ƏLAƏDDİN SABİT BOSNƏVİNİN “ƏDHƏM VƏ HÜMA” MƏSNƏVİSİ” ADLI KİTAB ÇAPA TƏQDİM OLUNUB » Əlyazmalar İnstitutu



ƏLAƏDDİN SABİT BOSNƏVİNİN “ƏDHƏM VƏ HÜMA” MƏSNƏVİSİ” ADLI KİTAB ÇAPA TƏQDİM OLUNUB

15.04.20. Oxunma sayı: 298 NƏŞRLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Şəhla Xəlillinin “Əlaəddin Sabit Bosnəvinin “Ədhəm və Hüma” məsnəvisi” adlı kitabı çapa təqdim olunub. Kitabda Ələddin Sabit Bosnəvinin həyat-yaradıcılığı və “Ədhəm və Hüma” məsnəvisindən bəhs olunur. Sabitin əsərləri Azırbaycanda ilk dəfədir ki, elmi tədqiqata cəlb edilir. Bundan əlavə, adıgedən kitabda müəllifin “Ədhəm və Hüma” məsnəvisi altı nüsxə əsasında tekstoloji müqayisə edilərək transfoneliterasiya olunub.
Qeyd edək ki, türk ədəbiyyatının görkəmli nümayəndəsi Əlaəddin Sabit Bosnəvi XVII əsrin sonu XVIII əsrin əvvəllərində Balkanlarda yaşamışdır. Təzkirələrdə və digər əski qaynaqlarda onun həyat-yaradıcılığı haqqında məlumatlara rast gəlinir. Azərbaycan ədəbiyyatına gəldikdə isə Sabit haqqında ilkin məlumat Asiya Məmmədovanın 1961-ci ildə “Ələaddin Sabitin avtoqraf külliyyatı” adlı kiçik həcmli məqaləsində verilib. İlk sistemləşdirilmiş məlumat isə Əlyazmalar İnstitutunun şöbə müdiri fil.e.d., professor Azadə Musayevanın “Üziçeli Alaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin sistemləşdirilmiş bilgilər” adlı məqaləsində öz əksini tapıb.
Kitabda müqayisəli tədqiqata cəlb olunan “Ədhəm və Hüma” əsəri Əlaəddin Sabit Bosnəvinin yarımçıq məsnəvisidir. Məsnəvi əruz vəzninin xəfif bəhrində, fəilatün, məfailün, fəilün qəlibində yazılmışdır. Salimin yazdığına görə, bu məsnəvi Əlaəddin Sabit Bosnəvinin meydana gətirmək istədiyi “Xəmsə”nin ilk əsəridir.
Sabit “Külliyyat”ının nüsxələrində kifayət qədər məqsədli və ya təsadüfixətalar, nöqsanlar mövcuddur. Kitabda mətnşünaslığın tələbləri nəzərə alınaraq bu nüsxələr müqayisəli şəkildə təhlil olunmuşdur. Əldə olunmuş əlyazma nüsxələri əsasında aparılan təhlil nəticəsində üzə çıxarılan faktlar elmi-tənqidi mətnin hazırlanmasında xüsusi əhəmiyyət ifadə edir.


OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla