PAŞA KƏRİMOV CƏLİL MƏMMƏDQULUZADƏNİN NAMƏLUM MƏKTUBU HAQQINDA YAZI QƏLƏMƏ ALIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



PAŞA KƏRİMOV CƏLİL MƏMMƏDQULUZADƏNİN NAMƏLUM MƏKTUBU HAQQINDA YAZI QƏLƏMƏ ALIB

14.09.20. Oxunma sayı: 168 MEDİA / PUBLİSİSTİKA
“525-ci qəzet”də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin İran Məşrutə İnqilabının fəallarından olmuş Seyid Həsən Təqizadəyə ünvanladığı məktub haqqında araşdırması dərc olunub. Həmin yazını olduğu kimi oxuculara təqdim edirik.

Cəlil Məmmədquluzadənin naməlum məktubu - Mətn

Paşa ƏLİOĞLU
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini


1991-ci ildə Tehranda, "Cavidan" nəşriyyatında nəşr edilmiş "Övraqe-tazehaye-məşrutiyyət" ("Məşrutəyə aid yeni sənədlər") adlı kitabı vərəqləyərkən görkəmli ədib Cəlil Məmmədquluzadənin bir məktubuna rast gəldik.

3 məhərrəm 1328-ci il (1910-cu ilin 16 fevralı) tarixində Tiflisdən göndərilən məktub Tehrana, Seyid Həsən ağa Təqizadəyə ünvanlanmışdır. Məlumat üçün bildirək ki, azərbaycanlı olan Seyid Həsən Təqizadə 1906-1911-ci illər İran Məşrutə inqilabının iştirakçılarından, İran Məclisinin məşhur natiqlərindən biri olmuşdur. Məclislə Məhəmmədəli şah Qacar arasındakı ixtilaflı məsələləri müzakirə etmək üçün saraya göndərilən nümayəndə heyətinin tərkibində olmuşdur. Şah onunla görüşmək üçün əl uzatmış, o isə əl verməkdən imtina etmişdir. Bir müddət inqilabçıların cəbhəsində olan Seyid Həsən sonradan ingilislərin mənafeyini müdafiə etmişdir. S.H.Təqizadə Milli Məslisin sədri olmuşdur. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının səhifələrində 1906-1911-ci illərdə cərəyan edən Məşrutə inqilabı zamanı baş verən hadisələr barədə bir sıra yazılar vermiş, inqilabçıların tərəfində olduğunu açıq ifadə etmişdir. Jurnalın 13 sentyabr 1909-cu il nömrəsində Mirzə Ələkbər Sabirin Məhəmmədəli şahın dilindən yazıb "Yetim Mə'dəli" imzası ilə çap etdirdiyi satirik şeirin əvvəlində belə bir qeyd vardır: "Taxtdan salınmış Məhəmmədəli şahın Odessaya getməsi münasibəti ilə yazılıb". Şeirdə İran şahının, irticaçıların inqilab mücahidlərinə, S.H.Təqizadəyə münasibəti belə ifadə olunub:

Ah, o dəm ki,
Təqizadə mənə əl vermədi,
Mümkün olsaydı başın
təndən kənar etməzmidim. 


Cəlil Məmmədquluzadənin qardaşı Ələkbər Məmmədquluzadə (1872-1922) Məşrutə inqilabının fəal iştirakçılarından idi, sonralar Cənubi Azərbaycan Demokrat Partiyası, onun rəhbəri Şeyx Məhəmməd Xiyabani (1879/80-1920) ilə yaxın əlaqədə olmuşdur. Görkəmli ictimai xadim 1913-1917-ci illərdə "Molla Nəsrəddin" jurnalının Təbrizdə müvəkkili idi. İnqilabi fəaliyyətinə görə bir neçə dəfə həbs olunmuş Ələkbər Məmmədquluzadə 1922-ci il mayın 22-də Kəhrizli kəndində vərəm xəstəliyindən vəfat etmişdir.
Seyid Həsən Təqizadənin qeydlərindən göründüyü kimi, o, əvvəllər Şimali Azərbaycanda, Tiflisdə olmuş, Məhəmməd ağa Şahtaxtlı (1848-1931), Əhməd Ağaoğlu (1868-1939), Cəlil Məmmədquluzadə (1869-1932), Ömər Faiq Nemanzadə (1872-1937) və başqa görkəmli ədiblərlə tanış olmuşdur.
Cəlil Məmmədquluzadə Seyid Həsən Təqizadədən xahiş edir ki, məktubu ona çatdıran Mirzə İbrahimə yardım etsin. Bundan başqa, ədib Mirzə Məhəmmədəli və Seyid Cavada da salam göndərir. Qeyd edək ki, Mirzə İbrahim, Mirzə Məhəmmədəli və Seyid Cavad Məşrutə inqilabının iştirakçısı olmuşlar. Seyid Cavad S.H.Təqizadənin qardaşı idi. Mirzə Cəlil məktubunda bildirir ki, onunla əlaqələri genişləndirmək, İranda baş verən hadisələr barədə daha ətraflı məlumat almaq istəyir. Sonda ədib ona Ömər Faiq Nemanzadənin salamını yetirir.
Cəlil Məmmədquluzadənin Seyid Həsən Təqizadəyə yazdığı bu kiçik məktubu görkəmli ədibin Məşrutə İnqilabı nümayəndələri ilə əlaqəsini öyrənmək baxımından maraq kəsb edir. Məktubun mətnini olduğu kimi təqdim edirik

3 məhərrəm, 1328, Tiflis.

Seyid Həsən ağa həzrətlərinə


Dosti-mükərrəm! 

Əvvəla, fürsəti qənimət bilib cənabınıza salam söyləyirəm. Habelə, Mirzə Məhəmmədəli və Seyid Cavad ağaya salamımı yetiriniz.
Mən çoxdan tanıdığım İran qulluqçularından cənab Mirzə İbrahim həman bu günlərdə Tehrana getməlidir ki, orada qulluq işlərini qaydaya qoysun. Ümidvaram ki, əgər məzkur cavanın Sizə işi düşmüş olsa mehribançılığınızı əsirgəməyəsiniz və lazım olan iltiması müzayiqə etmiyəsiniz.
Əgər mümkün olsa iki kəlmə əhvalınızı bəndəyə yazınız. Söz verirəm ki, həman saat Sizə cavab yazam. Heyf ki, indiyədək mümkün olmayıb Siz ilə müxabirədə bulunmaq və İranın əhvalatını necə ki, lazımdır, bilmək.

Seyid Cavad ağa bir kitab istəmişdi, götürdüm.
Sizi həmişə istəyən Cəlil.
Faiq əfəndinin duası var.

Mənbə: https://bit.ly/2RpcKRU
OXŞAR XƏBƏRLƏR:

24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
13.03.20 PAŞA KƏRİMOV MƏDƏNİYYƏT TV-DƏ ƏLYAZMALARIN BƏRPASI VƏ QORUNMASININ ƏHƏMİYYƏTİNDƏN DANIŞIB
30.01.20 ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla