O GÜN BU GÜNDÜR! » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



O GÜN BU GÜNDÜR!

12.10.20. Oxunma sayı: 172 MEDİA / PUBLİSİSTİKA
Bu gün ordumuzun dayanmadan əldə etdiyi uğurlar, qazandığı qələbələr hamıdan çox uşaqlığı I Qarabağ müharibəsi dövrünə təsadüf edən azərbaycanlıları sevindirir. Mən də onlardan biriyəm.
Ermənilərin Qarabağ üçün yersiz iddiaları qalxanda mən 2-ci sinifdə oxuyurdum. Əvvəl erməni faşistlərinin millətçi olmayan soydaşlarına- Azərbaycan ermənilərinə qarşı Sumqayıtda törətdiyi hadisələrin şahidi olduq, ardınca isə SSRİ rəhbərliyindəki havadarlarından aldığı dəstəklə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası başlandı. Yaxşı yadımdadır, Azərbaycanın digər bölgələrində olduğu kimi mənim də təhsil aldığım məktəbə erməni vəhşiliyindən qaçıb canını qurtaran ailələrin övladı olan onlarla şagird gəlmişdi. Bu gün gördüyümüz birliyi bu xalq o vaxt da nümayiş etdirmişdi. Quru canını alıb doğulduğu yurdundan, obasından, min bir əziyyətlə qurduğu evindən didərgin düşən həmvətənlərinə xalqımızın sıravi vətəndaşları qucaq açdı, sahib çıxdı. Onlara həm maddi, həm də mənəvi dəstək oldu. Biz o uşaqlarla bərabər, gözüyaşlı böyüdük. Bir də “qaçqın” kəlməsini öyrəndik.
Daha sonra “20 Yanvar” faciəsi, 1991-ci ilin 20-noyabrında Qarakənd səmasındakı vertolyot faciəsi və bu günə qədər də davam edən 32 illik müharibə bizi uşaq olmağa qoymadı. “Şəhid” sözü əzbərlədiyimiz şeirləri bəzədi. Biz bu gün sizin bildiyiniz “soft” rənglərlə deyil, qara, tünd rəngli paltarlarda böyüdük. Anaların qızlıq donları biz qızlara “trend” oldu, ataların vaxtında doyunca geyinməyib, “üfləyə-üfləyə” saxladığı paltolar məktəb yoldaşlarımızı aclıq illərinin qışından çıxartdı. İşıqsız, qazsız, televizorsuz keçən uşaqlığımız oldu bizim. Saatlarla çörək növbələrində durub, cəbhə xəbərlərini dinlədik. Anasını müharibə meydanında itirən şəhid jurnalist Salatın Əsgərovanın oğluna üzüldük. Axı o da bizim kimi uşaq idi. Əgər bizə uşaq demək olardısa.
Faciə üstünə faciə yaşamışıq. Hələ bunlar azmış kimi qucağımızı bir də Orta Asiyadan qovulan, min bir zülm görüb bizə pənah gətirən qardaş və bacılarımıza – mesxeti türklərinə açdıq. Onlarla birlikdə yaralarımızı yenidən sarıdıq, dərdlərimizə bir də ağladıq.
Biz nə günlər görmədik ki? Olan-qalan parası da Sovet banklarında yatıb sonradan dəyərini itirdi bu sadə insanların. Lakin olub-bitənlər bir bu xalqın birliyini, bir də bu günə olan inamını heç vəchlə qıra bilmədi. Biz oxuduğumuz məktəbin məzunları şəhid olanda böyüdük. “Şəhidlər xiyaban”larına ziyarəti gəzinti bildik. Belə keçdi uşaqlığımız, gəncliyimiz!
Rəsmi müstəqilliyimizə qovuşana qədər tarix kitabımız “SSRİ tarixi” adlansa da, biz çoxdan o kitabları bağlamışdıq. “Azadlıq gəldi” – deyib boynumuzdakı pioner qalstukunu açdıq, sinəmizdəki oktyabryat və komsomol nişanlarını söküb atdıq, valideynlərimiz cibindəki partiya biletini cırıb yandırdı. Üç rəngli bayrağa sarılıb bir də “Əsgər marşı” oxuduq.
Biz Xocalı kimi faciədən sonra başımızı qaldıra bildik. Sındıq, amma əyilmədik. Ləkələnmiş namusumuza ağladıq, ayıbımıza qısıldıq. “Fəryad”,a “Qan ləkəsi”nə, “Cəhənnəmdə böyük çığırtı”ya çevrildik. Hər il tədbirlərdə “Şəhidlər” olduq, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Məmməd Araz bizim dilimizlə danışdı! Çingiz Mustafayevin çəkdiyi lent yazılarına baxanda ağladıq, yana-yana ağladıq, için-için ağladıq. Beləcə illər keçdi, böyüdük. Universitet bitirdik. O müharibə uşaqlarından həkim də çıxdı, jurnalist də yetişdi. Bəstəkar, müğənni, rəssam da oldu! Biz alim olduq, müəllim olduq, neft ölkəsi Azərbaycanın neftçisi olduq! Dünyaca böyüdük. Amma bilmədilər ki, bizimlə bərabər bu 32 ildə içimizdəki Vətən həsrəti də – dərdimiz də böyüyüb. Heç sağalmağa qoydular ki? İrinləmiş yaramızı erməni hər deşəndə bir iz qoydu. Köksümüzdə şırım açan “Aprel yadigarlar”ı, “İyul yadigarlar”ı var.
Ey dünya ictimaiyyəti! Bizə “dur” deməyin! Qarabağ uğrunda savaşlarda həlak olan şəhidlərin, sülh şəraitində güllə qurbanı olan bacı-qardaşlarımızın, körpələrimizin, qəhrəman Mübarizin, Polad Həşimovun ruhuna and olsun ki, ox yaydan çıxıb artıq! Biz bu gün dünyanı saran pandemiya şəraitində, çətin vəziyyətdə bir də “erməni” adlı virusla mübarizə aparırıq.
Ey dünya birliyi, bizə kömək etməyə bilərsiniz, amma xahiş edirik, yolumuzdan çəkilin. Bizimlə müqəddəs amalımız arasında sipər olmayın! Bizim haqq səsimizə səs verməyə, haqq işimizdə yanımızda durmağa gücünüz yetmirsə, qarşımızda da olmayın. Əvvəl-axır bu məsələ öz həllini tapmalıdır. Ədalət bərpa olunmalıdır. Bu xalq öz əzəli torpaqlarına qovuşmalıdır. Çünki hər qarışına qan ələnmiş Qarabağ bizi gözləyir.
Uşaqlığımızı, gəncliyimizi bizdən aldınız! Övladlarımız üçün atəş səsi ana laylası oldu, ata-ana yoxluğu yaşadıq sayənizdə. Heç olmasa, bu günkü gəncliyə, körpə balalara qıymayın. Heç kimin torpağında gözümüz yoxdur. Yalnlz bizim olanı istəyirik. Biz ordumuza, onun Ali Baş Komandanına arxalanır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinə güvənirik.

Aynur NƏCƏFOVA,  
AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Mənbə: http://science.gov.az
OXŞAR XƏBƏRLƏR:

07.10.20 ŞÜARIMIZ BİRDİR: İLHAM ƏLİYEVLƏ İRƏLİ!
07.10.20 ƏDALƏTƏ ÇAĞIRIŞ, YAXUD DÜNYA ELM ADAMLARINA MÜRACİƏT
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20 QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
04.04.20 AKADEMİK TEYMUR KƏRİMLİ: “ÇALIŞIRAM Kİ, İNSANLARIN ÜRƏYİNDƏ MİLLİLİYİN SÖNMƏSİNƏ İMKAN VERMƏYİM”

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla