NƏRİMAN NƏRİMANOV “TİBB VƏ İSLAM” ƏSƏRİ ƏLYAZMALAR XƏZİNƏSİNDƏ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NƏRİMAN NƏRİMANOV “TİBB VƏ İSLAM” ƏSƏRİ ƏLYAZMALAR XƏZİNƏSİNDƏ

12.10.20. Oxunma sayı: 58 MEDİA / PUBLİSİSTİKA
Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı, onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı... Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir...
Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri Azərbaycanın görkəmli ictimai – siyasi və dövlət xadimi Nəriman Nərimanov XX əsr Azərbaycan tarixində özünəməxsus silinməz iz qoymuşdur. Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Belə ki, Nəriman Nərimanovun 100 və 125 illik yubileyləri ölkəmizdə təntənə ilə qeyd edilmişdir. Görkəmli dövlət xadimi, yazıçı və təbibin xatirəsini əbədiləşdirmək üçün6 iyun 1972-ci ildə Bakının möhtəşəm bir yerində abidəsi ucaldılmış,1977-ci ildəisəev muzeyinin açılışı olmuşdur. Bütün bu görülən işlər məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illik yubileyinin dövət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin14 fevral 2020-ci ildə sərəncamimzalamışdır. Məşhur yazıçı, dramaturq, publisist, maarifçi Nəriman Nərimanov Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır.Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermiş, həmçinin milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan ədib,ciddi və aktual publisistika nümunələrinin müəllifi kimi da tanınmışdır. Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini - tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır. Bundan başqa, institutda XIX-XX əsrdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir. Onların içərisində dövlət xadimi, yazıçı və publisist N.Nərimanovun şəxsi fondu xüsusi maraq doğu­rur. Bu sə­nəd­lər içində Nərmanovun 1328/ 1910-cu ildəHəştərxanda anası Həlimə xanımın xatirəsinə həsr etdiyivə ərəb qraikası ilə azərbaycan dilindəyazdığı “Tibb və islam” kitabı dasaxlanır. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan “Tibb və İslam” kitabı Nəriman Nərimnovun arxivində:arxiv 23.fond 18.s.v.209 mühafizə olunur. İlk dəfə olaraq 1990-cı ildə görkəmli tibb mütəxəssisi, respublikanın əməkdar həkimi, tibb xidməti polkovniki Baxış Qəhrəmanov “Doktor Nərimanov” adlı kitabında Nərimanovun həkimlik fəaliyyətini və tibbi əsərlərini geniş şəkildə işıqlandırmışdır. Fəlsəfə elmləri doktoru Arzu Hacıyeva isə N.Nərimanovun ictimaiyyətin diqqətindən kənarda qalmış bir sıra əlyazmaları sırasında “Tibb və İslam”ı da tədqiqata cəlb etmiş və fəlsəfi təhlilini vermişdir. Pedaqoji elmlər doktoru Hüseyn Əhmədov isə 2004-cü ildə “Nəriman Nərimanovun pedaqoji nəşrləri” adlı kitabının III nəşrinə “Tibb və İslam”ın tam mətnini daxil etmişdir. 2017-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsttutu Elmi şurasının 1 fevral 2017-ci il tarixli 1№-li iclasının qərarı ilə latın əlifbası nəşrinə icazə verilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fondlar şöbəsinin elmi işçisi Sədiyyə Xanlarova və Nəriman Nərimanov xatirə muzeyinin əməkdaşı Kamilə Hüseynova əsəri transfoneliterasiya etmiş və çapahazırlamışlar.Kitabın elmi redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutununelmi fondlar şöbəsinin böyük elmi işçisi Arif Ramazanovdur. “Tibb və islam” kitabı2019-cu ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunaraqgeniş oxucu kütləsinə təqdim olunmuşdur. Əsərin ön sözündə yazılır:” XX əsrin əvvəllərində Rusiya imperiyası tərkibində yaşayan 30 milyondan çox müsəlman əhali arasında sayı barmaqla sayılacaq qədər az olan həkimlərdən biri də Nəriman Nərimanov idi.Müəllim, yazıçı – tərcüməçi, publisist – tənqidçi, diplomat, ictimai – siyasi xadim olaraq tanınan N.Nərmanov fədakar həkim kimi də xalqının sağlamlığı keşiyində durmuş, sanitariya tədbirlərini həyata keçirməsinə, tibbi mövzuda mühazirələrin oxunmasına böyük önəm vermişdir.O, dəfələrlə böyük izdiham qarşısında“Xolera- vəba”, “Çxotka – vərəm”, “Yatalaq”,“Dizenteriya”, “Aləmi –nisan”, “Əyyaşlıq”, “Traxoma”, “Məktəb yaşlı uşağın döş qəfəsinə diqqət yetirmək nə üçün zəruridir?”, “Tibb və islam” və s. kimi faydalı elmi-publisistik mövzuda mühazirələr oxumuş, məqalə və kitablar çap etdirmişdir. Tibbə dair ilk əsər olan “Tibb və İslam” kitabını 1906-cı ildə Odessa Novorossiya Univeritetinin dördüncü kursunda oxuyarkən yazmışdır”. İki hissədən ibarət olan “Tibb və İslam” əsərıilk dəfə 1906-cı ildə Bakıda “Həyat” qəzetində, daha təkmil variantı isə 1910-cu ildə Həştərxanda “Burhani – tərəqqi” qəzetində nəşr olunmuşdur. Alleoqrafik formada yazılmış birinci hissədə güclülər və gücsüzlər, zalımlarla məzlumlar araında gedən mübarizədən, ikinci hissədə isə tibb ilə islam qanunları arasında olan uyğunluq və ziddiyyətlərdən bəhs olunur. 1910-cu ildə ərəb əlifbası ilə azərbaycan dilində yazılan və bu gün latın əlifbası ilə çap olunaraq geniş oxucu kütləsinə çatdırılan “İslam və Tibb” əsəri AMEA Əlyazmalar İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Nərman Nərmanovun Xatirə Muzeyinin əməkdaşlarının, Azərbaycanın görkəmli ictimai – siyasi və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illik yubleyinə dəyəri bir hədiyyədir.

Şirinova Rübabə
Azərbaycan Milli Elmlər Akademiyası
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
8 oktyabr, 2020

Mənbə: Kredo qəzeti


OXŞAR XƏBƏRLƏR:

24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20 QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla