SƏDRƏDDİN BƏLAĞİNİN “QURAN HEKAYƏTLƏRİ” ƏSƏRİ YENİ REDAKSİYADA ÇAPA TƏQDİM OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



SƏDRƏDDİN BƏLAĞİNİN “QURAN HEKAYƏTLƏRİ” ƏSƏRİ YENİ REDAKSİYADA ÇAPA TƏQDİM OLUNUB

17.04.20. Oxunma sayı: 154 NƏŞRLƏR
Bu günlərdə tanınmış islamşünas Sədrəddin Bəlağinin “Quran hekayətləri” əsəri yeni redaksiyada çapa təqdim olunub. Sədrəddin Bəlağinin bu əsərini farscadan dilimizə tərcümə edən akademik Möhsün Nağısoylu, onu kitab halında tərtib edib, nəşrə hazırlayan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitabların tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Qeyd edək ki, tərcümənin redaktoru “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı, kitabın elmi redaktoru isə “Əlyazmaların və əski çap kitabların tərcüməsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilovadır.Nəşrin korrektoru həmin şöbənin böyük elmi işçisi Sona Cabbarzadədir.
Görkəmli İslam alimi Sədrəddin Bəlaği “Quran qissələri” – “Quran hekayətləri” əsərini çağdaş oxucularda bu müqəddəs kitabdakı hekayətlər haqqında düzgün və dolğun təsəvvür yaratmaq məqsədilə qələmə almışdır. Kitab iki hissədən ibarətdir. Onun həcmcə daha böyük olan birinci hissəsini Quran hekayətləri təşkil edir. Müəllif Qurandakı məlum süjetləri yazıçı təxəyyülü ilə oxunaqlı, maraqlı bir şəkildə, yüksək bədii üslubda, qısa və yığcam qələmə almışdır. Hekayətlər tarixilik baxımından böyük bir dövrü əhatə edir: bəşərin ulu babası Adəm peyğəmbərin macərası ilə başlayır və dünyanın sonuncu peyğəmbəri Həzrət Məhəmmədin (s.) doğum ilində baş vermiş “Әshabi-fil” hadisəsi ilə bitir. Hər bir hekayətin başlanğıcında onun Qurani-Kərimin hansı surəsindən götürüldüyü qeyd olunur və ayələrin sıra sayları ilə göstərilir.
Hekayətlərin böyük bir qismini ulu peyğəmbərlərdən İbrahim peyğəmbərin, Yusif peyğəmbərin və Musa peyğəmbərin başına gələn əhvalatlar təşkil edir. Lakin S.Bəlaği gözəllik, sədaqət rəmzi olan Yusif peyğəmbərin başına gələnləri daha təsirli bir dillə, canlı şəkildə, böyük ustalıqla qələmə almışdır. Bu hekayətləri oxuduqdan sonra Qurandakı bir sıra incə mətləblər oxucular üçün daha aydın, daha anlaşıqlı olacaqdır.
Kitabın ikinci hissəsi olan “Lüğət”in xüsusilə böyük əhəmiyyəti vardır. Ensiklopedik mahiyyət daşıyan bu zəngin lüğətdə Quranda adı çəkilmiş, haqqında danışılmış peyğəmbərlər, hekayətlərdəki ayrı-ayrı surətlər, təsvir olunmuş hadisələr, onların cərəyan etdiyi yerlər haqqında məlumat verilir, ayrı-ayrı dini məfhum və anlayışların mahiyyəti yığcam şəkildə açıqlanır. Müəllif kitabın “Lüğət” hissəsində yeri gəldikcə Qurandan çoxlu ayələr və misallar gətirmiş, onların izahını vermişdir.
Sədrəddin Bəlaği təqdim olunan “Quran hekayətləri” əsərinə yazdığı qısa “Ön söz”ündə qeyd edir ki, bəşər övladının enişli-yoxuşlu həyatını əks etdirən bu dəyərli və ibrətli hekayətlər bugünkü insanların da həyat yoluna işıq salmalı, onlar üçün əvəzsiz örnək olmalıdır.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla