AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ TARİXİ ƏSƏRLƏRİN VƏTƏNPƏRVƏRLİK HİSSİNƏ TƏSİRİNDƏN DANIŞIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ TARİXİ ƏSƏRLƏRİN VƏTƏNPƏRVƏRLİK HİSSİNƏ TƏSİRİNDƏN DANIŞIB

14.10.20. Oxunma sayı: 49 MEDİA / PUBLİSİSTİKA
Oktyabrın 14-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Mədəniyyət TV-də yayımlanan “Səhərçağı” verilişinin qonağı olub. Verilişin mövzusu Azərbaycan ədəbiyyatında tarixi roman janrı, bu janrın ədəbi prosesdə mövqeyi və tarixi əsərlərin vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyəti olub. T.Kərimli bu günümüzə gəlib çıxmış tarixi romanlar, onların süjet xətti haqqında fikirlərini bölüşüb: “Ədəbiyyat və tarix qoşa qanad kimidir. Hər bir xalqın ədəbiyyatı onun tarixini obrazlı şəkildə əks etdirir. Əgər tarix olmuş hadisələri bizə çatdırırsa, ədəbiyyat ola biləcək hadisələri çatdırır.Yəni, ədəbiyyat əslində xalqın fantaziyası kimi, ona qanad verən, onun gələcəyini müəyyənləşdirən ədəbi əsərlər şəklində meydana çıxır. Ədəbiyyat həmişə tarixdən bir material, bir qaynaq kimi istifadə edib. Bizim ədəbiyyatımızda tarixi mövzuya hər zaman müraciət olunub... İlk əsərimiz “Kitabi Dədə Qorqud” əslində oğuzların – bizim əcdadlarımızın tarixidir. Sonrakı dövr əsərlərimizdə də, məsələn, Nizaminin “İskəndərnamə”sində tarixi mövzu geniş şəkildə istifadə olunub. Böyük şəxsiyyətlərimizin tarixdə qoyduğu izlər ədəbiyyatımızın hər zaman qürur mənbəyi olub və bu gün də həmin proses davam edir.”
Verilişin aparıcısı akademikin çağdaş dövrümüzdə yazılan tarixi romanlara münasibətini öyrənib. T.Kərimli bildirib ki, bugünkü ədəbiyyatımızı klassik ədəbiyyatdan fərqləndirsək, görərik ki, müasir əsərlərdə daha çox qloballaşma ön plana çıxır. Yəni, belə əsərlərdə klassik ədəbiyyat ənənələrimizlə yanaşı, dünya ədəbiyyatının əldə etdiyi uğurlardan da istifadə olunur. Bu cəhətdən Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası üçün müasir tarixi əsərlərimiz böyük rol oynayır. Bu da, əlbəttə ki, Azərbaycan ədəbiyyatının inkişafı, minillik ənənələrin davam etdirilməsi deməkdir.Tarixi şəxsiyyətlərimizin ədəbiyyatımızda əks olunması gənc nəslin vətənpərvərlik ruhunun formalaşmasında böyük əhəmiyyətə malikdir.” Akademik əlavə edib ki, tarixi romanların xüsusilə, ali təhsil ocaqlarında öyrənilməsinə daha çox yer verilməlidir. Çünki, tarixi əsərləri öyrəndikcə, insanlarda, gənclərdə milli qürur hissi yaranır. Cəbhədəki bugünkü uğurlarımız o deməkdir ki, klassik ədəbiyyatımızın, eləcə də müasir ədəbiyyatımızın ənənələri gənc nəslin vətənpərvərlik ruhunda öz izini qoyubdur.
Verilişdə daha sonra Əlyazmalar İnstitutu və AMEA-nın Gəncə Bölməsinin birgə nəşri olan “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” adlı kitabdan söhbət açılıb. Cavad xanın Azərbaycan dövlətçilik tarixində göstərdiyi şücaətlərdən, onların əks olunduğu sənədlərdən söz açan T.Kərimli “Cavad xan tarixi keçmişimizin zirvələrindən biridir. Bu kitabın əsas özəlliyi ondan ibarətdir ki, indiyədək Cavad xan haqqında bir çox dəyərli əsərlər, araşdırmalar yazılsa da, burada Cavad xanın həyatı və fəaliyyəti haqqında əlyazmalar əsasında bir çox yeni sənədlər, faktlar öz əksini tapıb.”

http://myvideo.az/channels.aspx?timer=141020200852&channel=medeniyet.m3u8​​​


OXŞAR XƏBƏRLƏR:

24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20 QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
04.04.20 AKADEMİK TEYMUR KƏRİMLİ: “ÇALIŞIRAM Kİ, İNSANLARIN ÜRƏYİNDƏ MİLLİLİYİN SÖNMƏSİNƏ İMKAN VERMƏYİM”
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla