ƏLYAZMALAR İNSTİTUTUNUN SAXLANCLARINDA MÖVSÜMİ DEZİNFEKSİYA İŞLƏRİ APARILIR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN SAXLANCLARINDA MÖVSÜMİ DEZİNFEKSİYA İŞLƏRİ APARILIR

14.05.20. Oxunma sayı: 110 TƏDBİRLƏR
Bildiyimiz kimi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun saxlanclarında əlyazma əsərlər ilə yanaşı, nadir daşbasma kitabları, Azərbaycanın elm və mədəniyyət xadimlərinin şəxsi arxiv materialları, əski mətbuat nümunələri, tarixi-arxeoqrafik sənədlər və digər qiymətli materiallar mühafizə olunmaqdadır.
Bu qiymətli materialları gələcək nəslə ən yaxşı vəziyyətdə ötürmək məqsədi ilə onları ətraf mühitin təsirindən qorumaq, saxlanclarda ehtiyac duyulan ortaq hərarət və nisbi rütubəti təmin etmək, yaradılmış mikromühiti optimal səviyyədə tutmaq, yazılı abidələri zərərverici mikroorqanizmlərin təsirindən qorumaq üçün institutun Əlyazmaların gigiyenası və bərpa laboratoriyası tərəfindən müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirilir.
Əlyazmalar İnstitutunun alimləri tərəfində aparılan tədqiqatlar göstərir ki, bu orqanizmlərin mikroskopla görünən sporları çox kiçik və yüngül olduğundan daim bizi əhatə edən aləmdə havada “dolaşır” və məhsuldar mühit yarandıqda münasib substrat üzərində inkişaf etməyə başlayır. Müşahidələr göstərir ki, xəzinələrin havasının hər 1 m³-də 800-dən 1500-ə qədər göbələk və bakteriya sporunun olması mümkündür. Xüsusi ilə yaz aylarında hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq bəhsi gedən mikroorqanizmlərdə hərəkətlənmələr olur.
Hal-hazırda institutun saxlanclarında havanın hərarəti qənaətbəxşdir və nisbi rütubət göstəriciləri optimal səviyyəyə gətirilib. Buna baxmayaraq, ehtiyatı əldən verməmək, qiymətli materialları ziyanvericilərin əks təsirindən qorumaq məqsədi ilə mayın 13-də Əlyazmalar İnstitutunun elmi fondlarının - əlyazma, sənəd, mətbuat və kitab saxlanclarının illik plana uyğun mövsümi dezinfeksiyası həyata keçirilib, lazımi qabaqlayıcı təbirlər görülüb.
Göstərilən tədbirlər çərçivəsində əlyazma, arxiv və şəxsi fondların saxlancları ilə yanaşı, Kitabxana və elmi informasiya şöbəsində, Kitabların gigiyenası və bərpası laboratoriyasında, İnstitutun Elmi arxivində də kağız, dəri və oxşar material zərərvericilərinə qarşı xüsusi kimyəvi preparatlardan istifadə etməklə dərmanlama prosesi həyata keçirilib.
Qeyd edək ki, növbəti dərmanlama işi saxlanclardakı mövcud vəziyyətlaboratoriya əməkdaşları tərəfindən təhlil olunduqdan sonra, temperatur göstəriciləri nəzərə alınmaqla uyğun vaxtda həyata keçiriləcəkdir.


OXŞAR XƏBƏRLƏR:

22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
10.08.19 YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla