ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİNİN QEYD OLUNMASI İLƏ BAĞLI QƏRAR QƏBUL OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİNİN QEYD OLUNMASI İLƏ BAĞLI QƏRAR QƏBUL OLUNUB

19.05.20. Oxunma sayı: 52 TƏDBİRLƏR
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Elmi şuranın sədri, akademik İsa Həbibbəyli, şura üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər. İclası akademik İsa Həbibbəyli açaraq müzakirə olunacaq məsələlər barədə iştirakçılara məlumat verib. O, ötən müddət ərzində AMEA-nın fəaliyyətinin xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun davam etdirildiyini və bir sıra beynəlxalq onlayn konfransların keçirildiyini bildirib. Çıxışını postpandemiya dövrünün çağırışları, humanitar və ictimai elmlərin vəzifələri mövzusunda davam etdirən alim AMEA rəhbərinin sözügeden məsələ ilə bağlı açıqlamasını xatırladıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən Fəlsəfə və İqtisadiyyat institutlarına pandemiyanın yaratdığı sosial-psixoloji və iqtisadi problemlərin dərindən öyrənilməsi, postpandemiya dövrü ilə əlaqədar təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunması barədə tapşırıqlar verilib. İ.Həbibbəyli postpandemiya dövründə tibbi avadanlıqların, dərmanların ölkəmizdə istehsal edilməsinin zəruriliyini vurğulayıb, eləcə də pandemiya dövrünün qəhrəmanları olan həkimlərə, polislərə həsr olunan ədəbi əsərlərin yazılmasının önəmini bildirib. Prezident İlham Əliyevin ölkəmizin pandemiyadan az itkilərlə çıxması istiqamətində ardıcıl və məqsədli addımlar atdığını xatırladan AMEA-nın birinci vitse-prezidenti Azərbaycan ziyalılarının bu siyasəti tam dəstəklədiyini söyləyib, postpandemiya dövrü ilə əlaqədar təkliflərin ümumiləşdirilərək Rəyasət Heyətinə təqdim edilməsi barədə tapşırıq verib. Mövzu ətrafında akademiklər Möhsün Nağısoylu, Gövhər Baxşəliyeva, Teymur Kərimli, Muxtar İmanov, Şahin Mustafayev, Nərgiz Axundova, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Ərtegin Salamzadə, Könül Bünyadzadə, professorlar Nazim İmanov, İlham Məmmədzadə və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər. İclasda, həmçinin ölkə başçısının “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” və “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamları və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb. Müzakirələr nəticəsində görkəmli yazıçıların həyat və fəaliyyəti haqqında yeni nəşrlərin hazırlanması, mütəmadi mətbuatda məqalələrin dərc edilməsi və iyun ayında onlayn konfransların keçirilməsi qərarlaşdırılıb. Bundan əlavə, Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində 2019-2020-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunaraq təsdiqlənib. Eyni zamanda, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70, akademik Ziyad Səmədzadənin 80, professor Maisə Rəhimovanın 75 illik yubileyləri münasibətilə müvafiq qərarlar qəbul olunub.
OXŞAR XƏBƏRLƏR:

18.01.20 MƏNƏVİ İRSİMİZİN YORULMAZ TƏDQİQATÇISI
10.08.19 YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
02.10.18 AKADEMİK TEYMUR KƏRİMLİ-65

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla