ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB

01.05.20. Oxunma sayı: 325 TƏDBİRLƏR
1 may 2020-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Xarici əlaqələr İdarəsinin təşkilatçılığı ilə AMEA elmi tədqiqat institutlarının və əlaqədar müəssisələrin beynəlxalq əlaqələrə məsul şəxslərinin onlayn elmi iclası keçirilib. İclasda son 4 ay ərzində AMEA müəssisələrində beynəlxalq elmi və elmi-mədəni əlaqələr sahəsində görülmüş işlər müzakirə edilib.

İdarə rəisi biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayevanın sədrliyi ilə keçən iclasda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova təmsil edib.

N.Babaxanova diqqətə çatdırıb ki, növbədənkənar məzuniyyət dövründə Əlyazmalar İnstitutunun beynəlxalq fəaliyyəti nisbətən məhdudlaşsa da, dayanmayıb.


Sözügedən dövr ərzində İnstitut beynəlxalq əlaqələri 4 əsas istiqamətdə qurub:
  1. Xarici əlyazma xəzinələrində Azərbaycana aid qədim əlyazmaların tapılması və əldə olunması
  2. İnstitutun üzv olduğu və digər beynəlxalq təşkilatlarla əlaqələr
  3. Beynəlxalq informasiya-kitab mübadiləsi
  4. Beynəlxalq nəşr fəaliyyəti
Birinci istiqamət üzrə 2 iş həyata keçirilib:
  1. Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutu ilə əldə olunmuş razılaşmaya əsasən Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsinin surəti əldə olunub.
  2. XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanan əlyazmasınn elektron surəti əldə olunub.
İkinci istiqamət üzrə:
  1. İnstitutun üzvü olduğu Beynəlxalq İslam Əlyazmaları təşkilatı və Beynəlxalq Əlyazmalar Cəmiyyəti ilə yazışmalar davam etdirilib baş tutub. Beynəlxalq İslam Əlyazmaları təşkilatının bu ilin sentyabrında Qahirədə keçiriləcək illik konfransında Əlyazmalar İnstitutunun təmsil olunması ilə bağlı razılaşma əldə olunub. Beynəlxalq Əlyazmalar Cəmiyyətinin isə icmal vebinarı keçirilib və şöbə müdiri həmin vebinara qatılıb. Həmçinin Cəmiyyətin bülletenlərinin onlayn nüsxələri əldə olunub.
  2. Avropa Birliyinin IndexCopernicus elmmetrik təşkilatı ilə əlaqələr davam etdirilib və İnstitutun “Əlyazmalar yanmır” jurnalının həmin bazada indeksləşdirilməsi üçün lazımi sənədlər toplanılaraq yekun rəyə təqdim olunub.
Üçüncü istiqamət üzrə:
  1. İnstitutun bir sıra nəşrlərinin elektron nüsxələri dünyanın aparıcı kitabxanalarına təqdim olunub. Eyni zamanda, həmin kitablarGoogle Books, Goodreads, Open Library, Many books kimi platformalara əlavə edilib.
  2. Bu müddət ərzində dünyanın nüfuzlu kitabxanaları ilə mövcud olan əməkdaşlıq razılaşmalarına əsasən elmi tədqiqatların beynəlxalq informasiya təminatı həyata keçirilib. Belə ki, müvafiq informasiya tələbatı olan əməkdaşlar xarici mənbələrdən əldə olunmuş bir sıra elektron kitab və əlyazmalarla ilə təmin olunublar. Bununla bağlı, əsasən Rusiya Şərqşünaslıq İnstitutuna, Konqres kitabxanasına və Paris Milli Kitabxanasına elektron sorğular göndərilib və müsbət cavablar alınıb.
Sözügedən dövr ərzində İnstitutun beynəlxalq nəşr istiqaməti üzrə də fəaliyyəti olub:
  1. Belə ki, Sarayevo Universitetinin türkologiya fakültəsi ilə birlikdə İmadəddin Nəsiminin seçilmiş şeirlərini boşnak dilində çap olunub. Şöbə müdiri həmin nəşrin beynəlxalq məsləhətçisi olub.
  2. Bir neçə əməkdaşın məqaləsi çap olunmaq üçün Web of Science və Scopus indeksli jurnallara, eləcə də başqa nüfuzlu elmi nəşrlərə təqdim olunub. İki əməkdaş Avropa ölkələrində keçirilmiş onlayn elmi konfransa qatılıb. Əməkdaşlardan biri isə oktyabrda Polşada keçiriləcək beynəlxalq konfransa məruzəçi kimi dəvət alıb.
  3. “Əlyazmalar yanmır” jurnalının ingilis dilində xüsusi buraxılışı (2019) Google Scholar və SemanticScholar elmmetrik bazalarında tam şəkildə indeksləşdirilib.



OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla