Boz qurdun önündə neyləyər quzu?
Kafir qarşımızdan tezbazar olub:
Türkün "Yatağanı" "Bayraktar" olub!
Ali Baş Komandan çəkdi silahı,
Göylərə yüksəldi düşmənin ahı!
Bu haqq davamızı sən çöz, İlahi!
Tanrı ədalətə havadar olub!
Türkün "Yatağanı" "Bayraktar" olub!
Vətənin canına neçə can gərək!
Torpağın uğrunda min qurban gərək!
İlhamın yanında Ərdoğan gərək!
Yağılar bu yolda xəcil, xar olub!
Türkün "Yatağanı" "Bayraktar" olub!

05.11.2020

Vətən məğrur, mən məğrur!

Ölürsəm, görməsəm millətdə ümmid etdiyim feyzi,
Yazılsın səngi-qəbrimdə: "Vətən məhzun, mən məhzun..."
Namiq Kamal

Ali Baş Komandanın düşmənin başına enən
dəmir yumruğu bizim başımızı göylərə ucaltdı!
T.K.

Yazılsın indi qəlbimdə: "Vətən məğrur, mən məğrur!"
Bu RƏHBƏR var deyin, kimdə? - Vətən məğrur, mən məğrur!
Vətən düşmüşdü bir dərdə, buna dözməzdi SƏRKƏRDƏ!
Şüardır hər bir əsgərdə: "Vətən məğrur, mən məğrur!"
Dedi QARDAŞ: "Qılıncın çal! Sənindir çünki istiqlal!"
İgidlər coşdular dərhal - Vətən məğrur! Mən məğrur!
KOMANDAN ALİDİR BAŞDIR, dəmirtək yumruğu daşdır!
Vurub yıx, düşməni çaşdır! Vətən məğrur, mən məğrur!
Vətən torpağı həsrətdə, otuz il qaldı zillətdə...
XİLASKAR gəldi, əlbəttə! Vətən məğrur, mən məğrur!
Bulaqlar Səlsəbil olsun, şəhidlər cənnətə dolsun!
Yağı artıq rəzil olsun! Vətən məğrur, mən məğrur!
Bu müjdə çox şirin-şəkər, bütün Türk elləri gözlər!
Bizə İLHAM verir RƏHBƏR! Vətən məğrur, mən məğrur!
Çəkilsin zülmətə satqın! Bükülməz heç qolu haqqın!
Qoç əsgər, sərhədə çatdın! Vətən məğrur, mən məğrur!

08.11.2020
OXŞAR XƏBƏRLƏR:

07.10.20 SƏRKƏRDƏ İGİD OLSA!
07.10.20 ŞÜARIMIZ BİRDİR: İLHAM ƏLİYEVLƏ İRƏLİ!
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla